Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / Bakıda “narkotik” satan kafelər – Fotolar

Bakıda “narkotik” satan kafelər – Fotolar

Axşam vaxtı Bakının mərkəzində brend geyim mağazalarında iş saatı bitdiyi üçün insanların mağazaları gəzmək kimi məşğuliyyətlərinə  də son qoyulur. Bu səbəbdən də axşamlar Bakı sakinlərini və şəhərimizin qonaqlarını ya parklarda gəzərkən, yaxud da  demək olar ki, Bakıda  hər il yenisi açılan brend kafelərdə görmək olar… 
Müşahidələrimiz nəticəsində öyrəndik ki, gecələr yerli sakinlər kafelərdə daha çox yemək yeməyə üstünlük versələr də, xarici qonaqlar müxtəlif növ sərin içkilər içməyə, ya da qəhvəyə daha çox önəm verirlər.  Qəhvələr isə Bakıda, demək olar ki, artıq bahalı sayıla biləcək içkilər sırasına daxildir. Bakıda elə kafelər var ki, bir fincan qəhvəni 12-20 manata satırlar. Bu kafelərdə daha çox xaricilər, xüsusilə də ərəblərə rast gəlmək olur.
Burada bir məqamı da qeyd edək ki, dünyada qəhvə içmək son zamanlar artıq sanki bir kübarlıq əlaməti, dəb halına gəlib. Bəs qəhvəyə maraq sadəcə olaraq dəblə bağlıdır?
Qəhvədən asılılıq  və “narkotik” təsiri
Qəhvənin insanlarda asılılıq yaradıb-yaratmaması ilə bağlı tibb elmləri doktoru, professor
Adil Qeybullanın fikirlərini aldıq. A. Qeybulla musavat.com-a bildirdi ki, əsas məsələ qəhvəni qədərində içməkdir:
“Necə ki, biz çaydan və ya müxtəlif içkilərdən müəyyən qədər asılıyıq, qəhvə də elədir. Sadəcə olaraq bir məqam var ki, qəhvənin tərkibində kofein var. Kofein isə sinir sisteminin stimulyatoru sayılır. Ona görə də kofeinə müəyyən qədər asılılıq ola bilər. Bu  isə daha çox sinir sistemində zəiflik, yorğunluq olan adamlara aiddir. Deyərdim ki, qəhvə içmək bir vərdişdir və bunun da özəyində psixoloji asılılıq dayanır. Getdikcə isə bu, stomatik asılılığa çevrilə bilər. Ümumiyyətlə, bütün stimulyatorlara, dopinqlərə müəyyən müddətdən sonra asılılıq  yaranır. Bu, qəhvədə də belədir. Hesab edirəm ki, hər şeyin bir həddi var və insanlar buna əməl etməlidirlər”.
Məhz bu asılılıq faktoruna görə, bəzən qəhvəni narkotiklə də müqayisə edirlər. Yəni necə ki, insan bir müddət narkotik qəbul etdikdən sonra, orqanizmi artıq onu tələb edir, qəhvə də demək olar ki, bu cürdür. Çox miqdarda kofein qəbulu isə  getdikcə ürək ritminin pozulmasına səbəb olur.
Bu gün qəhvəxanalarda valideynləri ilə birlikdə uşaqların da kofe içdiklərinin şahidi oluruq. Tibbi araşdırmalara görə,  qəhvə böyüklərdən daha çox uşaqlara ziyandır. Araşdırmalara görə, yetkin bir insanın gün ərzində qəbul edəcəyi yuxarı doza kofein 5-10 qramdan artıq olmamalıdır. Bu 57 stəkan “Neskafe”, 86 qəhvə fincanı qəhvə, 161 çay stəkanı çaya bərabər deməkdir. Kiçik uşaqların isə gün ərzində qəbul edəcəyi yüksək doza 1 qramdan daha az olaraq müəyyənləşdirilir. Həddindən çox qəhvə qəbul etməyin miqrenə, xərçəngə, qida həzminin pozulmasına yol aça biləcəyi tibb tərəfindən təsdiqlənib.
Brend qəhvələrin ölkəmizə faydaları
Lakin iqtisadi ekspertlər brend kafelərə, eləcə də qəhvə verən kafelərə fərqli yöndən yanaşırlar. Onlar hesab edirlər ki, xüsusilə turizm sahəsinin inkişafı, ölkəyə turistləri cəlb etmək üçün bu  kimi kafelərə ehtiyac var. Mövzu ilə bağlı musavat.com-a danışan iqtisadçı alim Vüqar Bayramov bildirib ki, Bakıda brend kafelər nə qədər çox olarsa, o qədər faydalıdır:
“Turizmin inkişafı üçün təbii ki, bu kimi kafelərin olması faydalıdır. Lakin bu, həlledici məqam deyil. Bu sektorun inkişafını stimullaşdıran amildir.  Brend  kafelərin olması turistlərin cəlb edilməsi baxımından önəmlidir. Misal üçün, “Starbucks coffee”nin Bakıda olması yaxşı haldır. Çünki xaricilər buranın qəhvəsini içməkdə maraqlıdırlar. Lakin turizmin inkişafı üçün kompleks tədbirlərin həyata keçirilməsi daha vacibdir. Misal üçün, bu ilin Novruz bayramı ərəfəsində Bakıya gələn turistlər valyutadəyişmə məntəqələrində xarici valyuta tapa bilmirdilər. İlk olaraq turist gətirdiyi valyutanı dəyişməlidir ki, sonra bu kimi xidmətlərdən istifadə edə bilsin. Nəticə olaraq qeyd edə bilərik ki, brend kafelərin ölkəyə gəlməsi müsbət haldır və bunu davam etdirmək lazımdır”.
Qəhvənin tarixi
Öncə qeyd edək ki, qəhvə sözünün ərəbcədən tərcüməsi “ehtiraslandıran içki” deməkdir. Onun stimullaşdırıcı təsirə malik olmasının səbəbi kimi tərkibində kofeinin olması göstərilir.
Tarixinə gəlincə isə ilk dəfə qəhvə Həbəşistanın cənub-qərbində aşkar olunub. Daha sonra isə  Mərkəzi Ərəbistana gətirilir və Yəmənin cənub-qərb hissəsində becərilir. Bu günə kimi də Yəmən dünyada ən böyük qəhvə istehsalçısıdır.  Bununla yanaşı, hazırda dünyada 50-dən çox ölkədə qəhvə bitkisi növləri becərilir.
Qəhvənin hazırlanmasının  isə  ən qədim üsulu Həbəşistan üsulu sayılır.
Qahirəyə qəhvə ilk dəfə 1532-ci ildə gətirilib. Paralel olaraq qəhvə Suriya və Kiçik Asiyaya da yayılır. Qəhvənin tətbiqi 1538-ci ildə Yəmənin işğalından sonra daha güclənir. 1554-cü ildə Osmanlı imperiyasında gedən çəkişmələrdən sonra Konstantinopolda (İstanbulda)  qəhvə evi açılır.
Mənbələrə görə, qəhvənin Avropaya yayılması 1592-ci ilə təsadüf edir. Belə ki,  qeyd etdiyimiz il İtaliyaya gətirilən qəhvə və oradan Avropaya yayılır.
1645-ci ildə Venedihdə, 1650-ci ildə Oksfordda və 1652-ci ildə Londonda qəhvə evləri mövcud idi. Fransada ilk dəfə qəhvə evi 1659-cu ildə tikilir. Vyanada qəhvə evi 1683-cü ildə türklərə qarşı müharibədə ələ keçirilmiş 500 kisə qəhvə qənimətindən sonra açılıb. Almaniyada qəhvə Fransadan gətirilir və ilk dəfə olaraq 1673-cü ildə Bremendə qəhvə evi təşkil olunur. 1899-cu ildə İsveçrə kimyaçısı Maks Morqentaller qəhvə tozunu düzəldir. Həll olan qəhvə XX əsrin 40-cı illərindən başlayaraq geniş yayılır.
Əli Rais, musavat.com








Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın