Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / Azərbaycanda çoxuşaqlılıq niyə dəb deyil? – ARAŞDIRMA

Azərbaycanda çoxuşaqlılıq niyə dəb deyil? – ARAŞDIRMA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan nikah şahidi olaraq qatıldığı toyda doğuma nəzarəti tənqid edib “güclü millətlər güclü ailələrdən əmələ gəlir. Bizi illər boyu doğuma nəzarətlə aldatdılar” deyib. Prezidentin müğənni Alişan və Buse Varolun toyunda dilə gətirdiyi bu sözlər sosial mediada gündəm mövzusu olub.

Bu ilk dəfə deyil ki, Ərdoğan doğuma nəzarətə qarşı mövqeyini ifadə edir. Siyasi həyatı boyunca o, qadınların əhalinin planlaşdırılması və uşaq sahibi olmalarıyla bağlı fikirlərini dəfələrlə paylaşıb. Onun fikirləri tərəfdarları tərəfindən dəstəkləndiyi halda, qadın hüquqları müdafiəçiləri tərəfindən tənqidlə qarşılanıb.

Məsələn, Ərdoğan 2012-ci ildə baş nazir olduğu zaman abortu “cinayətə” bənzədib və qadınlara “ən azı üç uşaq doğmağı” məsləhət görüb. “Ya ananın qarnında bir uşağı öldürürüsünüz, ya da doğulandan sonra öldürürsüz. Heç fərqi yoxdur. Bunlara qarşı birlikdə hərəkət etməliyik” – deyib.

Ərdoğanın bu sözlərinə qarşı qadın hüquqları müdafiəçiləri “Mənim bədənim mənim qərarım” kampaniyasını başlatmışdılar.

Amma ailələrdə uşaqların sayı ilə bağlı müzakirə hər zaman aktual olub. Azərbaycan cəmiyyətində də bu məsələ zaman-zaman müzakirə edilib. Bir neçə il öncə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirmişdi ki, sovet dönəmində “çoxuşaqlı ailə” məfhumu 4-dən çox uşağı olan ailələrə şamil olunurdu. 90-cı illərin əvvəllərində bu rəqəm 4-dən 3-ə endirildi. “Çoxuşaqlı ailə” məfhumunun 3-dən çox uşağı olan ailələrə şamil olunduğunu deyən H.Rəcəbliyə görə, əslində 3 uşaq elə də böyük göstərici deyil: “İndi isə bu rəqəmin 3-dən 5-ə qaldırılması təklif olunur. Ancaq mənim mövqeyim belədir ki, bu rəqəm 4 olsa, daha ədalətli olar. Bu məsələnin özü də bir qədər mübahisəlidir və çox güman ki, müzakirələr nəticəsində bununla bağlı konkret bir mövqeyə gəlmək mümkün olacaq”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, hazırda ölkədə 1 milyon 832 mindən çox ailə var. Dövlət Statistika Komitəsinin məlumatına görə isə son 20 ildə Azərbaycanda çoxuşaqlı analar qeydə alınmayıb. 20 il öncə yalnız 8-12 uşağı olan qadınlar çoxuşaqlı analar kateqoriyasına daxil edilirdisə, indi 4-5 uşaq doğanlar bu statusun qeyri-rəsmi daşıyıcısıdır. Əgər 80-ci illərdə nəsilvermə qabiliyyətinə malik qadınlar 35-40, bəzən hətta 50 yaşında da dünyaya uşaq gətirirdisə, indi 35 yaşı ötən qadınlar bundan imtina edir. Dövlət Statistika Komitəsinin məlumatında əhalinin nəsilvermə əmsalının aşağı düşdüyü göstərilib. Hazırda nəsilvermə qabiliyyətinə malik qadınların hər birinə 2 uşaq düşür.

Dünya Bankının son hesabatında da göstərilir ki, 2025-ci ilə qədər Azərbaycanda hər 5 nəfərdən 1-nin yaşı 65-dən yuxarı olacaq. Əgər vaxtilə 6-7 uşaqlı ailə çoxuşaqlı ailə sayılırdısa, indi 3 uşağı olan ailə çoxuşaqlı sayılır. 50-60 il əvvəlki bu ailələrin uşaqları qocalma dövründədir. Doğumun səviyyəsi aşağı düşdüyündən gənclik də gözə onlar kimi dəymir.

İqtisadi araşdırmalara görə, Azərbaycanda əhalinin ən çox artımı 50-60-cı illərdə qeydə alınıb. Bu onillikdə əhali 40 faizə qədər artıb. Bu, o deməkdir ki, əhalinin orta hesabla ildə artımı 4 faiz təşkil edib. Ancaq artım 2000-ci ildən 2007-ci ilə qədər cəmi 0,7 faiz təşkil edib. Təbii artımın tempi təxminən 6 dəfə aşağı düşüb. Araşdırma nəticəsində o da ortaya çıxıb ki, doğumun aşağı düşməsi indi olmasa da qarşıdakı 15-20 ildə ölkənin insan potensialının azalması baxımından böyük problemlər yarada bilər.

“Azadlıq” radiosunun araşdırmasına görə, dünyada ən sərfəli şərtlər Fransadadır. Burada hətta uşaq dünyaya gəlməmiş anası ona görə müavinət alır. Belə ki, birinci hamiləliyin 5-ci ayından uşağın 3 aylığına qədər 109 avro, ikinci uşağı gözləyən anaya isə 130 avro müavinət verilir. Əgər ailədə üçüncü uşağın doğulması gözlənilirsə, onda hamiləliyin dördüncü ayından uşağın 3 yaşına qədər ailə dövlətdən 975 avro pul alır. Bundan əlavə, hər bir uşaq 18 yaşına qədər dövlətdən müavinət alır. İki uşaq üçün bu, 680 avro, üç uşaq üçün 1550, dörd uşaq üçün 2420, beş uşaq üçün 3300 avro təşkil edir. Əgər uşaqların sayı altıdan çoxdursa, onların hər birinə görə 870 avro ödənilir. 10 yaşdan 15 yaşa qədər olan uşaqların hər biri üçün əlavə 192 avro, 15 yaşdan yuxarı uşaqlar üçün isə əlavə 339 avro pul ödənir.

İsveç hökuməti isə hər uşağa görə ayda 185 dollar müavinət ödəyir. Bu müavinət uşağın 18 yaşına qədər ödənir. Üçdən artıq uşağı olan ailələr üçün əlavə müavinət də nəzərdə tutulub.

Böyük Britaniyada isə uşağa görə müavinət 500 funt sterlinqdən artıqdır.

Rusiyada bir uşaq üçün birdəfəlik müavinət 400 dollardan artıqdır. Hər bir uşaq 18 yaşına qədər bu pulu ala bilir. Ailədə uşaqların sayı artdıqca bu pulun da həcmi artır. Ukraynada ailədəki birinci uşağa görə 1800, ikinci uşağa görə 3570, üçüncü və ondan sonrakı uşaqlara görə isə 7140 dollar müavinət nəzərdə tutulub. Eyni zamanda birinci uşağa görə 12 ay, ikinciyə görə 24 ay, digər uşaqlara görə isə dövlət 36 ay müddətində 714 dollar məbləğində müavinət ödəyir.

çoxuşaqlılıq ile ilgili görsel sonucu

Belarusda isə birinci uşağa görə yaşayış minimumunun ən yüksək həddinin beş misli, digər uşaqlara görə isə yeddi misli qədər müavinət verilir. Bu ölkədə hətta övladlığa götürülən uşağa görə də dövlət müavinət nəzərdə tutub. Qazaxıstanda birinci, ikinci və üçüncü uşağa görə 300 dollar, dördüncü uşaqdan başlayaraq 515 dollar birdəfəlik müavinət verilir.

Latviyada hər doğulan uşağa görə ailəyə 560 avro müavinət verilir. Avstriyada birinci uşağa 10 yaşına qədər ayda 130 avro, 19 yaşına qədər 153 avro, ikinci uşağa görə müvafiq olaraq 144 və 165 avro, üçüncü uşağa görə 166 və 188 avro, dördüncü uşağa görə isə 181 və 203 avro müavinət alır. Uşaq ali məktəbə qəbul olunduğu halda, müavinət 27 yaşa qədər ödənir.

Almaniyada üç yaşına qədər hər bir uşağa ayda 270 avro pul verilir. Uşağın bir yaşından isə onun adına ipoteka krediti sənədləşdirmək mümkündür. ABŞ-da hər uşağa görə aylıq müavinət təxminən 680 dollardır. Hər ştatda bu göstərici bir qədər fərqli ola bilər.

İsrail dövləti isə birinci uşağa görə 325 dollar, əkizlərə görə 1600 dollar birdəfəlik müavinət ödəyir. Əgər uşaqlar üçəm olsa, bu məbləğ 2500 dollara qədər artır. Hər uşağa görə isə ayda 180 dollar müavinət verilir. Boşanmış ailələrdə bu göstərici 725 dollar təşkil edir.

Finlandiyada isə hər doğulan uşağa görə anaya bir neçə yüz avroluq paket təqdim edilir. Bu paket bir yaşına qədər uşağın bütün xərclərini ödəyir.

Polşada uşağın 18 yaşına qədər dövlət ailəyə 125 dollar pul verir. İsveçrədə isə bu göstərici 345 dollar təşkil edir. Avstraliyada isə hər bir uşaq 18 yaşına qədər dövlətdən 540 dollar pul alır.

Tunisdə 400 dollardan aşağı müavinət yoxdur. Liviyada isə hər doğulan uşağa görə dövlət 7000 dollar pul ödəyir. Birləşmiş Ərəb Əmirliyi isə bu göstəriciyə görə dünyada hamıdan öndədir. Bu ölkədə 20 min dollardan aşağı müavinət yoxdur. (Musavat.com)

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …