Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / “Axı, Vidadi Zeynalov pul yığan idi” – “Rabitə işi”nin məhkəməsi qalmaqallı oldu

“Axı, Vidadi Zeynalov pul yığan idi” – “Rabitə işi”nin məhkəməsi qalmaqallı oldu

Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə keçirilən məhkəmə prosesi davam etdirilib.
Musavat.com xəbər verir ki, məhkəmənin davamında “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov prokurorun və vəkillərin suallarını cavablandırıb.
O.Rüstəmovun istintaqa ifadəsi ilə bağlı çoxsaylı ziddiyyətlər olub. İlk ifadəsində heç nədən xəbəri olmadığını deyən O.Rüstəmov sonradan istintaqa bütün mənimsəmə əməliyyatlarının başında Vidadi Zeynalovun dayandığını deyib. Ardınca isə dediklərini bir daha təkzib edib.
Bütün bunlara səbəb olaraq isə əvvəlcə istintaq orqanından tez çıxmaq üçün belə ifadə verdiyini, sonra işin mahiyyətindən xəbərinin olmadığını, daha sonra isə eynəyinin yanında olmadığını, xəstə olduğunu və anlamadan istintaqda sənədləri imzaladığını söyləyib.
O.Rüstəmov məhkəmədə bu sadalanan səbəblərdən birini əsas gətirərək, ziddiyyətli ifadələrindən imtina etdiyini söyləyib: “Mən xəstə idim. Bunun üçün də bəzi sənədləri bilmədən imzalamışam. Mənim doğru ifadəm burada dediklərimdir. Heç bir mənimsəmədə, təmir-tikinti işlərinə ayrılan pulların şişirdilməsində iştirak etməmişəm. Vidadi Zeynalovla görüşlərim, ona pul verməyim doğru deyil. Vidadi Zeynalov nazirlikdəki ofisində otururdu. Hər yerdə nəzarət kameraları var. Əgər deyilirsə ki, mən ona ofisində pul aparıb vermişəm, o zaman həmin kameralara baxmaq olar”.
Prokuror Fərid Nağıyev baş mühasibin məhkəmədəki ifadəsinə istinad edərək “vətəndaş kimi borcumuzu yerinə yetirməmişik” deyərkən nəyi nəzərdə tutduğunu soruşub.
O.Rüstəmov nazirlikdə baş verən mənimsəmə əməliyyatından xəbərdar olduqlarını nəzərdə tutaraq prokurorun sualını belə cavablandırıb: “Belə izah edim ki, yolda bir nəfərin başqasını döydüyünü, öldürdüyünü görürük. Bir vətəndaş kimi bu haqda kiməsə xəbər verməliyik. Mən də məlumatlı olub, xəbər verməmişəm. Bizim səhvimiz var ki, gəlib bura çıxmışıq”.
Prosesdə Vidadi Zeynalovun vəkili Ceyhun Yusifov bildirib ki, “Aztelekom” MMC-nin direktoru Məhəmməd Məmmədov ifadəsində pul vəsaitlərinin baş mühasib Oktay Rüstəmov tərəfindən aparat rəhbəri olmuş Vidadi Zeynalova verildiyini deyib.
Ceyhun Yusifov Oktay Rüstəmovdan bu məsələyə münasibət bildirməsini istəyib: “Oktay müəllim, siz Məhəmməd Məmmədovun xəbəri olmadan pulları Vidadi Zeynalova necə vermisiniz?”
Oktay Rüstəmov hər kəsin öz fikirinin olduğunu deyib və əlavə söz deməyib. C.Yusifov bu suala Məhəmməd Məmmədovun da cavab verməsini istəyib.
“Aztelekom”un sabiq direktoru M.Məmmədov isə bu suala qəzəbli cavab verib: “Bu vəkillər istəyir ki, mən Vidadi Zeynalovun adını çəkim”.
M.Məmmədov O.Rüstəmova əsəbi şəkildə müraciət edib: “Axı sən niyə ad çəkmirsən? Niyə göstərişi kimdən aldığını demirsən? Kimlərsə istəyir ki, mən ad çəkim”.
Vəkil C.Yusifov M.Məmmədovun çıxışına replika ilə cavab verib: “Məhəmməd Məmmədov, biz sizdən niyə Vidadi Zeynalovun adını çəkməyi istəyək? Axı Vidadi Zeynalov kim idi? Pul yığan idi. Niyə göstərişi nazirdən alldığınızı demirsiniz, adını çəkmirsiniz?”
Bu dialoqa prokuror Fərid Nağıyev də qoşulub: “Məhkəməyə təklif edirəm ki, Ceyhun Yusifovun vəkillik fəaliyyətinə xitam verilsin. Və o, şahid qismində dindirilsin. Çünki o, bütün proseslərin şahidi kimi çıxış edir”.
Hakim Əfqan Hacıyev vəkilə xəbərdarlıq edib.
Məhəmməd Məmmədovun vəkili Şahin Rəfiyev məhkəməyə müraciət edərək deyib ki, Oktay Rüstəmov xəstə olub, həmçinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında müalicə alıb. Vəkil məhkəməyə arayış da təqdim edib.
Vəkillər bununla da Oktay Rüstəmovun səhhətinin ağır olduğunu, psixoloji problemlərinin olduğu üçün istintaqa ifadələrini düzgün vermədiyini izah etməyə çalışıblar.
Məhkəmədə vəkillərin hakimdən icazə almadan yerindən replikalar atmasına hakimlər heyətindən Fikrət Qəribovun reaksiyası sərt olub. O, vəkillərdən məhkəmə qaydalarına əməl etmələrini tələb edib. Əks halda onlar barəsində qanun çərçivəsində tədbir görüləcəyini bildirib.
Məhkəmədə Vidadi Zeynalovun vəkili Ceyhun Yusifov vəsatətlə çıxış edib. O, Vidadi Zeynalovun ittiham aktı ilə tanış olmadığını və şahidlər ifadə verdikdən sonra çıxış etmək istədiyini deyib.
V.Zeynalov prokurora müraciət edərək ona ittiham aktı verilməsini istəyib: “Mən bu ittiham aktlarına inanmıram. Dediyim rəqəmlərlə ittiham aktlarında yazılanlar tamamilə fərqlidir. Mən bu ittiham aktlarına onanmıram”.
Prokuror öz ittiham aktını V.Zeynalova verə biləcəyini deyib: “Vidadi Zeynalovun ifadə verməmək hüququ var. Amma bu günə qədər ona ittiham aktının təqdim edilməməsi, əldə edə bilməməsi real deyil. Çünki ittiham aktı elan olunanda Vidadi Zeynalov özünü təqsirli bilmədiyini deyib. 4 vəkili ittiham aktına istinad edərək suallar verirlər. Mən özümdə olan ittiham aktını sizə təqdim edəcəm. Siz mənə inanacaqsınız?”
V.Zeynalov isə “bəli” deyə cavab verib.
Növbəti məhkəmə prosesi dekabrın 14-nə təyin edilib.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın