Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Araşdırma / “General 100 min istəyir” dedilər, o isə 2 min “şirinlik” təklif etdi

“General 100 min istəyir” dedilər, o isə 2 min “şirinlik” təklif etdi

Ləğv edilmiş MTN-nin əməkdaşlarının törətdikləri cinayət əməllərindən daha birinin təfərrüatları məlum olub. “MTN maskalıları”nın iş adamları və məmurlarla yanaşı, kiçik sahibkarların da puluna qənim kəsildiyi məlum olub. Onlar telefon aksessurlarının satışı ilə məşğul olan sahibkarı qaçaqmalçılıqda ittiham edərək 100 min manat tələb ediblər.
Musavat.com xəbər verir ki, ləğv edilmiş MTN-nin vəzifəli şəxslərinə qarşı açılmış cinayət işinin materiallarında zərərçəkmiş şəxs qismində Hüseynov Fuad Teymur oğlu da tanınıb.
Fuad Hüseynov istintaqa zərərçəkmiş şəxs kimi ifadə verərkən deyib ki, 2004-cü ildən mobil telefonların aksessuarlarının satışı ilə məşğul olub. Birləşmiş Ərəb Əmirliyindən 2-3 aydan bir karqo ilə mobil telefon aksessuarları alaraq Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən mağazasında satırmış.

Brend mal axtaran MTN əməkdaşları

Mağazada 3 satıcısının olduğunu deyən sahibkar bildirib ki, 2015-ci ilin avqust ayında mağazaya tanımadığı bir şəxs müştəri kimi daxil oub və mobil aksessuarların “Avropanın brend malı” olub-olmamasını soruşub. Malların hamısının Çin istehsalı olduğu cavabını alan “müştəri” mağazanı tərk edib.
Bundan bir neçə dəqiqə sonra isə mağazaya MTN əməkdaşları daxil olub. Onların yanında bir neçə dəqiqə əvvəl mağazaya müştəri kimi daxil olan şəxs də olub.
“3 nəfər əvvəllər tanımadığım şəxs mağazaya gəldilər. Onlardan biri özünü MTN-nin Bəxtiyar adlı əməkdaşı kimi təqdim etdi. İdarəyə getməli olduğumu dedi. Onlar gəldikləri “Land Rover” markalı, ”Diskovery” modelli maşınla məni MTN-nin Səbail rayon şəbəsinə apardılar. İdarəyə daxil olanda MTN-in təhqiqatçısı kimi özünü təqdim edən şəxsi gördüm. Mənə bir izahat protokolu verib, izahat yazmağımı istədi. Məndən telefon aksessuarlarının Dubaydan hansı qaydada gətirdiyimi, hansı qaydada pulun köçürüldüyünü, hansı dövlətlərdə olduğumu və xarici xüsusi xidmət orqanları ilə əlaqələrimin olub-olmadığını soruşdu. Həmçinin maliyyə vəziyyətim barədə də sullar verdi. Mən də suallara tam ətraflı cavab verdim” – deyə sahibkar MTN-də başına gələnləri danışarkən bildirib.
Sahibkar istintaqda deyib ki, sual-cavab başa çatdıqdan sonra hədə-qorxular başlayıb.

“Cənab general 100 min manat pul istəyir”

Sahibkar ifadəsində deyib: “Mənə hədə-qorxu gələrək Dubaydan gətirdiyim malların uyğunluq sertifikatı və mədaxil sənədlərinin olmadığını bildirdilər. Buna görə də cinayət məsuliyyətinə cəlb ediləcəyimi söylədilər. Qorxduğum üçün Bəxtiyara onunla söhbət etmək istədiyimi dedim. Sonra məni Bəxtiyarın otağına apardılar. Bəxtiyarla təklikdə söhbət etdim. O, dedi ki, bu general rütbəli nazir müavinlərinin birinin sifarişidir. Bəxtiyar “cənab general 100 min manat pul istəyir” dedi”.
“MTN mafiyası”nin digər cinayət əməllərində olduğu kimi, bu dəfə də sahibkara “güzəşt” edilib.

2 minlik şirinlik…

100 min manat pulunun olmadığını deyən sahibkar, ancaq 2 min manat şirinlik verə biləcəyini MTN zabitinə deyib: “Bundan sonra onunla məbləğ barədə uzun müddət söhbət apardıq. Sonda 12 min manata razılaşdıq”.
MTN zabiti sahibkardan alınan 12 min manatdan 10 minin nazirliyə, 2 min manatının isə onlara çatacağını deyib. Həmin gün axşam saatlarında buraxılan sahibkara hər bayram şirinlik verməli olduğunu da söyləyiblər: “Bəxtiyar dedi ki, bayramdan-bayrama Səbail  rayon şöbəsinə pul verməliyəm. Ertəsi gün saat 12 radələrində MTN-nin Səbail rayon şəbəsinin əməkdaşı mənə zəng edib, pulun hazır olub-olmamasını soruşdu. 1 saata hazır olacağını dedim. 1 saat sonra şöbəyə getdim. Bəxtiyara zəng edib, pulu gətirdiyimi dedim. Pulu işçilərdən birinə verməyimi istədi. Sonradan bildim ki, Bəxtiyar MTN-nin Səbail rayon şəbəsinin İqtisadi Cinayətkarlığa qarşı bölməsinin rəisidir”.
Bir müddət sonra MTN əməkdaşlarının yenidən mağazaya gəldiyini deyən sahibkar qeyd edib ki, həmin şəxslərdən biri Bəxtiyar olub: “Mən mağazada yox idim. Bəxtiyar zəng edib yayda onlarla görüşmədiyimi dedi. Bildirdi ki, rəisləri görüşməyimizi istəyir. Bəxtiyara avqust ayında onlarla görüşdüyümü dedim. Bəxtiyar rəisi ilə danışacağını və vaxtı uzadacağını bildirdi”.
İstintaq zamanı şahid qismində DTX zabiti Axundov Zaur Muxtar oğlu da dindirilib.

DTX zabitinin ifadəsi

O, ifadəsində 2016-ci ilin fevral ayından DTX-nın II baş idarəsinin I idarəsinin III şöbəsinin mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsinə təyin olunduğunu deyib. Sahibkarın zərərçəkməsi ilə bağlı danışan Zaur Axundov  qeyd edib ki, onun icraatında 2015-ci ildə MTN-nin Əks-kəşfiyyat baş idarəsində xidmət edən zaman daxil olmuş əməliyyat məlumatı əsasında sahibkar Fuad Hüseynovun Dubay və Çindən telefon aksessuarlarının Gürcüstana, orada isə qaçaq yolla Azərbaycana gətirməsi barədə siqnal işi olub.
Əməliyyat məlumatları arasında Fuad Hüsyenovun Gürcüstanın xüsusi xidmət orqanları ilə şübhəli əlaqələrinin olduğunu da deyən DTX zabiti buna görə də onun barəsində araşdırmalar aparıldığını söyləyib. Z.Axundov əlavə edib ki, bu yoxlamalar zamanı heç bir şübhəli və qanunsuz əməllə rastlaşmayıb. Bu səbəbdən də sahibkarla görüşü və əlaqəsi olmayıb. DTX zabiti onu da bildirib ki, sahibkarın telefon nömrəsi ləğv edilmiş MTN-in Monitorinq Mərkəzində nəzarətə qoyulubmuş.
Qeyd edək ki, həbs edilən MTN zabitləri qulluq mövqelərindən sui-istifadə etməkdə, gizli qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan ayrı-ayrı şəxslərin telefon danışıqlarını dinləməkdə, çoxsaylı sahibkarların külli miqdarda əmlaklarını ələ keçirməkdə, bu əməllərində odlu silahdan istifadə etməkdə, vətəndaşlara qarşı zorakılıqda, sahibkarların və digər vəzifəli şəxslərin qanunsuz azadlıqdan məhrum edilməsində təqsirləndirilirlər.

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …

Bir cavab yazın