Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Rayonlar pulu hardan alacaq? – ŞƏRH

Rayonlar pulu hardan alacaq? – ŞƏRH

2020-ci ilin dövlət və icmal büdcələrinin layihələrində Azərbaycanın 40 şəhər va rayonunun gələn ildən öz xərclərini yerli gəlirlər hesabına qarşılayacağı qeyd olunub. 

Maraqlıdır, dövlət büdcəsindən rayon və şəhərlərə dotasiya ayrılmamasının səbəbi nədir? Bu qərar həmin rayonların inkişaf prosesinə necə təsir edəcək? 

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, həmin 40 rayon və şəhərə müxtəlif istiqamətlərdən vəsait ayrılacaq, çünki regionların təkbaşına özlərinin maliyyələşdirməsi mümkün deyil:

“Üç dəfə regionların inkişaf proqramları qəbul olunsa da, regionların dövlət bücəsinin formalaşmasında, hətta özünü maliyyələşdirməsində ciddi bir irəliləyiş əldə edilməyib. Kənd təsərrüfatı və digər sahələrdə müəyyən addımların atılması regionlarda gəlir mənbələrinin yaradılması və özünü maliyyələşdirmə sisteminə keçidlə bağlı müəyyən irəliləyişlərin olduğunu göstərmə cəhdidir. Hökumət nümayiş etdirmək istəyir ki, artıq regionların bir qismi özünü maliyyələşdirəcək və bununla da dövlət büdcəsinə yük olmayacaq. Amma burada bir önəmli məsələ var. Əslində, bütün regionlara, həmin o 40 regiona da gələn il ərzində müxtəlif istiqamətlərdən vəsaitlər ayrılacaq. Mən əminəm ki, gələn il dövlət büdcəsindən, Ehtiyat Fonddan, nazirliklərin bəzi layihələrindən regionlara yenə pul ayrılacaq, bu ayrılmasa, regionların ayağa qalxması mümkün deyil. Ona görə mümkün deyil ki, yerli büdcənin formalaşdırılması vergisi yoxdur”. 

Natiq Cəfərli vurğulayıb ki, regionlarda özünümaliyyələşdirmə ona görə mümkün deyil ki, yerli vergi anlayışı  mövcud deyil: 

“Yerli özünüidarəetmə institutları normal formalaşmadığı üçün yerli vergi anlayışı bizdə yoxdur. Vergilər mərkəzləşdirilmiş qaydada daxil olur. İndi isə əgər belə bir addımın atılması hökumət tərəfindən məqbul sayılırsa, o zaman vergi qanunvericiliyində müəyyən dəyişikliklər edilməli, yerli vergi anlayışının qanunvericiliyə daxil olması lazımdır. Bu olmasa, yəni yerli vergilərdən ayrıca daxilolmalar olmasa, bu zaman regionların özünü idarəetməsi və yaxud özünü maliyyələşdirməsi mümkünsüz görünür. Sadəcə, belə başa düşürəm ki, regionlarda qeydiyyatdan keçmiş fiziki və hüquqi şəxslərin ödədiyi vergilərin bir qisminin həmin regionun ərazisinə qalması müzakirə olunur. Yəni gələn ildən belə bir addımın atılması mümkün görünür. Amma bu da yetərli deyil. Yerli büdcələrin formalaşdırılmasının sərt qaydası müəyyənləşməlidir ki, yerli özünüidarəetmə irəli getsin, həm də yerli büdcələrin formalaşmasının qaydaları müəyyənləşsin”. 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …