Çərşənbə , Oktyabr 16 2019
Ana səhifə / Araşdırma / “Bircə Çinarə ölmüşdü, Roza nəfəs alırdı…” – Dəhşətli qəzadan

“Bircə Çinarə ölmüşdü, Roza nəfəs alırdı…” – Dəhşətli qəzadan

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt yolunda 6 tələbənin ölümü ilə nəticələnən yol qəzasında təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Novruz Kərimovun icraatında olan prosesdə valideyn Xatirə Nəsibova çıxış edərək deyib ki, vəkillə təmin olunmaq üçün Vəkillər Kollegiyasına müraciət etsələr də, onlardan qəbz tələb olunub: “Bizə dedilər ki, məhkəmədən kağız gətirin”.

Hakim bildirib ki, vəkillə müqavilə bağlamaq zərərçəkmiş şəxslərin hüquqi varislərinin şəxsi işləridir: “Burada məhkəmənin edəcəyi bir şey yoxdu. Sizə verilən bildirişlə özünüzə vəkil tuta bilərsiz”.

Valideynlər qəza nəticəsində dəyən ziyanla bağlı mülki iddia qaldırıblar.

N.Hüseynov iddianın qəbul edilməsinə etiraz etmədiyini deyib: “Amma mənim pul ödəmək imkanım yoxdur”.

X.Nəsibova deyib ki, N.Hüseynov bu iş üzrə həbs olunan sonuncu şəxsdir: “Yük maşını 2 saata ordan boşaldılmalı idi. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları kamerada həmin maşını görüblər, yol polisi işçiləri də həmin maşını görüb heç bir tədbir görməyiblər. Yük maşınının sürücüsü və həmin məsul şəxslər məhkəməyə çağırılıb dindirilməlidir”.

Hakim bildirib ki, əlavə şahidlərin dindirilməsi barədə vəsatət əsas şahidlər dindirildikdən sonra məhkəməyə təqdim edilə bilər.

Bundan sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilən N.Hüseynov özünü təqsirli bildiyini deyib.

O, hadisə barədə ifadə verərək bildirib ki, martın 9-u səhər saat 8-ə qalmış tələbələri götürmək üçün 20 yanvar dairəsinə gəlib: “Uşaqlar maşına doluşdular, söhbət edirdik. Mən özümü günahkar sayıram, özümü müdafiə etmək fikrim yox idi. Ömrümün sonuna kimi vicdan əzabı çəkəcəyəm, mənə ömürlük cəza da verilsə. Çünki mən o uşaqlarla ailə kimi olmuşam. Sadəcə ehtiyatsızlıq ucbatından oldu. Əvvəl Biləcəridən düşəndə, sonra da Xırdalan qəbiristanlığının yanında “xolostoy” sürətlə düşdük. Deyib gülə-gülə gedirdik. Rozanın toyu olacaqdı, o barədə danışırdıq, lağ-lağa edirdik. Bir anlıq beyin tormozlaşdı, heç nə görmədim, heç nə eşitmədim. Sanki lal, kar, kor idim. Qabaqda oturan uşaqlardan Abbas qışqırdı ki, Namiq əmi, sanki yuxudan oyandım. Gördüm ki, birinci kubikin üstünə çıxmışam, ikinciyə çıxmamaq üçün tez rulu burdum, sükan qırıldı. Bircə onu edə bildim ki, maşını Zilin arxasından çıxartdım. Özüm qapını sındırıb çıxdım, sonra da şüşələri sındırıb yaralıları çıxartmağa başladım.

Bircə Çinarə maşında ölmüşdü. Rozanı çıxartdım, nəfəs alırdı. Lalənin bircə başında qara ləkə var idi. Canıyev Rəşadla İbrahim mənim ən yaxın dostlarım, qardaşlarım idi. İbrahimgildən xəbərim olmadı.

Siz valideynsiz, mənə ölüm cəzası verilsə də, razıyam. Mən vicdanım qarşısında əzab çəkirəm. Onlar nur kimi uşaqlar idi”.

Hakim soruşub ki, “xolostoy idarəetmədə sükan və əyləc tutmamaq ehtimalının olduğu halda, niyə elə sürüb. N.Hüseynov deyib ki, tələsmədikləri üçün elə sürüb.

Valideynlər deyib ki, uşaqlar Namiqə yavaş sürməyi üçün yalvarsalar da, o buna əməl etməyib.

N.Hüseynov sürətlə hərəkət etmədiyini deyib: “Hər şey kameraya da düşüb, mənim müdafiəyə, müdafiəçiyə ehtiyacım yoxdu. Bu hadisə ehtiyatsızlıqdan baş verdi, o uşaqlara qərəzim olsaydı onlara dayılıq etməzdim. Məsələn, İbrahim pis adamlara qoşulmuşdu, onunla çayxanada oturub söhbət etdim, onu başa saldım”.

N.Hüseynov 15-20 ildir sürücülük etdiyini deyib: “Maşını təzə təmir etdirmişdim, reysə çıxanda saz idi. Maşın mənim adıma deyildi, öz maşınımı 3 ay əvvəl satmışdım. Bu maşının da sığortası olmadığı üçün etibarnamə ala bilməmişdim, buna görə etibarnaməm yox idi. Maşında 17 oturacaq var idi, qanunla 14 nəfər götürə bilərdim, amma uşaqlar çox idi, ona görə artıq sərnişin götürdüm. Tələbə çox idi, uşaqlar gəlib deyirdilər ayaqüstə gedək, deyirdim olmaz, amma məcbur olub mindirirdim. Qəza vaxtı maşında 26 tələbə var idi, sıx-sıx oturmuşdular. Sürətim 90-100 km/saat arası idi”.

Mərhum İbrahim Nəsibovun anası Xatirə Nəsibova deyib ki, oğlunun pis yola düşməsi barədə N.Hüseynovun dedikləri yalandır: “Mənim uşağımın adını çəkməsin. Türmədə özünü asıb öldürsün”.

Mərhum Lalənin atası Yaşar Ələsgərov deyib ki, necə ola bilər ki, xolostoy hərəkətdə ötmə əməliyyatı edib: “Görüntülərdə də var”.

N.Hüseynov ötmə etmədiyini deyib: “Görüntülərdə çox şey ola bilər”.

Rəşad Canıyevin anası İlhamə Canıyev deyib ki, N.Hüseynov gecə qarajda olanda qəza zamanı görüntüyə düşən yaşıl Fordun sürücüsü ilə mərc gəliblər: “Ona deyib ki, sabah səndən gec çıxıb, daha tez çatacağam. Onunla yarışıblar”.

N.Hüseynov mərc gəlmədiyini deyib.

Xatirə Nəsibova sərbəst ifadə verərək deyib ki, oğlu İbrahim hər gün atası ilə birgə gedirmiş: “Həmin gün 9 mart olduğundan atası elə bilib ki, tətildir. İbrahimi oyatmadan çıxıb gedib. Mən İbrahimi oyatdım ki, gecikirsən dur taksiylə get. İbrahim dedi çatsam Qazellə gedəcəm. Soruşdum kimdi? Dedi “bizi həmişə aparan Namiqlə gedəcəm, o bərk sürür, taksidən tez çatır”. Bir qədər sonra İbrahimə zəng etdim açmadı, votsapa yazdım ki, “İbo, hardasan?” cavab yazmadı. Mən də yatdım, sonra yoldaşım zəng edib dedi ki, uşaqları aparan Qazel qəzaya düşüb, İbrahimi xəstəxanaya aparırlar. Sonra gedib xəstəxanada İbrahimin öldüyünü bildim”.

X.Nəsibova deyib ki, qəza zamanı ərazidə xidmət aparan yol polisi işçilərinin də məsuliyyətə cəlb olunmasını tələb edirlər: “Çünki daş yüklü maşın gecədən orada dayanıb, bəlkə onun içində bomba var idi. O maşının yükü boşaldılmalı, maşın ərazidən götürülməli idi. Buna da yol polisi nəzarət etməlidir”.

Roza Muradovanın atası Eynulla Muradov ifadə verərək deyib ki, Namiq yüksək sürətlə sürdüyü üçün son 1 həftədə qızı onun maşınına minməyib: “Həmin gün Namiq gəlib qızıma deyib ki, bağışla, daha bərk sürməyəcəm, məcburən qızımı maşına mindirib”.

E.Muradov deyib ki, qızının dəfninə 22 min manat xərc çəkib: “Bununla bağlı da mülki iddia vermişəm, pulun ödənilməsini tələb edirəm. 22 min maddi, 78 min isə mənəvi”.

Mərhum Çinarənin anası Nəsibə Quliyeva ifadə verərək deyib ki, qızı 3 il N.Hüseynovun maşınında gedib-gəlib: “Tez-tez danışırdı ki, yol polisi onları saxlayırmış, üst-üstə gedib gəlirlərmiş. Qızım vəkil olacaqdı”.

Yaşar Ələsgərov deyib ki, 9 mart günü qızı Lalənin telefonundan tanımadıqları bir oğlan ona zəng edərək qəza olduğunu deyib: “Taksiylə yola çıxdım, yolda təkrar zəng etdim, həmin oğlan dedi ki, qızımı Semaşkoya aparıblar. Lalə orada 2 gün komada qaldı, martın 11-i rəhmətə getdi. Qəza zamanı qızım maşında uşaqlardan birinin qucağında olub”.

Y.Ələsgərov NİİM və DYP-nin məsul şəxslərindən şikayətçi olduğunu deyib: “Ekologiya və Saray postlarında dayanan şəxslər məsuliyyətə cəlb edilməlidirlər”.

Məhkəmə prosesi iyulun 4-də davam etdiriləcək.

Həmçinin oxuyun

Azərbaycanda QİÇS problemi – əgər virusa yoluxmusunuzsa… – Fotolar

Əməkdaşımızın QİÇS-lə Mübarizə Mərkəzindən eksklüziv reportajı; SPİD xəstəsi öz yaxınları üçün təhlükədirmi, ən çox nələrə …

Bir cavab yazın