Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Əri ilə bağlı saxta şəhid arayışı alan qadının- Məhkəməsi

Əri ilə bağlı saxta şəhid arayışı alan qadının- Məhkəməsi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sosial Müdafiə Fondundan saxta arayışla bir neçə il təqaüd alan qadının cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Ramella Allehverdiyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən, Füzuli rayonundan qaçqın düşən Həsənova Əsli Rusiyada öldürülən ərinin Qarabağ döyüşlərində şəhid olması haqda saxta arayışla dövlətdən 9780 manat təqaüd alıb. Məhkəmədə təqsirləndirilən şəxs qismində Ə.Həsənova və 2008-ci ildə onlara bu saxta arayışı verən Beyləqan rayon məhkəmə eksperti Bayramov Fazil çıxış edib.

Əsli Həsənova məhkəmədə ifadəsində bildirib ki, arayışın saxta olduğunu və ərinin Rusiyada öldürüldüyünü bilməyib: “Biz 1987-ci il də evlənmişik, Xocavənd rayonunda yaşayırdıq. Yoldaşım tez-tez Rusiyaya gedib orada işləyirdi. 1991-ci ildə biz də onunlqa birgə Rusiyaya gedib orada yaşadıq. Həmin ilin dekabrında qızım Lalə dünyaya gəldi. Ondan sonra mən qızımı götürüb Azərbaycana qayıtdım. 1992-ci ilin martın 13-də atam mənə dedi ki, ərimi öldürüblər. Elə bildim ki, Rusiyada vurublar, çünki mən onun Rusiyada olduğunu bilirdim. Atam dedi ki, o, Qarabağ döyüşlərində həlak olub. Başından güllə ilə vurulub. Meyiti gətirəndə yarasını gördüm, həqiqətən də başından güllələnmişdi. Atam mənə dedi ki, yoldaşım bizdən gizlin döyüşə gedib. O vaxt mənim qardaşım Elmar Həsənov da Rusiyaya getmək adı ilə gedib Qarabağda döyüşmüşdü. Sonra ermənilərə əsir düşdü, bir müddət sonra onu əsirlikdən geri qaytardıq. Mən də bunlara görə yoldaşımın Qarabağda şəhid olduğuna inandım. Sonra atam onu şəhid kimi qeydə aldırıb, mənim bunların heç birindən xəbərim olmayıb. Mən heç bir sənədə qol çəkməmişəm. 2006-ci ildə də atam rəhmətə getdi. Mənim heç nədən xəbərim olmayıb. Məni Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırandan sonra bütün bunları bilmişəm”.

Təqsirləndirilən şəxs bildirib ki, indiyə kimi heç vaxt ərinin şəhidlik statusundan istifadə etməyib: “Biz qaçqın düşəndə Beyləqanda alaçıqda qaldıq. İndi də Binəqədidə yataqxanada qalıram. Qızım Lalə Məmmədli “Kunq fu” yarışları üzrə bir neçə dəfə Avropa çempionu olub. O, 25 dəfə yarışlara görə xaricdə olub, hamısının pulunu özüm vermişəm. Nə şəhid ailəsi kimi ev almışam, nə də başqa bir şey. Tək aldığımız ayda 200 manat təqaüd olub, onun da haram pul olduğunu bilməmişəm. İndi də həmin pulu geri qaytarmağa hazıram. Özüm əlillik pensiyası alıram, hər ay oradan tutulsun”.

Dövlət ittihamçısı qeyd edib ki, Əsli Həsənova ərinin Rusiyada ölməsi ilə bağlı açılan cinayət işi üzrə aparılan istintaqda ifadə verib və onun Rusiyada güllələndiyini bildiyini deyib. Bu ifadələr həmin cinayət işi üzrə aparılan məhkəmə prosesinin hökmündə qeyd olunub.

Ə.Həsənova isə heç vaxt ərinin ölümü ilə bağlı ifadə vermədiyini deyib.

Bundan sonra həmin saxta arayışı verən məhkəmə eksperti Fazil Bayramov ifadə verib. O bildirib ki, həmin arayışı verməyə səlahiyyəti olmayıb: “Mən 1992-ci illərdə terapevt işləyirdim. Arayışın verildiyi 2008-ci ildə isə Beyləqan rayonunda ekspertizada işləyirdim. Hələ də həmin vəzifədəyəm. 2008-ci ilin iyunun ortalarında bir kişi gəlib bir nəfər haqda şəhidlik kağızı almaq istədi. Baxdım ki. qeydiyyat kitabında adı yoxdur, vermədim. Getdi, ikinci dəfə yenə gəldi. Bu dəfə iki sənəd gətirmişdi: ölüm haqda şəhadətnamə və rayon icra hakimiyyətindən həmin şəxsin şəhid olması haqda arayış. Dedilər ki, ölüm haqda şəhadətnamənin təzələnməsini istəyirlər, razılaşmadım, getdilər. Üçüncü dəfə gəldilər, dedilər ki, qaçqın ailəsidir, imkansızdır filan. Mən də kömək etmək istədim. Onlara belə bir arayış verdim”.

Qeyd edək ki, təqsirləndirilən şəxslərin cinayəti törətdikləri sübutu yetirilərsə Əsli Həsənovanı 7 ildən 12 ilə qədər, Fazil Bayramovu isə 3 ilə qədər həbs gözləyir.

Murad Əhməd

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın