Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Vasif Talıbovun 30 kitabının sirri

Vasif Talıbovun 30 kitabının sirri

Açığını desəm, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun 30 kitabı oxumaq məcburiyyəti gətirən sərəncamı barədə xəbərini eşidəndə bir çoxları kimi mənim də beynimdən məşhur atalar sözü keçmişdi: “Var idi hər yarağımız, çatmırdı saqqal darağımız”. Onu da etiraf edim ki, ilk əvvəl belə bir sərəncamın imzalandığına inanmağım gəlmir, yəqin, Naxçıvan rəhbərinə qarşı anti-kampaniya aparmaq üçün növbəti dezinformasiya uydurulduğunu düşünürdüm. Beynimdə yaranan suallara aydınlıq gətirmək üçün xəbəri tapıb oxumaq qərarına gəldim.

Elə ilk axtarış cəhdimdə həqiqətən də belə bir sərəncamın verildiyini anladım. Amma sərəncamla bağlı deyilənlər də tam həqiqəti əks etdirmirdi. Bu sərəncam heç də bütün Naxçıvan əhlinə 30 kitabı oxutdurmağı nəzərdə tutmurdu. Sadəcə, “gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılması üçün təhsil və mədəniyyət müəssisələrinin kitabxanalarında kitab guşələrinin yaradılması” və həmin kitabların o guşələrdə sərgilənməsi planlaşdırılırdı. Başqa sözlə desək, istənilən rayon rəhbərinin hansısa mədəni-kütləvi tədbir keçirilməsi barədə imzaladığı qərardan fərqli heç nə yox idi bu sərəncamda. Sərəncamla tanış olduqdan sonra gəldiyim qənaət belə oldu: bu sənədi bütün naxçıvanlılara məcburi kitab oxutdurulması kimi təqdim edənlər, sadəcə, bir qaşıq suda fırtına qoparmaq istəyənlərdir.

Bir növ, tövsiyyə, ağsaqqal məsləhəti xarakteri daşıyan sərəncamda yer alan 30 şanslı kitabın siyahısına baxdım. Siyahı da mənə yabançı gəlmirdi. Tövsiyyə edilən əsərlərin böyük əksəriyyətini tələbəlik illərində oxumuşdum. Oxumadığım sadəcə bir neçə əsər vardı. Siyahını gözdən gəzdirdikcə, məcburi kitab oxutdurmaq sərəncamı barədə fikirlərim büs-bütün dəyişildi. Bunu etiraf edərsəm, ictimai qınaqla qarşılaşacağımı düşündüyümdən bu günə qədər susdum. Fəqət, bəzi ziyalıların sərəncamı lağa qoyan tutumlarını israrla davam etdirdiyini görüb, bu barədə qənaətlərimi qələmə almağa qərar verdim.

Ondan başlayım ki, Vasif Talıbovun bu sərəncamını Türkmənbaşının türkmən xalqına öz kitablarını zorla oxutdurmaq qərarıyla müqayisə edənlər böyük haqsızlıqla məşğuldurlar. Türkmənistanın qurucu lideri Saparmurad Niyazovun “Ruhnamə”sindən fərqli olaraq, Vasif müəllimin tərtib etdiyi həmin siyahıda özünü və mövcud hakimiyyəti vəsf edən əsər yox dərəcəsindədir. Ona görə yox dərəcəsində deyirəm ki, siyahıda mənim oxuduğum əksər kitabların məzmununu az-çox bilirəm. Oxumadığım kitabların nədən bəhs etdiyindən xəbərsiz olduğumdan qəti fikir söyləməyə çəkinirəm.

Bunula belə, adı diqqətimi çəkən yalnız bir kitabın bəlkə mövcud hakimiyyətin tərifinə həsr olunduğunu güman etmək olar. Söhbət “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti”ndən gedir. Etiraf edim ki, ölkəmizin son dövrlər tarixinə imza atan bir liderin xalqa müraciətinin tövsiyyə edilməsi də mənə qəribə gəlmədi. Bugünkü Türkiyəyə baxdığımız zaman Atatürkün bütün nitqlərinin cəmləşdiyi “Nutuklar” kitabının yanında Heydər Əliyevin bir müraciəti dənizdə damla qədər azdır. Buna baxmayaraq, bir çoxlarımızın demokratikliyinə şübhə etmədiyimiz Türkiyədə “Nutuklar” kitabı orta məktəbdən tutmuş, ali təhsil ocaqlarına qədər gənc nəslə öyrədilir və bu, bizim beynimizdəki Türkiyənin demokratik imicinə zərrə qədər də təsir etmir.

Siyahıdakı tanıdığım və əksəriyyətini oxuduğum kitablara gəlincə, cəsarətlə demək olar ki, bu əsərlərin həqiqətən də gənc nəslə tanıdılması vacibdir. Ona görə ki, Azərbaycan mədəniyyətinin, tarix və ədəbiyyatının təməl əsərləri sayılan həmin kitabların oxudulmasının təşviqi gənclərimizin beynində dövlətçilik təfəkkürünün formalaşmasına xidmət edərdi. Bu iddiaya ağız büzməyə tələsmədən, gəlin, bəzi mətləblərə nəzər salaq.

Əvvəla, hər bir dövlətin və o dövlətin qurucusu olan millətin dəyişilən və dəyişilməyən dəyərləri var. Bu gün bir çoxumuzun böyük önəm verdiyi ərazi, ordu, iqtisadiyyat və sairə kimi dövlətin başlıca sifətləri əslində heç də dəyişilməyən dəyərlər deyil. Nə qədər Konstitusiyada dəyişdirilməsi mümkün olmayanlar siyahısına aid etsək də, tarix boyu Azərbaycan əraziləri dəyişilib və dəyişilməkdədir. Səvəfi imperiyası yaxud Nadir şah hakimiyyəti dövründə dünyanın az qala yarısına rəhbərlik edən Azərbaycan dövləti indi bir 86.6 min kvadrat km-lik dar bir sahəyə sıxışıb. Onun da 20%-i işğal altındadır. Bir zamanlar dünyaya hökm edən ordumuz da indi ancaq əldə saxladığımız bir ovuc ərazimizi qorumaq qüdrətinə malikdir. Bu ordu bəlkə yüz ildən sonra yenə dünyanın ən qüdrətli orduları sırasına düşə bilər və inşallah elə olacaq. Çünki dediyimiz ki, o da dəyişilən dəyərlərə aiddir. Bayrağımız da, pul vahidimiz də, dövlət adımız da tez-tez dəyişilib. Amma bunların heç biri bizim mövcudluğumuzu sıradan çıxarmayıb.

Bütün millətlər kimi, bizi də var edən, assimiliyasiyadan, yox olmaqdan qoruyan isə dəyişilməyən dəyərlərimizdir. İstənilən millət bu dəyərlərini itirmədikcə, ölmür, milli məfkurəsinə sarılaraq, itirdiyi məziyyətləri yenidən bərpa edir, böyüyür. Vaxtilə iki dəfə dünya müharibəsindən məğlubiyyətlə çıxan almanlar, yaponlar məhz dəyişilməyən milli dəyərlərinə sədaqətlərinin sayəsində mövcudluqlarını qorudular və böyüyə-böyüyə bu gün dünya hegemonluğuna can atırlar. Eynilə axırıncı dəfə 10 minlərlə il əvvəl özlərinin ən böyük dövlətlərini itirən yəhudilər milli gələnəklərinə bağlılıqlarının hesabına həyatlarını davam etdirib, indiki İsrail dövlətini qurdular və hazırda dünyaya hökm edirlər.

Milli məfkurə dediyimiz nəsnə isə millətləri millət edən sabit dəyərlərdir. Bura mədəniyyət, tarixi dünyagörüş, ədəbiyyat, xalqın hikmət xəzinəsi daxildir. Bu dəyərlərə ona görə dəyişilməyən dəyərlər deyilir ki, min illər keçsə belə, toplumun dünyaya baxışını formalaşdıran, ona millət özəlliyi qazandıran, tarixi şüurunda silinməz iz buraxan həmin əsərlər dəyişilmədən qalırlar. Min il keçsə də bizim gənc nəslimiz Dədə Qorqudun hikmət bulağından su içəcək, Nəsiminin, Füzulinin, Nizaminin şeirləriylə özünü dərk edəcək, Oğuznamələrlə babalarını tanıyacaq, onlar kimi qorxmaz, mərhəmətli, qəhrəman, zalım qarşısında “dikbaş”, məzlum qarşısında təvazökar olacaq. Naxçıvan MR Ali Məclisinin oxunmasını tövsiyyə etdiyi əsərlər də məhz bunları təbliğ edir.

“Kitabi-Dədə Qorqud” dastanı
3.”Atalar sözü” (Azərbaycan xalq ədəbiyyatı)

4.Nizami Gəncəvi. “Sirlər xəzinəsi”. Poema

5.”Nizaminin hikmət və nəsihətləri”

6.Nəsirəddin Tusi. “Əxlaqi-Nasiri”

7.Məhəmməd Tağı Sidqi. “Məktəb hekayələri”

8.Hüseyn Cavid. “Azər”. Poema

9.Cəlil Məmmədquluzadə. “Hekayələr”

10.Məmməd Səid Ordubadi. “Qılınc və qələm”. Roman

11.Qurban Səid. “Əli və Nino”. Roman

12.Məmmədhüseyn Şəhriyar. “Heydərbabaya salam”.Poema

15.Faruk Sumer. “Oğuzlar”

16.Rəşidəddin Fəzlullah. “Oğuznamə”

17.Yusif Balasaqunlu. “Qutatqu bilik”

27.Seyid Əzim Şirvani. “Seçilmiş əsərləri”. (Təmsillər)

Sözsüz ki, yalnız bir millət yalnız özünü tanımaqla qalmamalı, çevrəsində yaşadığı millətləri də tanımalı, onların yaxşı xüsusiyyətlərini götürməli, hikmət xəzinəsindən su içməlidir. Nədən ki, millətləri millət edən həm də qonşularıdır. Yaşanan ortaq talelər, birgə həyat zərurətləri, eyni mədəniyyət dairəsinə daxil olmaları millətləri də insanlar kimi yaxınlaşdırır, bir-birini tanımağa vadar edir. Üstəlik, artıq bəşəriləşən dəyərlər də millətlərin dünyagörüşünü formalaşdırır. Necə ki, Azərbaycan xalqının Nizamisi bir çox Şərq və Qərb xalqlarının dünyagörüşünün müəyyənləşməsində rol oynayıb, onun əsərlərindən faydalanan bir çox müəlliflər eyni adlı əsərlər yaradıb və mənsub olduğu xalqların düşüncə sistemini formalaşdırıblar, eynilə Azərbaycan insanının təfəkkürünün meydana gəlməsində də əcnəbi dahilər yer alıblar. Vasif müəllimin gənclərə tövsiyyə etdiyi kitablar arasında bəşəri təfəkkürün məxəzinə çevrilmiş bu əsərlər də var.

Bu yazı müəllifinin şəxsən oxuduğu bu əsərlərdə Azərbaycan xalqının özkeçmişi yatır. Özkeçmişini bilməyən, tanımayan insan isə yaşadığı dövlətin əsl vətəndaşı ola bilməz. Vətəndaşsız dövlət isə məhvə məhkumdur.

Təsadüfi deyil ki, bütün dövlətlər məhz bu həqiqəti əldə rəhbər tutaraq öz vətəndaşını yetişdiriblər. Yetişdirdikcə də mövcud olublar. Bütün dövlətlərin çöküşü isə milli məfkurəsini, tarixi şüurunu, müqəddəs ehkamlarına inanclarını itirdiyi andan başlayıb. Milli məfkurəsini itirən dövləti qüdrətli ordusu, möhtəşəm iqtisadi gücü, böyük əraziləri qoruya bilməyib, bilməyəcək də.

Tarix bunun bariz örnəkləriylə doludur. Heç uzağa getməyək, SSRİ dediyimiz imperiya nə qədər əlləşsə də, sovet insanı yetişdirə bilmədiyi üçün dağıldı. 600 il dünyanı lərzəyə gətirən Osmanlı imperiyası dağılışı ərəfəsində özünü qorumaq üçün əvvəl Osmanlıçılıq, sonra İslamçılıq ideologiyasının ətəklərindən yapışdı. Bunların heç biri nəticə verməyincə özünün əsl mahiyyətinə – Türkçülüyə sarıldı və indiki Türkiyəni doğurdu. Daha qədim tarixə nəzər salsaq, dünyanın super güclərindən sayılan Sasanilər o zamana qədər heç bir mədəniyyət yarada bilməyən, bədəvi kimi tanınan ərəblərin qarşısında duruş gətirə bilmədilər. Çünki ərəblər özlərini bir məfkurə altında birləşdirən kitabına qovuşmuş, Sasanilər isə onları dünya qüdrətinə çevirən zərdüştçülükdən uzaqlaşmışdılar. Artıq Avesta Sasani toplumu üçün milli həmrəylik məxəzi olmaq özəlliyini itirmiş, zülmü, istismarı legitimləşdirən təməl qaynağa çevrilmişdi.

Azərbaycan dövləti də 25 ildir mövcud olmasına baxmayaraq, özünün milli təfəkkürünü gənclərə aşılamaqda xeyli geri qalıb. Nə məktəblərimizdə milli-mədəni dəyərlərimiz təbliğ olunur, nə də dövlət orqanlarımız bunu təşviq edən mədəni-kütləvi tədbirlər keçirir. Ali məktəblərə rüşvətsiz qəbulun yolunu açan test üsulu da bütün faydalı tərəflərinin olmasına baxmayaraq, gənc nəslin öz mədəni-tarixi mirasını mənimsəməsinə tam şərait yarada bilmir. Övladlarımız onlara öyrədilən dərsləri ancaq test üsuluna müvafiq qaydada mənimsəməklə işlərini tamamlanmış sayırlar.

Şəxsən mən bu xüsusiyyətləri öz övladlarımda müşahidə etmişəm. Onların hər ikisi ali məktəblərə qəbul imtahalarında yüksək bal toplamalarına rəğmən, “Kitabi Dədə Qorqud”u tam oxumayıblar. Yaxud Şəhriyarın “Heydər Babaya salam” poemasının incəliklərinə vaqif deyillər. Eyni sözləri Cəlil Məmmədquluzadənin hekayələrinə, Faruk Sumerin dəyərli tarixi araşdırmalarına, Rəşidəddin Fəzlullahın “Oğuznamə”sinə, Yusif Balasaqunlunun “Qutadqu bilik”inə və sair əsərlərə də şamil etmək olar.

Vasif Talıbovun məlum sərəncamı Azərbaycan dövlətçilik ənənələrinin inkişaf etdirilməsi prosesində mövcud olan boşluğu doldurmaq niyyəti daşıyır, türk milli şüurunu möhkəmləndirir və onun barəsində illərlə formalaşdırılmış təsəvvürləri alt-üst edir. Məncə, Naxçıvan Ali Məclisi sədrini tənqid etmək istəyənlər kitab sərəncamına yox, Muxtar Respublikadakı daha başqa məsələlərə nəzər salsalar, yaxşıdır. Təbii ki, əgər, illah da tənqid etmək zərurəti hiss edirlərsə…

Heydər Oğuz

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın