Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Jurnalist Bakı DYP-sinin alay komandiri Rəşadət Babayevdən şikayətçidi – Qalmaqal

Jurnalist Bakı DYP-sinin alay komandiri Rəşadət Babayevdən şikayətçidi – Qalmaqal

“Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili Bakı şəhər Dövlət Yol Polisi İdarəsini məhkəməyə verib. Bu barədə baş redaktorun özü məlumat verib.

Azinforum.az həmin eksklüziv müsahibəni təqdim edir:

-Asif müəllim, Bakı şəhər Dövlət Yol Polisi İdarəsini məhkəməyə verməyiniz barədə facebook səhifənizdə məlumat aldıq. Adətən jurnalistlərə qarşı hörmət-izzətli olan yol polisi əməkdaşlarının bu dəfə hansı hərəkəti buna səbəb olub?

– Oxuculara aydın olsun deyə, qısa da olsa yaranmış problem barədə məlumat vermək istəyirəm. Beləliklə, 18 fevral 2015-ci il tarixdə, saat 08-50 radələrində idarə etdiyim şəxsi avtomobilimlə yaşadığım Tağızadə (indiki Fəzail Bayramov küçəsi) küçəsindəki evimin həyətindən çıxaraq qəflətən halı pisləşmiş, yüksək temperaturu olan ailə üzvlərimdən birini həmin küçədə yerləşən və Xətai rayon Prokurorluğunun qarşısında olan “Medeks Hospital”ının “Qəbul şöbəsi”nə çatdırmaq istəyirdim… Həmçinin məqsədim rəhbəri olduğum “Təzadlar” qəzeti redaksiyasının 2014-cü ildə rayon üzrə baş vermiş ağır cinayətləri törətmiş şəxslərin yaşa görə qruplaşdırılmasına dair rəsmi sorğu məktubunu həmin küçədə, həmin hospitalla üzbəüzdə yerləşən Xətai rayon Prokurorluğuna təqdim etmək idi… Hava qarlı-çovğunlu və sərt küləkli olduğundan (sinoptiklərin həmin günə olan məlumat-proqnozu da bunu təsdiqləyir) xəstəni avtomobilimlə adı çəkilən hospitalın qarşısına gəldim. Onu da deyim ki, həmin hospital yaşadığım binanın tinindədir, yəni 6-8 metrliyindəki aralıqda Əvvəlcə qəbul şöbəsinə yaxınlaşdım. Dedilər ki, bizə lazım olan həkim qarlı hava şəraitinə görə işə gecikir. Ona görə də başqa xəstəxanalardan birinə baş çəkmək üçün həmin küçədən çıxaraq Xocalı prospektinə paralel, Azərbaycan Ali Məhkəməsi yerləşən Y.Səfərov küçəsinə doğru-sağa yoluma davam etdirdim… Təxminən yarım kilometr aralanmışdım ki, arxadan gələn 10-YP-507 dövlət nömrə nişanlı DYP avtomobili mənə Xətai RPİ-nin 37-ci polis bölməsinin qarşısında “Saxla” işarəsi verdi. Avtomobilimi saxladım və özünü təqdim etməyən, sadəcə, “Polis baş serjantı” deyən, sonradan adı və soyadını öyrəndiyim Davud Cavan oğlu Şərəfxanov sənədlərimi tələb etdi. Nə baş verdiyini soruşdum. Bildirdi ki, “Hərəkət qadağandır” nişanı qoyulmuş küçədən keçmişəm. Mən redaksiyanın rəsmi sorğu məktubunu həmin yol nişanının təsir dairəsində yerləşən Xətai rayon Prokurorluğuna, qızdırma içərisində olan ailə üzvlərimdən birini isə prokurorluğun inzibati binası ilə üzbəüzdə yerləşən hospitala gətirdiyimi bildirdim. Üstəlik, həmin küçədə yaşadığımı onun diqqətinə çatdırdım, hətta şəxsiyyət vəsiqəmi belə ona təqdim etdim ki, yaşadığım ünvanı doğru göstərdiyimə inansın… DYP əməkdaşına, həmçinin hospitalın girişinin və “Qəbul şöbəsi”nin məhz həmin yol nişanının təsir dairəsində yerləşdiyi halda, xəstələrin buraya necə daxil olmasının mümkünlüyü barədə sual verəndə o, bərk əsəbləşdi. Mənə qarşı kobud davranan, hətta sonradan bu söz-sual mübahisəsinə görə əraziyə polis qüvvələri çağıracağını deyərək qışqırıb məni hədələyən inspektor protokol yazmaqda israrlı olduğunu bildirdi. Yəqinki həmin görüntülər video-kamerasının yaddaşında saxlanılır… Halbuki həmin an mən ona qeyd olunan yol nişanının təsir dairəsində yerləşən hospitalın qarşısında onlarla avtomobilin dayandığını da xatırlatdım. Bildirdim ki, onlar “Hərəkət qadağandır” yol nişanının təsir dairəsinə necə daxil olublarsa, eləcə də oradan çıxmalıdırlar. “Elə isə həmin hospitala xəstəni necə gətirmək olar?”, deyə verdiyim sualımdan əsəbləşən inspektor protokol yazmaq istədi. Təkrarən ona həmin nişanın qanunsuz yerləşdiyini, bu ərazidə statusunun olmadığını bildirdim. Bu zaman o, mənimlə olduqca aqressiv davrandı və üstümə qışqıra-qışqıra “Mən Prezidetin mühafizəsində olan adamam, mənə göstəriş vermə, yoxsa sənə əlavə polis çağırıb barəndə ciddi tədbir gördürərəm” və s. deyərək, əslində, özünün qanunsuz və əsassız, qərəzli hərəkətinə bəraət qazandırmağa çalışdı. Elə həmin anda qeyd olunan küçədən 95 saylı avtobusun, bir neçə avtomobilin keçdiyini də gördük və polis serjantı D.Şərəfxanov bundan pərt olubmuş kimi daha da qəzəbləndi. Qısası, protokol yazdı. Nəticədə mən qanunsuz və əsassız yazılmış həmin protokola etirazımı qeyd etdim…
-Ümumiyyətlə, “Hərəkət qadağandır!” yol nişanının qeyd olunan əraziyə qoyulması nə dərəcədə əsaslıdır, bunu inspektordan soruşdunuzmu?
-Əlbəttə, soruşdum və xahiş etdim ki, həmin yol nişanının oraya nə məqsədlə qoyulmasını, bu nişanın həmin ərazidəki rolunun nədən ibarət olduğunu izah etsin… Çünki bu mümkün olan məsələ deyil ki, xəstəxana və prokurorluğun binası yerləşən əraziyə belə bir nişan qoyulsun. Tutalım bir cinayətkar sizi təqib edir və siz özünüzü onun əlindən qurtarmaq üçün Xətai rayon Prokurorluğunun qarşısına qaçıb gəlirsiniz. Belə çıxır ki, sizə həyatınızı xilas etməyinizə görə hələ bir cərimə də gözləyir? Yaxud, ağır vəziyyətdə, qan içində olan bir xəstəni oradakı xəstəxanaya çatdırmısınız, humanizim prinsipi göstərmisiniz, bununla da bir nəfərin həyatını xilas etmisiniz. Buna görə sizə cərimə yazılmalıdır? Mən fürsətdən istifadə edərək daxili işlər naziri cənab Ramil Usubova, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi cənab Ramiz Zeynalova, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi cənab Nuşirəvan Səfərova müraciət edirəm: cənab nazir, hörmətli rəis! “Hərəkət qadağandır” yol nişanının Xətai rayon Prokurorluğunun, “Medeks Hospital”ın qarşısına qoyulmasında məqsəd nədir? Bu nişanın həmin əraziyə qoyulması hansı zərurətdən irəli gəlmişdir? Əgər bu Xətai rayon Prokurorluğuna görədirsə, onda ən yaxşısı budur ki, prokurorluğun qarşısına şlaqbaum qoyulsun ki, vətəndaşlar ağır xəstələrini hospitala cərimələnərək gətirməsinlər. Ümumiyyətlə, bu nişanın həmin əraziyə qoyulması absurd məsələdir, başqa niyyət daşıyır… Necə olur ki, Baş Prokurorluğun, Prezident Administrasiyasının… qarşısına “Hərəkət qadağandır” yol nişanı qoyulmur, amma Xətai rayon Prokurorluğunun qarşısında belə bir nişanı qoyaraq hər gün yüzlərlə sürücünü cərimələyib onsuz da zəif olan sosial durumunu bir az da ağırlaşdırırlar? Mənim yol polisi əməkdaşlarına böyük hörmətim var və bunu həmişə özümə qarşı da görmüşəm. Amma adını qeyd etdiyim D.Şərəfxanov, hesab edirəm ki, həmin gün düzgün iş görmədi… Qarşılıqlı xətir-hörmətə kölgə saldı. Bundan artıq nə deyirəm. İnanıram ki, istər cənab nazir Ramil Usubov, istərsə də cənab rəis Ramiz Zeynalov bu məsələdə ədalətli qərar verəcəklər. Əgər sübut olunsa ki, cənab Şərəfxanov doğru yol tutub, mən məhkəmədəki ərizəmdən imtina edəcəyəm və üzərinə artıq xeyli miqdarda faiz gəlmiş cəriməni ödəyəcəyəm…

-Bəs məhkəməyə üz tutmağınıza səbəb nə oldu? Bəlkə elə əvvəlcə aidiyyəti rəhbərliyə müraciət edəydiniz, şikayətiniz araşdırılaydı…

-Mən səbrlə davrandım və əvvəlcə, hətta mətbuatda bu məsələyə dair heç bir məlumat dərc etdirmədən DYP inspektorunun barəsində 19 fevral 2015-ci il tarixdə həmin anda çəkilmiş fotoşəkillərlə bərabər şikayət ərizəmi Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki cənab N.Səfərovun adına göndərdim. Ərizəmdə əsassız, qərəzli şəkildə mənə protokol yazmış inspektorun barəsində tədbir görülməsini xahiş etsəm də, indiyədək rəsmi cavab almamışam. Doğrudur, ərizəmlə bağlı soyadını unutduğum İsmayıl adlı təhqiqatçı məni idarəyə dəvət etdi. Təqdim etdiyim foto şəkillərlə birlikdə baxış keçirildi və s. Doğrudur, bu məsələyə dair rəyi öyrənilən idarənin digər bir əməkdaşının sözü bu oldu ki, inspektor D.Şərəfxanov nişana görə cərimə yazıb, onun ora qoyulması qanunsuz olsa da belə… Dedim ki, axı bu necə ola bilər? Onda hospitalı və ya prokurorluğu oradan köçürsünlər… Elə təhqiqatçının yanından çıxan kimi Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Alay komandiri Rəşadət Babayevin qəbulunda oldum. Haqqına desəm, rəis məni çox səmimi qəbul etdi və ona şikayətimin məzmununu qısaca danışdım… Təəssüflənərək dərhal Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Qərərgah rəisi Talib Qasımovu yanına çağırdı və tapşırdı ki, inspektoru tapın, gedib cəriməni özü ödəsin… Yəni, cəzası bundan ibarət olsun və mən şikayətimdən geri çəkilim. Açığı, yuxarıda dedim, qalmaqaldan və süni şikayətnamələrdən uzaq olum deyə, razılaşdım… Hətta redaksiyaya çatanda təhqiqatçı İsmayıl müəllim mənə zəng vurdu ki, rəis dedi ki, birdən cəriməni ödəyər, ödəməsin, inspektor özü ödəyəcək. Təşəkkür etdim. Nəhayət, Avropa oyunları gedən günlərdə DYP əməkdaşları məni tədbirə gedərkən saxladılar ki, avtomobilinizə həbs qoyulub. Məlum oldu ki, həmin cərimə vaxtında ödənilməyib… Təkrarən cənab Rəşadət Babayevin qəbulunda oldum… Yenə dərin təəssüf hissi keçirərək bir mayoru otağına çağırdı və məndə olan bütün sənədləri, həmçinin protokolun əslini ona verdim… Oxşar qaydada tapşırıq. Yenə də inanaraq çıxıb getdim… Bu yaxınlarda isə təkrarən DYP əməkdaşları avtomobili saxlayıb bildirdilər ki, avtomobil cərimə meydançasına qoyulmalıdır… Bu dəfə artıq onlara söz verdim ki, narahat olmayın, sabahdan bu məsələ məhkəmədə araşdırılacaq… Elə də etdim və məhkəməyə şikayət ərizəsi təqdim etdim.

-Şikayətin predmeti nədir, yəni tələbiniz nədən ibarətdir?

-Məhkəmədən xahiş etmişəm ki, Dövlət Yol Polisi inspektorunun inzibati tənbeh tətbiq etmə haqqında qərarının ləğv edilməsinə dair qərar, həmçinin inspektor D.Şərəfxanovun barəsində xüsusi qərardad çıxarılsın… Bundan başqa, mən məhkəməyə həm də iddia ərizəsi təqdim etmişəm ki, inspektor D.Şərəfxanovun indiyədək mənə vurduğu mənəvi ziyana görə ondan 10 min manat tutularaq redaksiyanın bank hesabına ödənilsin. Çünki onun bu əsassız və qərəzli protokoluna görə indiyədək iki dövlət tədbirinə gecikmişəm… Bir daha bildirirəm ki, məni məhkəməyə müraciətə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Alay komandiri Rəşadət Babayevin, ifadəyə görə üzr istəyirəm, yalan vədləri məcbur etdi… O, yaxşı xatırlayır ki, bir müddət əvvəl tanınmış bir məmurun Natiq adlı sürücüsünü təhqir edib söymüşdü… Sonuncu redaksiyamıza şikayət etmişdi və böyük bir skandal yarandı… Sonda tərəfləri şəxsən mən barışdırdım, vəzifəyə getmə ərəfəsində olan Rəşadət Babayevi bir qalmaqaldan və xətadan mən xilas etdim… Amma bu o demək deyil ki, mənə güzəşt olunmalıdır. Yuxarıda dedim, əgər mənə sübut etsələr ki, həmin yol nişanı qeyd olunan əraziyə qanuni yerləşdirilib, Xətai rayon Məhkəməsindəki şikayətimdən həmin gün imtina edəcəyəm. Əks halda, lazım gələrsə, Avropa Məhkəməsinə kimi gedəcəyəm və polis serjantına hüquq müstəvisində sübut edəcəyəm ki, mən iki institut bitirmiş jurnalist heç vaxt qayda pozmaqda maraqlı olmamışam…

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın