Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Araşdırma / 178-ci maddə, ələkeçməz fırıldaqçı Pərvanə və çarəsiz qalan 200 kəndli…

178-ci maddə, ələkeçməz fırıldaqçı Pərvanə və çarəsiz qalan 200 kəndli…

178-ci maddə, ələkeçməz fırıldaqçı Pərvanə və çarəsiz qalan 200 kəndli…

Qazax rayonu Xanlıqlar kəndində 200-ə yaxın sakinin adına kredit götürən Pərvanə Səfərova hələ də tapılmayıb.

Virtualaz.org saytının redaksiyasına yenidən müraciət edən kənd sakinləri isə yaranan vəziyyətdən, şikayətlərinə baxılmamasından narahatdır.

Qeyd edək ki, Xanlıqlar kəndində 200-ə yaxın sakin bir qrup şəxs tərəfindən aldadılıb. Bu insanlar bağça müdirəsi Xatirə Əsgərova tərəfindən aldadılıb. Onların adına X.Əsgərovanın əli ilə müxtəlif banklardan kreditlər götürülüb. Lakin kreditlər ödənilmədiyindən bank işçiləri bu məbləği kəndlilərdən tələb edir.

Xatirə Əsgərova və qurbanları

X.Əsgərova kənd sakinlərinin çoxu ilə qohum olub. O, bu qohumluqdan istifadə edərək “oğluma ev alıram” bəhanəsi ilə kənd sakinlərin adına “Zaminbank”, Beynəlxalq Bank, “Aqrobank” və “Kapital Bank”ın rayon filiallarından adambaşına 2-5 min manat arasında, bəzi sakinlərin adına isə hətta 4 bankın hər birindən kredit götürüb.

Sakinlərin bir çoxu kreditlərdən xəbərdar olsa da bəziləri adlarına kreditin götürülməsindən bankdan gələn xəbərdarlıq məktubundan sonra hali olublar.

Adına kredit götürülənlər arasında heç bir yerdə işləməyən, yataq xəstəsi olan, ahıl yaşlı pensiyaçılar, kənd məktəbinin müəllimələri də var. Bağça müdirəsi bir neçə nəfərdən də külli miqdarda nağd pul borc alıb.

2012-ci ildən sakinlərin adına kredit götürərək xərcləyən bağça müdirəsi bir müddət sonra ödəniş etməyib. Ötən ilin sonlarında isə kreditlər ödənilmədiyi üçün sakinlər banklar tərəfindən məhkəməyə verilib. Məhkəmə də vətəndaşların iştirakı olmadan qərar çıxarıb ki, borcu olanların pensiyası və maaşları bu borca tutulsun.

Sakinlər məhkəmədən çıxarılan qətnamənin surətini tələb edirlər. Lakin məhkəmədən onlara bildirilir ki, qətnamə poçt vasitəsilə evlərə göndərilib. Sakinlər isə heç kimin belə bir sənəd almadığını deyir.

Xanlıqlar kəndində baş verən sensasion fırıldaqla bağlı virtualaz.org saytında geniş reportaj yer almışdı. Bundan sonra isə Baş Prokurorluq məsələ ilə bağlı açıqlama yaymışdı.

Həmin məlumatda bildirilirdi ki, Qazax rayon sakini Xatirə Əsgərovanın və qeyrilərinin Pərvanə Səfərova tərəfindən aldadılaraq müxtəlif banklardan kreditlə götürdükləri nağd pullarının dələduzluq yolu ilə ələ keçirilməsi faktı ilə bağlı Qazax Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Məlumatda o da qeyd edilirdi ki, aparılmış istintaqla P.Səfərovanın X.Əsgərova tərəfindən ayrı-ayrı rayon sakinlərinin adlarına müxtəlif banklardan aldığı 103 min manat məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirməsində əsaslı şübhələr olduğundan Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilib, lakin istintaqdan qaçıb gizləndiyi üçün barəsində axtarış elan olunub.

Bu qədər vaxt keçməsinə baxmayaraq P.Səfərova hələ də istintaqdan qaçıb gizlənə bilir.

P.Əsgərovanın kim olmasına gəlincə isə X.Əsgərova ifadəsində kənd sakinlərinin adına götürdüyü pulları P.Əsgərovaya verdiyini deyib. Bununla da o, cinayət məsuliyyətindən yayına bilib.

Lakin Baş Prokurorluq istintaq araşdırmaları zamanı X.Əsgərovanın da əməlinə hüquqi qiymət veriləcəyini açıqlayıb.

O vaxtdan iki həftə keçsə də 200-ə yaxın vətəndaşın zərər çəkdiyi məsələ ilə bağlı heç bir yenilik yoxdur. Sakinlər müvafiq qurumlara şikayət etməkdə davam etdirsə də nəticə yoxdur.

İki fırıldaqçı qadına görə pensiyası və maaşı tutulan kəndlilər çarəsiz vəziyyətdədir. Bağça müdirəsi öz işini davam etdirir. Pərvanə Səfərova hüquq-mühafizə orqanlarından gizlənməkdə davam edir…

Onu da qeyd edək ki, kənd sakinlərinin adına götürülən kredit heç də açıqlandığı kimi 103 min manat deyil. 200-ə yaxın sakinin zərər çəkdiyini, onların hər birinin adına orta hesabla minimum 2 min manat kredit götürüldüyünü, əksəriyyətinin adına bir neçə bankdan kredit götürüldüyünü, bəzilərindən nağd pullar da alındığını nəzərə alsaq, bu məbləğin təxminən 1 milyon manata yaxın olduğunu deyə bilərik.

Xanlıqlar kəndindən reportaj hazırlayarkən X.Əsgərovanın adına kredit götürdüyü 19 nəfərlə söhbət etmişdik. Təkcə onlara dəymiş ziyanın məbləği Baş Prokurorluğun açıqladığı rəqəmdən çoxdur…

Açılan cinayət işində yalnız Pərvanə Səfərovanın adı hallanır. Lakin şikayətlərdən görünən budur ki, P.Səfərova bu işlərin heç birini təkbaşına görə bilməz. İlk olaraq kəndliləri aldadan bağça müdirəsi, kənd sakinlərinin adına saxta arayışlar verən yerli məmurlar, bu saxta arayışlar əsasında kəndlilərin adına kredit verən bank rəhbərləri də məsuliyyət daşıyır, daha doğrusu, daşımalıdır. Amma…

Həmçinin oxuyun

Azərbaycan Seyran Ohanyanı beynəlxalq axtarışa verib

Azərbaycan Xocalı soyqırımının əsas iştirakçısı olan Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanı beynəlxalq axtarışa verib. …

Bir cavab yazın