Şənbə , Aprel 27 2024
Ana səhifə / Şəxsi həyat zorla ictimailəşəndə… – Məmməd Süleymanov

Şəxsi həyat zorla ictimailəşəndə… – Məmməd Süleymanov

mamedGünlərdir informasiya küyü ilə müşayiət olunan, gündəmi basan, rasionalizasiya olunan mövzu: döyənlər möhkəm döyüb, yoxsa yox? Döyülən niyə danır və şikayət ərizəsi yazmır? Döyülən filankəsdir, yoxsa bəhmənkəs?

Zərərdidənin bioqrafiyasının detallarının ictimailəşdirilməsi… Onun atasının etirazlarının bəzən qəddarcasına, bəzən ironiya ilə cavablandırılması…

Dayanın bir, bu toplumun başqa problemi yoxmu? Niyə bu mətbuat əvəzində Taleh Xasməmmədovun başına gələnləri araşdırmır, onun indi hansı vəziyyətdə və harada olduğunu tədqiq etmirsiniz? Niyə qardaşının yerinə səhvən tutulan Sirac Kərimlinin 6 il həbs cəzası almasını günün mövzusuna çevirmirsiniz, analiz etmirsiniz, ədalətsizliyin doğurduğu qəzəbi və qınağı bu istiqamətə yönəltmirsiniz?

Anlayıram, mətbuat çoxdan “sarı” da yox, “tünd sarı” olub. Anlayıram, sifariş gündən-günə daha çox mövzuları qadağan edir. Ancaq bu karlikliyi Qarqantua ölçüləri ilə ört-basdır etmək ürəkbulandırıcıdır.

Döyənlər və döyülən var. Döyənlər cəzalandırılmalıdır, polis və məhkəmə bu funksiyanı yerinə yetirməlidir. Hətta yerinə yetirməzsə belə, qəzetlərin yazmağı ilə fikrindən daşınıb öz görməli olduğu işi görməyəcək – sifariş necədirsə, o cür də qalacaq, mətbuat burada aciz və gücsüzdür (səbəblərini də özündə axtarsın). Onda biz ucuz şou ilə üz-üzə deyilikmi? Şübhəsiz.

İctimai ideallardan məhrum dövrlərdə məişət fetişləşdirilir. Gözəlliksiz və sevgisiz dövrlərdə qəlb bədənə, bədən isə ət parçasına çevrildilir və vəsf olunur. O dövrlərin növbəti epizodundayıq.

Deyirlər ki, filankəs ictimai xadimdir, odur ki, onun şəxsi həyatı da cəmiyyət üçün maraqlıdır. Yalan! Min qat yalan! Şəxsi həyat ictimai deyil, şəxsidir və şəxsi olaraq da qalmalıdır. O, ictimailəşdirilirsə, deməli, insan özünə hörmət eləmir. Ya da fərdin son, yeganə sığınacağı olan dəyərlər də onun əlindən zorla alınır. Başqasını gündəmdə biabır etməyin, onun şəxsi həyatının gizlinlərini ictimaiyyətin ayaqları altına sərməyin həmin fərdi müdafiə etməklə hansı əlaqəsi ola bilər?

İnsanı biabır edirlər, sonra da deyirlər – biz onun yaxşılığı üçün edirik. Əgər insan öz şəxsi həyatında yadların goreşən kimi qurdalanmasına etiraz edirsə, onda da başlayırlar həmin insanı ələ salmağa, ironiya etməyə.

Ən “ağıllılar”ı və “humanistlər”i isə birbaşa onun üzünə qışqırır: “Utanmırsan! Biz sənə yaxşılıq etmək istəyirik, sən qədirbilməz məxluq isə şəxsi həyatını bizdən gizlədirsən!”.

Elələri də tapılır ki, qurbanlığını utandırmağa çalışır: “Buna bir bax, utanmadan şəxsi həyatını bizdən gizlədir!”

Yaxud 8 mart gecəsi baş vermiş məişət qalmaqalını erkək-qadın müstəvisində ümummilli problem kimi qabardaraq döyülən qızı müdafiə etmək adı ilə ona zərbələr vuranların vecinə də deyil ki, onlardan hər cür intonasiya ilə bircə xahişdə, yaxud tələbdə bulunurlar: “Bizi rahat buraxın. Dava olub, tamaşa etdiniz, indi də dağılışın”.

Yox, dağılışmaq olmaz, məişət qovğasını hətta siyasi, ictimai, kulturoloji, sosioloji, gender problemi kimi təqdim etmək lazımdır. Lazımdır ki, bir dəfə fərdlər tərəfindən döyüləni indi də bütün millət döysün – videoya baxmaqla, “Səhərə yaxın qızın küçədə nə işi vardı” deməklə, “Niyə baş verənləri danır” soruşmaqla, təhqir etməklə, şəxsi həyatında eşələnməklə, məsələyə onun atasını qoşmaqla, sonra mövzunu qızdan ataya keçirməklə, onun pis tərbiyə verdiyini iddia etməklə…

Bir sözlə, mövzunu çeynəməklə, “Çin işgəncəsi” verməklə insanı doğulmağına peşman etmək, bezdirmək, depressiyaya salmaq… Hamısı da “ədalət və həqiqət” çağırışları altında…

Erkəklər qadına əl qaldırıb. Və əgər siz zorakılığın əleyhinəsinizsə, baş verən məişət murdarlığına bu dərəcədə dözümsüzsünüzsə, qurbanlığın qeydinə qalırsınızsa, onu müdafiə edirsinizsə, onda niyə onu bu dərəcədə alçaldırsınız?

“De ki, orada sən olmusan! Yalan danışma!” notasiyası oxuyanlar guya ki, incidiləni müdafiə edirlər. Onda sizin üçün məhz kimin döyülməsinin nə anlamı var? Qadınlara qarşı zorakılığın əleyhinə çıxan bu “səmimi”lər ümumiyyətlə zorakılıq qurbanlarını müdafiə etməlidir. Onda niyə onlara identifikasiya, konkret ad-soyad, məhz kimin döyülməsi bu dərəcədə əhəmiyyətlidir? Ədalət çarpışmasında fərdin kimliyinin nə əhəmiyyəti var?

İraqda, Suriyada qanlı hadisələrin qurbanlarından hansılarınısa yox, hamısının halına yanılmalıdır. Diktatura qurbanlarını seçici şəkildə müdafiə etmirlər. Var insan, var onunla qəddar davrananlar. İnsana qahmar çıxmaq gərəkdir – onun kimliyindən asılı olmayaraq.

“Ad söylə, ad” tələbində bulunanlar qətiyyən insanı müdafiə etmirlər. Onlar şou düzəldirlər. Onlar küçə davasının heç vaxt bitməməsini arzulayan tin avaraları kimidirlər. Ki, sonra – əvvəl-axır dağılışmaq əmri veriləndə başlarını aşağı salıb tinlərinə dağılışsınlar, orada isə yüksək materiyalardan, haqq-ədalətdən danışsınlar, döyülənə acısınlar, döyənin dalınca danışsınlar.

O qıza döyülməyi nə qədər xəcalətli və ağrılıdırsa, ictimailəşməyi, “bulaq radiosu”nun obyektinə çevrilməyi ondan ölçüyəgəlməz dərəcədə daha ağrılıdır. Bizim “həqiqət tərəfdarları” isə bu ağrını artırmaq üçün əllərindən gələni də, gəlməyəni də edirlər. 8 mart gecəsi alınmış zərbələrə “O qızı xilas edək” şüarı altında fasiləsiz yeni zərbələr vururlar.

Şəxsi həyatın zorla, həmin şəxsin istəyinə rəğmən ictimailəşdirilməsinin heç bir azadlığa və məsuliyyətə dəxli yoxdur. Bu, kannibalizmin və sadizmin bir formasıdır. Bu, zorakılqdır. Və bunu “zorakılığa qarşı çıxanlar” edir.

Üstəlik, heç bir ictimai əhəmiyyət daşımayan məişət qovğasının gündəmə gətirilməsi və gündəmdən çıxarılmasına hər vəchlə mane olmaq nəinki mədəniyyətsizlikdir, əsl barbarlıqdır. Bu barbarlıq isə dürlü azadlıqlar bayrağı altında aparılır. Anlayışların təhrifi və tərsinə çevrilməsi.

Əgər hansısa şəxs dəyərləri məchul və qaranlıq olan, tamaşa və şouya toplaşan toplum tərəfindən özünün şəxsi həyatının müzakirəsinə qarşıdırsa, burada nə qəbahət var? Əksinə, müəyyən mənada o, hörmət doğurur. Şəxsi həyatının dörd küncdə qeybətə çevrildilməsini istəməyən birisi onun adını hallandırmaq üçün dəridən-qabıqdan çıxanlardan yüksəkdə dayanır. Bu sonuncuların məişət detalları mətbuatın mövzusu olsaydı, razılaşardılarmı? Şüşə evdə yaşayanlar başqasının evinə daş atmamalıdır.

İctimai həyat öləndə şəxsi həyat ictimailəşdirilir. Ən böyük mədəniyyətsizlik də elə budur…

Həmçinin oxuyun

Rusiyadan Azərbaycana kəsim üçün gətirilən əti monopoliyada saxlayan kimlərdi?..-Video

Azinforum.az Rusiyadan kəsim üçün Azərbaycana gətirilən ətin monopoliyasına nəzarət edən şəbəkə ilə bağlı maraqlı araşdırma …

Bir cavab yazın