Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Xəyal Məmmədxanlı: “Sığorta probleminin həlli üçün sahibkarlara amnistiya verilməlidir ki…”

Xəyal Məmmədxanlı: “Sığorta probleminin həlli üçün sahibkarlara amnistiya verilməlidir ki…”

Son günlərin ən çox müzakirə olunan mövzularından biri də iri ticarət müəssisələrinin və bu müəssisələrdə çalışan sahibkarların mallarının sığortalanmamasıdır. Bu məsələdə dövlət qurumları qədər, sığorta şirkətləri də, sahibkarlar da qınanılır. 

Bəs, hazırda daşınmaz əmlakın və sahibkarların daşınar əmlaklarının sığortalanmaması, baş verən bədbəxt hadisələrdə sahibkarların heç bir kompensasiya ala bilməməsinin kökündə hansı səbəblər dayanır?

Sığorta eksperti Xəyal Məmmədxanlı mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əmlakın vəziyyəti bilavasitə sığorta şirkətinin mülahizəsinə təsir göstərir: “Onlar əmlakın vəziyyətini dəyərləndirir, sonra düşünür ki, mən bu əmlakı sığorta edim, ya etməyim. Və ya sığorta edəcəyəmsə, hansı şərtlərlə sığorta edim. Buraya bir çox faktorlar daxildir, onları da iki yerə bölmək olar. Birincisi, sığorta riskinə təsir göstərən maddi faktorlar, ikincisi sığorta faktına təsir göstərən insan amili. Təbii ki, burada binanın inşa olunması, istifadə olunan materiallar, onun içərisində həyata keçirilən fəaliyyətin növü, orada malların tez alışan maddədən ibarət olub-olmaması, ərazidə ixtisaslaşmış yanğın briqadasının olub-olmaması, ərazinin yanğın təhlükəsizlik sistemlərinin nə dərəcədə müasir və ya çevik olması və sair. Onlarla belə faktorlar var ki, bilavasitə sığorta şirkətinin mülahizəsinə təsir göstərir. Təbii ki, burada söhbət daha çox könüllü sığortalardan gedir. Təəssüflər olsun ki, “İcbari sığorta haqqında” qanunda icbari sığortalar zamanı belə halları və xüsusilə də standartlara cavab verməmə və sair halları əsas gətirərək  əmlakın sığortalanmasından imtina hüququ verilməyib. Əgər bina qəzalı deyil, yarımçıq deyilsə, sökülmürsə icbari sığorta edilməlidir. Ancaq binanın özünün dediyimiz bir çox faktorları bilavasitə sığorta şirkətinin mülahizəsinə təsir göstərir. Bu halda haqlı olaraq , sığorta şirkəti onları sığortalamaqdan imtina edə bilər.” 

Ekspertin sözlərinə görə, bu gün Binə, Sədərək ticarət mərkəzləri və ya Dərnəgüldəki hansısa bazar sığorta şirkətinə müraciət etsə, onların istənilən sığorta haqqı ilə sığortalanması qeyri-mümkündür: “Çünki yanğın təhlükəsizlik sistemi bərbad vəziyyətdədir, heç bir fəaliyyət normativlərə uyğun qurulmayıb, adicə bir panikadan insanlar ölə bilər. “Binə” kimi  ticarət mərkəzində istənilən yanğının söndürülməsi kifayət qədər çətinliklər yaradır. Kifayət qədər qısa müddətdə yanğın geniş bir ərazini əhatə edə bilər. Binanı sığortalayarkən, sığorta şirkəti hesablayır ki, bir binadan digərinə yanğının keçmə ehtimalı zəifdir. Ancaq bu cür bazarlarda yanğın qısa müddətdə yayılır, bir hissədən digərinə asanlıqla keçə bilir. Bütün bunlara gör, əlbəttə ki, sığorta şirkəti imtina edə bilər”. 

X.Məmmədxanlının sözlərinə görə, sığorta probleminin başında dayanan ikinci məsələ isə hesabatlılıqla bağlıdır: “Bəzi sahibkarlar öz əmlaklarının qiymətini real olaraq göstərmirlər. Bu təkcə yanğınla bağlı deyil. Hətta kənd təsərrüfatında da risklərin sığortası zamanı fermerlər   xərclərini bu şəkildə azaldırlar ki, vergiyə borcu çox olmasın. Həmdə vergiyə təqdim etdikləri kiçik rəqəmlərlə üst-üstə düşsün. Bu faktor da çox təəssüf olsun ki, əsas rol oynayır. İstər istehsal, istər emal, istərsə də, ticarətdə mən fəaliyyətin şəffaf olmasının tərəfdarıyam. Hətta bununla bağlı hökumətə belə bir təklif də verdim ki, bu gün bəzi sahibkarlar öz mallarını təqdim etməyə çəkinirlər. Onlar əgər 100 minlik mallarının olduğunu bəyan etsələr, sabah ondan soruşulacaq ki, bunu haradan almısan, sənəd təqdim etməlisən və sair. Mən bununla bağlı təklif verdim ki, vergilər Nazirliyi müəyyən bir müddətə , məsələn 1 illik amnistiya versin, bu sahibkarlar öz anbarlarında, mağazalarında  olan malları bəyan etsinlər. Vergilər Nazirliyi söz versin ki, həmin mallardan vergi tutulmayacaq və ya şərti olaraq 1-2 faiz tutulacaq. Ancaq bu mal satılıb bitdikdən sonra, məsələn 2020-ci ilin yanvarın 1-dən etibarən bütün fəaliyyətinizi rəsmi qaydada edəcəksiniz. Bu da ticarətin dövriyyəsinin şəffaflaşması istiqamətində bir iş ola bilər. Ancaq hətta sığorta şirkətləri bu gün həmin malları sığortalamaq istəsə belə bu mümkün deyil. Çünki dövriyyə şəffaf deyil və sığorta şirkəti bilməyəcək ki, hansı həcmdə, hansı qiymətdə mal yanıb. Çünki rəsmi dövriyyədə bu malların heç biri yoxdur. Sahibkar bir bazardan alıb gətirib digər bazarda satır. Bunlar da bu problemdir”. 

Ekspertin fikrincə, digər bir problem odur ki, Fövqəladə Hallar Nazirliyi yoxlamaları tam şəkildə həyata keçirə bilmir: “Keçmişdə və indi baş verən bütün yanğınlarda bu faktor özünü göstərir. Çünki bəzən yanğını söndürməyə yetərincə su olmur, halbuki iri ticarət mərkəzində bu su olmalıydı. Bu  gün Binə və Sədərək ticarət mərkəzlərində də bu təhlükə qalmaqdadır. Sahibkarlıq obyektlərində yoxlamaların dayandırılmasına gəlincə, bu dövri yoxlamalara şamil edilməlidir. Qanunda sığorta müqaviləsinin bağlanmamasına görə cərimə mexanizmi nəzərdə tutulubsa,  sahibkar qeyd etdiyimiz qərarı əsas gətirərək dövlət qurumunun yoxlamalarına əngəl ola bilməz. Ola bilər ki, həmin həssas dövrdə FHN əməkdaşları əhali ilə qarşı-qarşıya gəlməməyə çalışır. İnsanlar da bundan sui-istifadə edərək. Qanuni fəaliyyətini həyata keçirən dövlət orqanlarını da ittiham edirlər ki, bizi incidirsiniz, sizdən şikayət edəcəyik, prezidentin qərarını pozursunuz. Bu səbəbdən dövlət orqanları bir qədər geri çəkilirdilər. Ancaq buna əsaslanmaq olmaz. İnzibati Xətalar Məcəlləsinə görə, qanunun tələblərinə əməl olunmamasına görə cərimələrin yazılmasının sahibkarlıq yoxlamalarının dayandırılmasına heç bir aidiyyatı yoxdur”. 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …