Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Dubayda oğurlanan azərbaycanlı uşağın taleyi ilə bağlı yeni təfərrüat

Dubayda oğurlanan azərbaycanlı uşağın taleyi ilə bağlı yeni təfərrüat

Körpənin anasına qaytarılması indi də Konstitusiya Məhkəməsindən asılıdır

Azərbaycan vətəndaşı Davud Bağırovun adı keçən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay Ali Məhkəməsinin qərarı ötən il Azərbaycan Ali Məhkəməsinə təqdim olunub. 2017-ci ilin  oktyabrında Azərbaycan Ali Məhkəməsi Dubay Ali Məhkəməsinin qərarını tanıyıb. Həmin qərara görə, Dubayda anasından qaçırılaraq Azərbaycana gətirilən Ceyla Bağırova anası Merim Beishekeyeva qaytarılmalıdır. 

ABŞ vətəndaşı olan azyaşlı Ceyla Bağırova 2015-ci ildə Dubaydan Türkiyəyə, oradan isə Azərbaycana qaçırılıb.  Bu qalmaqallı cinayət əməli ilə bağlı Dubay Əmirliyinin prokurorluğunda Azərbaycan vətəndaşı Davud Bağırovun əsas fiqurant olaraq adı keçən uşaq oğurluğu ilə bağlı cinayət işi istintaq olunub. Uşaq oğurluğu faktına görə başlanmış cinayət işində D.Bağırovdan savayı bir qadın da olub. Qazaxıstan vətəndaşı Zarina Jeksenbayeva da işə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Yada salaq ki, Dubayda bank sektorunda çalışan Qırğızıstan vətəndaşı Merim Beishekeyeva Azərbaycan vətəndaşı Davud Bağırovu onun azyaşlı övladını oğurlamaqda ittiham edir. Merim Beishekeyeva övladı oğurlanandan sonra Dubayın hüquq-mühafizə orqanlarına müraciət edib. Bundan sonra uşaq oğurluğu faktına görə Dubay Prokurorluğunda cinayət işi başlanıb.

Merim Beishekeyeva öyrənib ki, azyaşlı övladı Dubaydan Türkiyəyə, oradan isə Azərbaycana gətirilib. Buna görə də o, 2017-ci ilin fevralında Bakıda olub, övladının oğurlanması ilə bağlı ölkə başçısına, baş prokurora, Milli Məclisin sədrinə, ombudsmana AQUP DK-nın sədri Hicran Hüseynovaya müraciətlər ünvanlayıb. Merim Beishekiyevanın nümayəndəsi hüquqşünas Abdulla Əfəndizadədir. O, uşaq oğurluğu ilə bağlı mətbuatda dəfələrlə çıxışlar edib və iş üzrə Azərbaycan məhkəmələrində bir neçə iddia qaldırıb.

Ceyla Bağırova ile ilgili görsel sonucu

5 oktyabr 2017-ci ildə Azərbaycan Ali Məhkəməsində hakim Əsəd Mirzəliyevin sədrliyi ilə Dubay Əmirliyinin Ali Məhkəməsinin iş üzrə çıxardığı qərar tanınıb. Həmin qərara əsasən Merim Beishekeyevanın Davud Bağırova qarşı iddiası təmin olunub. Onların nikahı pozulub, azyaşlı Ceylanın anasının himayəsində qalması, Davud Bağırovun uşağı Merim Beishekeyevaya qaytarması, aliment ödənişi və digər tələblər təmin olunub.  Dubay Ali Məhkəməsinin qərarının tanınmasından sonra da bu işə nöqtə qoyulmayıb. M.Beishekeyevanın nümayəndəsi Abdulla Əfəndizadə deyir ki,  Davud Bağırov Merim Beishekeyeva ona qarşı Dubay Məhkəməsinə şikayət təqdim edəndən sonra orada prosesin xeyrinə getmədiyini görüb və fasilə elan edilməsini istəyib. Cavabdeh bildirib ki, fasilənin veriləməsini sübutlar təqdim olunması üçün istəyir. Həmin dövrdə D.Bağırov Azərbaycana gəlib və oxşar iddia ilə Səbayel Rayon Məhkəməsinə şikayət verib. Səbayel Rayon Məhkəməsində hakim Nurəddin Bağırov şikayətə 1 günün içində baxaraq təmin edib. A.Əfəndizadə deyir ki, D.Bağırov Səbayel Məhkəməsində işə baxılarkən ona qarşı Dubay Məhkəməsində oxşar iddianın olduğunu deməyib. Abdulla Əfəndizadə deyir ki, Səbayel məhkəməsində işə böyük qanunsuzluqlarla baxılıb. M.Beishekeyevaya iddiaya baxılması haqda məlumat verilməyib, qəyyumluq və himayəçilik orqanlarının şikayətə baxılarkən iştirakları təmin olunmayıb. M.Beishekeyeva həmin qanunsuz və əsassız qətnamənin ləğvi ilə bağlı Bakı Apelyasiya Məhkəməsinə (BAM) şikayət təqdim edib.

Həmin ərəfədə Dubay Ali Məhkəməsinin qərarı Azərbaycan Ali Məhkəməsində tanınıb. Ali Məhkəməsinin qərarı BAM hakimi Raqib Qurbanova təqdim olunub.

A.Əfəndizadə deyir ki, qarşı tərəf hər fürsətdən yararlanmaqla Dubay Ali Məhkəməsinin iş üzrə çıxardığı qərarın icrasını ləngitməyə çalışır: “Azərbaycanda Səbayel Rayon Məhkəməsinin çıxardığı qanunsuz və əsassız qətnamənin ləğv olunması tarixini maksimum uzatmaq, bu müddətdə Ali Məhkəmənin çıxardığı tanınma qərarından Konstitusiya Məhkəməsinə şikayət verməyə vaxt qazanmaq üçün hərəkətə keçmişdilər. İndi də Azərbaycan Ali Məhkəməsinin qərararını nəyin bahasına olursa-olsun ləğv etmək üçün çalışırlar. Davud Bağırovun vəkili Azər Quliyev deyir ki, Ali Məhkəmənin 5 oktyabr 2017-ci il tarixli qərardadına qarşı Konstitusiya Məhkəməsinə şikayət veriblər. Hər dəfə də hakimləri və icra məmurlarını inandırmağa çalışırlar ki, guya Konstitusiya Məhkəməsi onların xeyrinə qərar verəcək. Əslində isə Azər Quliyev Konstitusiya Məhkəməsinin hakimləri adından danışır. Eyni sözləri Davud Bağırovun bacısı Cəmilə Bağırova da deyir. Bu səbəbdən də Səbayel Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları gözləmə mövqeyində dayanıb Azərbaycan Ali Məhkəməsinin qərarının icrasını həyata keçirməyə tələsmirlər.  Bundan başqa Davud Bağırovun barəsindəki axtarış işi ilə bağlı da icra məmurları passiv mövqe tuturlar. Səbayel rayon Polis İdarəsinin qeydiyyat şöbəsi Davud Bağırovun barəsindəki axtarış işini 2 ay ləngitmədən sonra nəhayət ki, sistemə yerləşdirdi. Buna baxmayaraq Davud Bağırov bu günə qədər Ali Məhkəmənin qərarını qərəzli şəkildə icra etməkdən yayınır və həbs olunmur.

Mayın 17-də Bakı Apelyasiya Məhkəməsi İnzibati İqtisad Kollegiyasında hakim Həmid Həmidovun sədrliyi ilə Merim Beishekeyevanın Səbayel Rayon Qeydiyyat Şöbəsinə qarşı “azyaşlı Ceylaya verilmiş doğum şəhadətnaməsinin etibarsız sayılması və ləğv olunması” iddiası üzrə  proses keçirilib. Prosesdə Azər Quliyev hüquqşünas Abdulla Əfəndizadənin prosesdən kənarlaşdırılması ilə bağlı vəsatətlə çıxış edib. O, vəsatətində nümayəndəlik institunun ləğvi ilə bağlı məlum qərara əsaslanıb. Abdulla Əfəndizadə isə hakimlərin diqqətinə çatdırıb ki, vəsatət prezidentin məlum fərmanına ziddir. O, qarşı tərəfi prezident fərmanından bixəbər olmaqda suçlayıb. Məhkəmə vəsatəti rədd edib.

Azər Quliyev bu dəfə Ali Məhkəmənin qərarını almadıqlarını bildirib, həmin qərarla tanış olmaq üçün vaxt istəyib. Abdulla Əfəndizadə isə buna etiraz edib, qarşı tərəfi vaxt uzatmaqda ittiham edib: “Qarşı tərəf vaxt uzadır. Konstitusiya Məhkəməsinin hakimlərinin adından danışıb Ali Məhkəmənin tanınama qərarını şübhə altına almağa çalışırlar. Elə danışırlar ki, artıq Konstitusiya Məhkəməsinin qərarını alıblar, sanki ciblərindədir. Çox təəssüflər olsun ki, Bakı Apelyasiya Məhkəməsinin hakimləri və rəhbərliyi də qarşı tərəfin vaxt uzatmasına göz yumur”.

A.Əfəndizadə deyir ki, hakim Həmid Həmidov növbəti prosesi 31 may tarixinə təyin edib. Nümayəndə bunu qarşı tərəfin vaxt uzatmaq məqsədi ilə üst-üstə düşdüyünü bildirib. O, ümid edir ki, Konstitusiya Məhkəməsi qarşı tərəfin nazı ilə oynamayacaq. O, ölkə prezidentinə, 1-ci vitse prezidentə müraciətlər ünvanlayaraq qanunsuzluqların qarşısının alınmasını, Dubayda oğurlanan azyaşlı uşağın nəhayət ki, anasına qaytarılmasını istəyib.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …