Cümə , Noyabr 15 2019
Ana səhifə / Araşdırma / Eldar Mahmudovun eyvanının altında öldürülən general

Eldar Mahmudovun eyvanının altında öldürülən general

Komandanı kim və niyə aradan götürdü; müdafiə nazirinin sabiq müavini Rail Rzayevin qətlinin 8 ildir qapalı qalmasının sirri…

 
Fevralın 11-də müdafiə nazirinin sabiq müavini, Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHQ HHMQ) keçmiş komandanı, general-leytenant Rail Rzayevin qətlə yetirilməsinin 8-ci ildönümü tamamlanır. Rail Rzayev öldürüldüyü günə qədər müdafiə nazirinin müavini, HHQ HHMQ komandanı vəzifəsini tuturdu. 
R.Rzayev tutduğu vəzifələrdən asılı olmayaraq, o özünü daim səriştəli və bacarıqlı hərbçi, yüksək peşəkarlığa və təşkilatçılıq qabiliyyətinə malik təcrübəli komandir kimi tanıtmışdı. Onun müstəqil Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının yaradılması və formalaşdırılmasında böyük əməyi olub. R.Rzayevin Vətən qarşısında xidmətləri yüksək qiymətləndirilib. O, bir sıra orden və medallara layiq görülüb, o cümlədən Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib…
***
Qətldən ötən illər ərzində bu sualın cavabı faktiki olaraq verilməyib. Qətl törədilən andan müəmmalı proseslər baş verib, R.Rzayev qətlə yetirilərkən onun birbaşa rəhbəri olan müdafiə naziri Səfər Əbiyevin addımları çoxsaylı suallar yaradıb. 2009-cu il fevralın 11-də Rail Rzayev öldürüləndən sonra Səfər Əbiyevin Bakıda olmadığı haqda rəsmi məlumat yayıldı. Sabiq naziri öz müavininin 3 mərasimində də görən olmadı. R.Rzayevin 7 mərasimi və 40 mərasimi də beləcə keçdi. Səfər Əbiyev müavininin yasına getmədi, heç onun qətlinin üstünün açılması üçün də hansısa addımlar atmadı, danışmadı. Hər halda, Səfər Əbiyevin belə bir təşəbbüslə çıxış etməsini eşidən olmayıb.
Image result for Rail Rzayev
R.Rzayev səhər 07:30-da işə gedərkən evinin yaxınlığında, xidməti avtomobilində başına açılan atəşlə öldürülüb. Əvvəlki illərdə yazmışdıq, bir də yada salaq. Generalı həmin gün tələm-tələsik, çox sürətlə dəfn etdilər. Bu tələskənliyi şərtləndirən nə idi, niyə belə edirdilər, bilinmirdi. Qətllə maraqlanan hər kəsdə belə fikir formalaşmışdı ki, Rail Rzayevin qəbri öldürülməsindən xeyli əvvəl qazılıb hazırlanıb və dəfn yeri sahibini içinə yerləşdiriləcəyi günü gözləyib.
 
Qətlin növbəti günü beyinlərə hakim kəsilən bu fikir təsdiqləndi – xəbər yayıldı ki, R.Rzayevin qəbri hələ o öldürülməzdən əvvəl qazılıb. Qəbr yerini özü seçib və alıb. 64 yaşı olan, həyat dolu bir general-leytenantı ölüm haqda düşünməyə vadar edən nə, hansı hadisə olmuşdu? 
Bu gün artıq dəqiq bilinir ki, R.Rzayev ölümündən az müddət əvvəl II Fəxri Xiyabana gedərək özünə qəbir yeri sifariş verib. Həmin yer 2005-ci ildə sifarişlə qətlə yetirilən “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun məzarının iki addımlığında yerləşir.
Rail Rzayevin məzarı üstündən Elmar Hüseynovun uyuduğu qəbir ovuc içindəki kimi görünür. “R.Rzayev qəbir yerini təsadüfən seçmişdi, yoxsa bilərəkdən məhz oranı almışdı” sualı da açıqdır.
 
Image result for Səfər Əbiyev
O dövrdə belə bir xəbər vardı ki, Rail Rzayev qətlə yetirilməzdən 1 həftə əvvəl onun olduğu xidməti maşına odlu silahdan atəş açılıb. Hadisə şəhərin ortasında, günün günorta çağı baş verib. R.Rzayev bu haqda raportla birbaşa rəhbəri Səfər Əbiyevə məlumat verib, tədbir görülməsini istəyib, MTN-i məlumatlandırıb.
Qətldən sonra Nəcməddin Sadıkov bu məlumatı təsdiqləyən açıqlama verdi. “Röyters”ə müsahibəsində dedi ki, Rail Rzayevin qətlindən 1 həftə əvvəldən izləndiyi haqda məlumatlı olublar. Müavini öldürüləndən sonra Səfər Əbiyevin sorağı Dubaydan, oradakı silah sərgisindən gəldi. S.Əbiyev gözlənilənlərin əksinə olaraq 18 il müddətində onun müavini olmuş şəxsin, öldürülən general-leytenantın dəfninə, yas mərasiminə qatılmadı.
Onun dəfn mərasiminə nazirlərdən heç kim gəlmədi. Qətldən sonra Təhlükəsizlik Şurasının iclası çağırıldı. O dövrdə milli təhlükəsizlik naziri postunu tutan Eldar Mahmudovu iclasda müavini təmsil etdi. “Eldar Mahmudov haradadır” sualına cavab almaq üçün MTN-ə verdiyimiz sorğular da cavabsız qaldı.
Image result for Nəcməddin Sadıkov
Həmin iclasda amansız cinayətin tezliklə açılması üçün xüsusi əməliyyat-istintaq qrupunun yaradılması, ən peşəkar əməliyyatçı və istintaqçıların ora daxil edilməsi tapşırığı verilmişdi. İclası telekanallar vasitəsi ilə izləyənlərdə belə təəssürat yaranmışdı ki, tezliklə ölkənin hava məkanına cavabdeh olan general-leytenantın qətlinin üstü açılacaq. Rail Rzayevə açılan atəş əslində ölkəmizin təhlükəsizliyinə atılan güllə idi.
Qətlin üstünün açılması üçün ilkin şərtlər də vardı – qətl Beynəlxalq Bankın İnşaatçılar prospektindəki ofisinin arxasında, binanın təhlükəsizlik videokameralarının əhatə dairəsində törədilib. Həmin çoxmərtəbəli binanın 2-ci mərtəbəsi bütünlüklə Eldar Mahmudovun ixtiyarında idi. Kameraların yaddaşına düşən qatilin paytaxt boyu hər addımda olan nəzarət kameraları vasitəsi ilə izlənməsi və müəyyən edilməsi elə də müşkül olmalı deyildi.  Amma günlər aylarda cəmlənib, illərə çevrildikcə bu təəssürat sabun köpüyünə döndü, aradan qalxdı. 
 
Image result for Eldar Mahmudov
Eldar Mahmudov eyvanın altında öldürülən general-leytenantın qətli haqda nə deyib? Maraqlıdır ki, amansız cinayətdən 2 ay ötəndən sonra milli təhlükəsizlik naziri Eldar Mahmudov “Zerkalo” qəzetinə müsahibəsində iş üzrə 4 versiyanı dilə gətirmişdi. O, versiyaları konkretləşdirməsə də, ehtimallar sonradan mətbuatda dərc olundu.
İlkin versiya bu idi ki, general tikinti biznesi ilə bağlı öldürülüb. Bu versiyanın tərəfdarları deyirdi ki, Rzayevin tikinti sektorundakı fəaliyyəti bu sahəni monopoliyaya alan qüvvənin planları ilə üst-üstə düşməyib.
İkinci versiya bu idi ki, general şimal qonşumuzun geosiyasi maraqlarının qurbanı olub. Sonradan da bu versiyanı dəstəkləyən bir neçə xəbər yayıldı. 3-cü versiya kimi isə qətldən 20 gün sonra generalın ailə münaqişəsi zəminində öldürülməsi xəbəri də yayılmışdı. Bu xəbərləri dəstəkləyən fakt isə Rzayevin əmlakı ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə qətli araşdıran istintaq qrupu tərəfindən sorğu göndərilməsi olmuşdu.
İstintaqın generalın ikinci həyat yoldaşının yaxını tərəfindən öldürülməsi versiyasını əsas götürməsi ilə bağlı xəbərlər də mediaya gəlirdi. Orada deyilirdi ki, Rzayevin iki ailəsi olub. General birinci ailəsini ölümündən xeyli əvvəl İsrailə göndərib. Özü də ora getmək fikrində olub. Hətta qətlindən sonra istintaqçılar Rzayevin iş yerində sənədləri yoxlayarkən onun adına rəsmiləşdirilmiş, İsrailə uçmaq üçün aldığı aviabilet də tapıb. Biletin üzərindəki tarix fevralın 12-si olub.
Digər versiya isə generalın hakimiyyətdə təmsil olunan generallarla mübahisəsinin nəticəsində aradan götürülməsidir. Şərti olaraq sonuncu versiya isə Rzayevin silah alveri ilə bağlı öldürülməsinə bağlanırdı. Bu versiyaya görə, silah alverindən əldə olunan gəlirin bir hissəsi yoxa çıxıb. Bunun hesabını isə Rzayevdən soracaqlarmış. Bu alverdə əli olanlar generalı aradan götürüb özlərini sorğu-sualdan yayındıra bilərdilər.
ABŞ səfirinin versiyaları…
“WikiLeaks” saytının açıqladığı sənədlər sırasında  R.Rzayevin qətli ilə bağlı ABŞ-ın ölkəmizdə səfiri olmuş Enn Dersinin Vaşinqtona yolladığı teleqram da var. Diplomatın Vaşinqtona yazdığı məktubda BMT-nin narkotiklərə qarşı mübarizə proqramının regional mərkəz təmsilçilərinin ABŞ səfirliyinin əməkdaşları ilə keçirilən görüşündən bəhs edilir. Dersi Azərbaycandan ötürülən narkotiklər barədə yazır ki, BMT-nin regional mərkəzinin Bakı təmsilçiliyinin hesabatına görə, İran ərazisindən Azərbaycana daxil olan narkotik maddələrin həcmində artım müşahidə olunub. Azərbaycan hökumətinin apardığı işlər nəticəsində ələ keçirilən narkotik maddələrin çəkisi 250 kiloqrama çatıb. Lakin bu, İrandan Azərbaycana daxil olan narkotik maddələrin yalnız 5 faizini təşkil edir. İrandan Azərbaycana daxil olan narkotik maddələrin 95 faizinin hamısı Avropa bazarlarına çatıb.
Enn Dersinin 2009-cu il 13 fevral tarixli məxfi teleqramında Rail Rzayevin qətlinə dair qeydlər yer alır. Amerikalı diplomat general Rzayevin qətliylə bağlı irəli sürülən versiyalara toxunub: “Generalın öldürülməsiylə əlaqədar müxtəlif versiyalar gündəmə gəlib. Rauf Mirqədirov kimi siyasi şərhçilər Rzayevin qətlində Rusiyanın əlinin olduğunu ehtimal edir. Onun fikrincə, Rusiya generalın qətliylə Azərbaycanda ictimai sabitliyi pozmaqda maraqlı ola bilər”.
HHQ-nin komandanının qətliylə bağlı ikinci ehtimala toxunan Enn Dersi qeyd edir ki, bu, Rzayevin şəxsi biznes maraqlarına görə öldürülməsidir. Bir neçə diplomatik mənbə Rail Rzayevin hərbi hava qüvvələrinin texniki təchizatında apardığı uğursuz “islahatlar” üzündən sui-qəsdə uğradığını söyləyir. Diplomat daha sonra yazır ki, hələ 2004-cü ildə yayılmış xəbərlərdə Rail Rzayevin hərbi hava qüvvələrinin əmlakından şəxsi maraqları naminə istifadə etdiyi deyilirdi.
Rail Rzayevin qətliylə bağlı daha geniş yayılan iddiaya istinad edən Enn Dersi həmin ehtimalın daha inandırıcı olduğunu yazır: “Sonuncu ehtimal isə daha çox inandırıcı görünür. Generalın hakimiyyətdaxili qruplaşmalardan birinin və ya yüksək vəzifə daşıyan şəxsin göstərişi ilə öldürülməsi versiyası digər iddialarla müqayisədə daha inandırıcıdır. Onun qətlə yetirilməsi prosesi və zərərçəkmişin hərəkət qrafikinin dəqiq seçilməsi qətli sifariş verən və ya verənlərin hökumət daxilində yüksək səviyyəli mənbələrə sahib olduğuna işarədir”.
Versiyaları araşdırmaq istintaqın işidir. Amma görünür, istintaqçıların öz işini görmək üçün kifayət qədər vaxtları olsa da, generalın qətlini açmaqda nədənsə aciz qalıblar. 

Həmçinin oxuyun

Mustafa Kamal Atatürk Britaniya kəşfiyyatının hesabatlarında: onun haqqında nə deyilirdi? – ARAŞDIRMA

Bundan 100 il əvvəl hazırlanmış kəşfiyyat hesabatlarından görünür ki, Mustafa Kamal Atatürk 1919-cu ilin may …

Bir cavab yazın