Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / 38 milyon manat pulu mənimsəmiş bank əməkdaşının cəzası dəyişdirilmədi

38 milyon manat pulu mənimsəmiş bank əməkdaşının cəzası dəyişdirilmədi

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda və mənimsəmədə ittiham olunan “Texnikabank” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Bakı filialının sabiq rəhbəri Zal Yusifovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Vüqar Məmmədov sədrlik edib. Prosesdə qərar elan edilib. Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb. Zal Yusifovun atası Zakir Yusifovun üzərində həbs qoyulan əmlaklarının özünə qaytarılması ilə bağlı apellyasiya şikayəti təmin ediliməyib.

İttihama görə, “Texnikabank” ASC-nin Bakı filialının sabiq rəhbəri Zal Yusifov digər 15 nəfər şəxslə birlikdə cinayət əməli törədib. O, 81 müştərinin banka qoyduğu təxminən 38 milyon manat pulu mənimsəyib.

Həmin şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədildikdə), 313-cü (vəzifə saxtakarlığı), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma), 320.2-ci (bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə), 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub.

81 nəfərin milyonlarla manat vəsaitini mənimsəmiş “Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Yusifov məhkum olunsa da, cinayət işi üzrə adı keçən zərərçəkmişlərə dəymiş ziyan ödənilməyib.

Xatırladaq ki, Z.Yusifov Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2010-cu il tarixli qərarı ilə 15 il, onun oğlu İslam Yusifov isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı şəxslər apellyasiya şikayəti veriblər. Apellyasiya şikayəti təmin edilməyib. Daha sonra Zal Yusifovun atası Zakir Yusifov Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib. O, əmlaklarının geri qaytarılmasını istəyib. Ali Məhkəmənin sədri Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün əmlaklarla bağlı hissəsinə yenidən baxılması barədə təqdimat verib. Lakin Bakı Apellyasiya Məhkəməsi təqdimatla bağlı şikayəti təmin etməyib. Yenidən Ali Məhkəməyə müraciət olunub. Bu dəfə məhkəmə şikayətə baxılmamış saxlanılması barədə qərar qəbul edib.

Bakı Apellyasiya Məhkəməsində işin mülklərlə bağlı şikayətinə baxılıb. Hakim Sahibxan Mirzəyev zərərçəkmişlərə dəymiş ziyanın həmin mülklərin satılması ilə tutulmasını nəzərə alıb və bu səbəbdən Zal Yusifovun iddiası təmin edilməyib.

Xatırladaq ki. Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 1 fevral 2016-cı il tarixli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Texnikabank”ın bank lisenziyası ləğv edilib.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın