Çərşənbə , İyun 19 2019
Ana səhifə / Keçmiş müdafiə naziri Ali Baş Komandana səsləndi…

Keçmiş müdafiə naziri Ali Baş Komandana səsləndi…

Keçmiş müdafiə naziri Rəhim QazıyevModerator.az-a göndərdiyi yazıda son günlər cəbhə bölgəsində yaranmış durumu və Dağlıq Qarabağda yaşayan ermənilərin rəsmi İrəvandan bezməsini əsas gətirərək prezident, Ali Baş Komandan İlham Əliyevə aşağıdakı müraciətdə bulunub:
“Nankor qonşularımız arxasında dayanan supergüclərə arxalanaraq Azərbaycana qarşı ərazi iddiası ilə XIX əsrdən davam edən elan olunmamış müharibənin növbəti mərhələsinin başlanmasından 27 il keçir. Bu müddətdə müstəqilliyini əldə etmiş Azərbaycan dövləti xeyli itkilər versə də, bu sahədə kifayət qədər həm siyasi, həm də hərbi təcrübə toplayıb. Ermənilərin ərazi iddialarının saxta tarixi faktlara söykənməsini nüfuzlu beynəlxalq qurumlar dünya ictimaiyyəti qarşısında təkzibolunmaz tarixi mənbələrə istinad edərək sübuta yetirib. Zaman keçdikcə Azərbaycan hakimiyyətinə, xalqımıza tam çılpaqlığı ilə supergüclərin “Qarabağ” kartından öz korporativ maraqları naminə riyakarcasına istifadə etdikləri tamamilə aydındır. Artıq nəinki ölkəmizdə olan siyasi qurumlar (istər iqtidar, istərsə də  müxalifət), hətta orta savada, normal təfəkkürə malik hər bir vətəndaşımız çox yaxşı dərk edir ki, həmin qlobal güclər öz maraqları naminə artıq xroniki yaraya çevrilmiş “Dağlıq Qarabağ” düyününün uzun müddət dondurulmuş halda qalmasında son dərəcə maraqlıdırlar. Kimsəyə sirr deyil ki, ATƏT-in  Minsk qrupunun üzvü olan Rusiya, ABŞ və Fransa hər biri ayrı ayrılıqda aşıq-aşkar Ermənistanın mövqeyini dəstəkləyirlər. Deməli, yuxarıda adlarını qeyd etdiyim həmin üç dövlətin birlikdə bu məsələni ədalətlə, beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycanın xeyrinə həll edəcəyinə inanmaq mülayim desək sadəlöhvlük olardı. Lakin bu aşkar, danılmaz həqiqəti lap yuxarı rəhbərlik səviyyəsində səlahiyyət və söz sahibi olan şəxslər bilsə də bu illuziyaya nə az, nə də çox düz 24-ildir ki, həm özlərini inanmış kimi göstərirlər, həm də xalqı da bu mifə inandırmağa çalışırlar!?
Mən ATƏT-in Minsk qrupunun bu 24 ildə bir çox beynəlxalq tədbirlərdə dəfələrlə utanıb çəkinmədən Azərbaycanın ərazi bütövlüyünü müdafiə etməkdən imtina etdiklərini, əksinə, Ermənistanın saxta ittihamlarının tərəfində olduqlarını sübut edən, artıq hamının bildiyi çoxsaylı faktları misal gətirməklə vaxtınızı almaq istəmirəm. Əgər bu hamımızın bildiyi danılmaz bir həqiqətdirsə, deməli ATƏT-in Minisk qrupunun və həmin qrupu təmsil edən Rusiyanın, ABŞ-in və Fransanın “DQ” münaqişəsinin tənzimlənməsində iştirakından Azərbaycan dövləti konkret çoxsaylı faktları ortaya qoyaraq qəti imtina etməlidir.
“DQ” və Ermənistanla sərhəd rayonlarında vəziyyətin artıq açıq müharibə vəziyyətində olması, Ermənistanın daxilində gərginliyin artması, ictimai-siyasi vəziyyətin partlayış həddinə çatması, nəhayət və ən başlıcası Azərbaycanın iqdisadi, həm də hərbi potensialının düşmən tərəfdən qat-qat üstün olması ölkə rəhbərliyini və bütövlükdə bütün daxili siyasi qüvvələrin “DQ” münaqişəsinin həllinə yeni müstəvidə, fərqli baxışın ortaya qoyulmasını günün zəruri tələbinə çevirir.
Danılmaz həqiqətdir ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağda sosial-iqdisadi, siyasi durumu günü-gündən ağırlaşır. 27 illik müharibə şəraitində həmin ərazinin erməni əslli Azərbaycan vətəndaşlarının həyatı faciəli və iqdisadi cəhətdən son dərəcə dözülməzdir. 27 il öncə “Böyük Ermənistan” xülyası ilə beyinləri doldurulub psixoz-eyforiya vəziyyətinə salınan Dağlıq Qarabağın erməni əslli yoldan çıxarılmış Azərbaycan dövlətinə qarşı qiyam etmiş həmin “asilər” indi əsl həqiqətləri dərk edib, aldandıqlarını çox yaxşı anlayırlar. Yaxşı bilirlər ki, onlara gözəl həyat vəd edib normal həyatlarını cəhənnəmə çevirən Manukyanlar, Sarkisyanlar, Ohanyanlar, Koçaryanlar və digər liderlər əllərinin zəhməti ilə yaşayan, indi dilənçiyə çevrilmiş, övladlarını qurban  vermiş bu bədbəxt ermənilərin hesabına dünyanın ən varlı adamlarına çevrilərək harın həyat sürməkdədirlər.
Dağlıq Qarabağın bu bədbəxt, öz şərəfsiz “lider”-ləri tərəfindən aldadılmış erməni əsilli Azərbaycan vətəndaşları hansı faciyə, bədbəxtliklərə dükar olduqlarını çox yaxşı dərk ediblər.
Düşünürəm ki, mən bu qısa yazıda qeyd etdiklərimi, qeyd etmək imkanımın olmadığı, Dağlıq Qarabağda erməni əslli yolunu azmış Azərbaycan vətəndaşlarının bu faciədən qurtulması üçün ölkə rəhbərliyi ciddi düşünməli, təxirəsalınmaz tədbirlər planı hazırlamalıdır.
Hesab edirəm ki. Azərbaycanın prezidenti-Ali Baş Komandanı  Dağlıq Qarabağın erməni əslli vətəndaşlarımıza, onların səhvlərini, günahlarını etiraf edib ölkə konstitusiyasına, digər hüquqi-normativ vətəndaş aktlarına tabeçilik göstərdikləri halda yenidən Azərbaycan Dövlətinin himayəsi altında təhlükəsizliklərinə təminat verilməklə normal həyata qayıtmalarının mümkünlüyünü rəsmi şəkildə bəyan etməlidir.
Təbii ki, bu humanist və insanlığa xidmət edən müdrik addım ancaq 1988-ci ilin fevral ayına (həmin itaətsizliyin başlandığı ay) kimi Dağlıq Qarabağ ərazisində yaşamış erməni əslli Azərbaycan SSRİ-nin vətəndaşlarına şamil edilməlidir.
Şübhəsiz, bu mənim düşüncəmdir. Bu ideya ətrafında geniş müzakirələr aparıla bilər və aparılmalıdır da.
Mən qəti əminəm ki, nə ATƏT, nə digər yeni yarana biləcək hər hansı beynəlxalq qurum bu irinli-qanlı problemi Azərbaycan xalqı və dövləti kimi cani dildən, heç bir digər maraq güdmədən həll etmək istəməyəcək. Artıq uzun illərin təcrübəsi kimsədə şübhə qoymur ki, bu qurumlar heç bir vaxt Dağlıq Qarabağ münaqişəsini ədalətli həll etməyəcək. Azərbaycan öz ərazisinin ayrılmaz hissəsi olan Dağlıq Qarabağ problemini tezliklə həll edib bu problemdən birdəfəlik xilas olmalıdır. Mən zərrə qədər şübhə etmirəm ki, erməni əslli Azərbaycan vətəndaşları bu qeyri-insani yaşayş tərzindən bezib cana gəliblər. Onlar Azərbaycan dövlətindən bu təklifi səbrsizliklə gözləyirlər. Ermənistan və Dağlıq Qarabağda baş verən son hadisələr mənim bu fikrimi bir daha təsdiq edir.”

Həmçinin oxuyun

Aynar Məmmədov baş müşavir oldu – SƏRƏNCAM

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu, sabiq millət vəkili Elton Məmmədovun oğlu Aynar Məmmədova …

Bir cavab yazın