Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual /   Heydər Əliyev siyasi xəttinin bəhrəsi: MÜASİR NAXÇIVAN

  Heydər Əliyev siyasi xəttinin bəhrəsi: MÜASİR NAXÇIVAN

Məşhur ingilis filosofu Herbert Spenser yazırdı ki, xаlqın аzаd оlmаyıncа, sən də özünü аzаd sаyа bilməzsən, xаlqın xоşbəxt оlmаyıncа, sən də özünü xоşbəxt sаyа bilməzsən. 1995-ci il dekabrın 16-da keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasından sonra əməl və əqidə birliyi muxtar respublika əhalisini sabitlik və əmin-amanlığa qovuşdurdu, hər sahədə davamlı yüksəlişə nail olundu. “Mənim ayrıca bir fəaliyyət proqramım olmayacaqdır. Fəaliyyətimi görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik proqramının Naxçıvanda dönmədən həyata keçirilməsinə həsr edəcəyəm”, – deyən muxtar respublika rəhbəri ulu öndərin xəttinə sədaqətin gücünü yaradıcı dühası ilə reallığa çevirdi.

 

v
Naxçıvanı düşdüyü ağır sosial-iqtisadi durumdan çıxarmaq üçün real fəaliyyətə ehtiyac var idi. İdeoloji yol məlum idi – ulu öndər Heydər Əliyev tərəfindən təməl prinsipləri müəyyənləşdirilmiş Azərbaycançılıq yolu. Əvvəlcə muxtar respublikanı ağır vəziyyətdən qurtarmaq, sonra isə gələcək inkişafını təmin etmək lazım idi. O dövrdə vəziyyət birmənalı deyildi. Mavi yanacağın, elektrik enerjisinin olmaması, park və xiyabanlarda ağacların kəsilməsi, üstəlik mağazalarda tüğyan edən ərzaq qıtlığı əhalini çox çətinə salmışdı, çörək növbələri gündəlik həyat tərzinə çevrilmişdi. Dağıdılan infrastruktur əhalinin iş imkanlarını, demək olar ki, minimuma endirmişdi.
Məhz belə bir dövrdə Naxçıvan davamlı inkişaf yoluna qədəm qoydu. Bu diyarın hər bir guşəsində tikinti-quruculuq işləri geniş vüsət aldı, şəhərlərin siması dəyişdi, yeni inzibati obyektlər, məktəblər, xəstəxanalar tikildi, kənd mərkəzləri istifadəyə verildi, yollar, körpülər salındı. Ötən müddətdə yeni açılan iş yerlərinin sayında dəfələrlə artım müşahidə olundu, əhalinin sosial rifah halı yaxşılaşdı. Əhalinin elektrik, qaz və su təminatında böyük dəyişikliklər əldə edildi. Naxçıvan elektrik enerjisini idxal edən bir diyardan ixrac edən muxtar respublikaya çevrildi. Zəruri infrastrukturun yaradılmasından sonra sənayenin, kənd təsərrüfatının inkişafı üçün bütün imkanlar səfərbər olundu, aqrar və sənaye sektorunun əlaqəli fəaliyyəti təmin edildi, muxtar respublikada ixracyönümlü məhsulların istehsalına başlandı. Əgər əvvəllər Naxçıvan yalnız bir neçə məhsulu – “Sirab”ı, “Badamlı”sı, daş duzu ilə tanınırdısa, indi Naxçıvanda əsas ərzaq məhsullarına tələbat yerli istehsal hesabına ödənilir, dünyanın müxtəlif ölkələrində keçirilən sərgilərdə Naxçıvanda istehsal olunan yüzlərlə çeşiddə məhsul öz keyfiyyətinə, rəqabətədavamlığına görə ən böyük mükafatlara layiq görülür. Təbii ki, bütün bunlar muxtar respublikanın iqtisadi imkanlarının artmasına və ixrac potensialının yüksəlməsinə öz təsirini göstərir. Nəticə isə göz önündədir. Bir vaxt ərzaqla, enerji ilə sınağa çəkilən Naxçıvanda bu gün ərzaq və enerji təhlükəsizliyi tam təmin olunub.

Əgər əvvəllər Naxçıvanda əkilən ərazilər məhdud ölçüdə idisə, indi bu ərazilər muxtar respublikanın böyük bir hissəsini əhatə edir. Hər ötən il yeni sahələrin əkin dövriyyəsinə qatılması, qəbul edilən dövlət proqramlarının uğurlu icrası torpaqların hər qarışının əkilməsinə imkan yaradıb. Suvarılan torpaqların sahəsi dəfələrlə genişlənib, texnika ilə təminat ən yüksək səviyyəyə çatıb. İndi muxtar respublikada yaradılan soyuducu anbarlardan qışın soyuqlu-şaxtalı çağında bazara yerli kənd təsərrüfatı məhsulları çıxarılır. İndi Naxçıvanda qurulan istixanalarda ekoloji cəhətdən təmiz tərəvəzlər yetişdirilir və hər bir muxtar respublika sakini istənilən fəsildə bu tərəvəzləri almaq imkanına malikdir.
Naxçıvan bu gün yaşıllıqlar, gülkarlıqlar diyarıdır. Bunu muxtar respublikaya gələn hər bir qonaq birinci növbədə qeyd edir. Ona görə ki, Naxçıvanda genişmiqyaslı yaşıllaşdırma proqramı həyata keçirilir. Ağacları baltalanan park və xiyabanlar indi başqa büsatdadır. İndi elə bir şəhər, elə bir kənd tapmaq olmaz ki, orada yaşıllıqlar, gülkarlıqlar, meyvə bağları salınmasın. Təbiətin ağciyərləri sayılan meşələrimiz də diqqətdən kənarda qalmayıb. Bahar aylarında yol kənarları, bağ-bağçalar daha gözəl, daha füsunkar görünür. Bütün bu yaşıllıqlar torpağını sevən naxçıvanlıların zəhmətinin bəhrəsidir. Keçirilən ümumxalq iməciliklərinin nəticəsidir. Əvvəllər Naxçıvan əhalisi təbiətə tabe idisə, aylarla suvarma suyuna möhtac qalırdısa, indi təbiət özü insanların ixtiyarındadır. Nahaq yerə demirlər ki, vaxtilə torpaqları cadar-cadar olmuş Naxçıvan indi canlı təbiət abidəsi, təbiət muzeyidir. Fərq orasındadır ki, bunlar insan əli ilə yaradılıb, insan zəkasının məhsuludur.
Muxtar respublikanın, demək olar ki, bütün kəndlərində müasir infrastruktur var. Şəhər məktəblərindən heç nə ilə fərqlənməyən məktəblər, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyaları, musiqi məktəbləri istifadəyə verilib, muxtar respublikanın hansı bölgəsində yaşamasından asılı ol­mayaraq gələcəyimiz olan gənclərin yaxşı təhsil alması, istedadlarının üzə çıxarılması üçün şərait yaradılıb. Əvvəllər ucqar dağ kəndində yaşayan bir uşağın öz kəndində müasir məktəbdə təhsil alması xəyal idisə, indi bu, günümüzün reallığıdır. Bütün bunlar isə gələcəyimizə göstərilən yüksək qayğıdan xəbər verir.

İllər öncə şəraiti olmayan xəstəxanalar insanlara sağlamlıq yox, xəstəlik verirdi. Lakin bu gün muxtar respublikada ucqar dağ kəndlərində belə səhiyyə obyektlərinin inşa olunması, bu obyektlərin müasir avadanlıqlarla, yüksək tibbi biliyə sahib kadrlarla təmin edilməsi, şəhər və rayon mərkəzlərində müasir xəstəxanaların, şəfa ocaqlarının istifadəyə verilməsi səhiyyə sisteminə qarşı inamsızlıq buzunu əritdi. Əgər əvvəllər insanlar kiçik bir diaqnostik müayinə üçün başqa ölkələrə üz tuturdularsa, indi Naxçıvanda ən mürəkkəb cərrahi əməliyyatlar aparılır, insanların sağlamlığı etibarlı şəkildə qorunur, başqa ölkələrdən muxtar respublikanın xəstəxanalarına müraciət edənlərin sayı çoxalır.
Bu gün Naxçıvan elm, mədəniyyət və incəsənət tədbirlərinin, beynəlxalq elmi konfrans və simpoziumların keçirildiyi mərkəzə çevrilib. Hər il bu qədim diyar dünyanın müxtəlif ölkələrindən gəlmiş elm adamlarına qapılarını açır, Naxçıvanın tarixi yenidən vərəqlənir, öyrənilir, dünya ictimaiyyətinə çatdırılır. Əvvəllər muxtar respublikada köhnə infrastruktura malik bir ali təhsil ocağı fəaliyyət göstərirdisə, indi Naxçıvan şəhərində ən müasir texnologiyalarla təchiz olunmuş üç ali təhsil ocağı vardır. Bu təhsil ocaqlarında dünyanın dörd bir yanından gələn tələbələr təhsil alır, müasir orta ixtisas və peşə məktəbləri fəaliyyət göstərir.
Naxçıvanda bu gün milli dəyərlərə xüsusi önəm verilir. Bu torpaq keçmişdə olduğu kimi, bu gün də yaradıcı insanların sənət məbədidir. Naxçıvanda milli dəyərlərimizin, adət-ənənələrimizin qorunub yaşadılmasına qayğı ilbəil artır, xalq sənətkarlığı sahələri inkişaf etdirilir, el sənətkarlarının əsərlərindən ibarət sərgilər təşkil olunur.
Muxtar respublikada həyata keçirilən uğurlu siyasət bu diyarı həm də ölkəmizin aparıcı idman mərkəzlərindən birinə çevirib. Siyasi və iqtisadi cəhətdən güclənən Naxçıvanda keçirilən idman tədbirləri öz səviyyəsi və mötəbərliyinə görə nümunə gücündədir. Təbii ki, bu nailiyyətin əldə olunmasında muxtar respublikada həyata keçirilən tikinti-quruculuq tədbirlərinin də mühüm rolu vardır. Görülən işlərin nəticəsidir ki, muxtar respublika gəncliyi idmanla mütəmadi məşğul olaraq sağlam nəsil kimi formalaşır. Əldə edilən nəticələr, yaradılan infrastruktur, idmançılarımızın qazandıqları mükafatlar Naxçıvanın regionun idman mərkəzlərindən birinə çevrildiyini bir daha təsdiq edir.
Naxçıvan Muxtar Respublikası etibarlı müdafiə olunur. Xalq-ordu birliyi vardır. Əsgərlərin nümunəvi xidmət keçməsi üçün hər cür şərait yaradılıb, nizam-intizam ən yüksək səviyyəyə çatdırılıb. Əvvəllər, necə deyərlər, qorxusuz-hürküsüz Naxçıvanın sərhəd kəndlərini aramsız atəşə tutan düşmən bu gün susmağa məcburdur. Çünki onun qarşısında məğrur Azərbaycan əsgəri dayanıb. Müasir hərbi hissələr, güclü maddi-texniki təminat, hərbi qulluqçuların döyüş qabiliyyətinin mütəmadi artırılması ordu quruculuğu sahəsində görülən ən mühüm tədbirlərdir. Naxçıvan dağlarının zirvəsində əldə silah xidmət çəkən Azərbaycan əsgəri bu dağlar qədər əzəmətli, vüqarlı və yenilməzdir.
Sabitlik və inkişaf müasir Naxçıvanın əsas göstəricisidir. Burada cinayət hadisələri, demək olar ki, qeydə alınmır. İnsanlar rahat və firavan yaşayırlar. Bütün bunlar da muxtar respublikaya gələn turistlərin ən çox diqqət yetirdiyi məqamlardandır. Bu gün Naxçıvan qədim tarixi, abidələri, zəngin mədəni irsi, gözəl havası və təbiəti ilə yanaşı, həm də sabitliyi və inkişafı ilə turistlərin diqqətini cəlb edir. Hər il yüz minlərlə insan Naxçıvana səfər edir. Bu gün muxtar respublika sakinləri kimi, bura üz tutan qonaqlar da Naxçıvanın blokadada olduğuna inana bilmirlər. “Necə ola bilər ki, düşmən tərəfindən mühasirədə olan bir diyar bu qədər inkişaf etsin?” – deyə heyrətlərini gizlədə bilmirlər. Bəli, bu inanılmazdır, ancaq həqiqətdir. Bu həqiqət ulu öndərimizin siyasi xəttinə sədaqətin bəhrəsidir.
Onu da demək lazımdır ki, ölkəmiz öz azadlığına qovuşduğu dövrdə Naxçıvan təkcə silah döyüşündə deyil, informasiya döyüşündə də qələbə qazanmaq üçün əlindən gələni etsə də, resurslar az, imkanlar məhdud idi. Ancaq son illər bütün bu məhdudiyyətlər aradan qaldırılmışdır. Bu gün Naxçıvan informasiya blokadasını yararaq bütün dünyaya açılıb. Naxçıvanda söz, fikir və mətbuat azadlığı təmin olunub. Ən ucqar dağ kəndinin sakinləri də sürətli internetdən, dördüncü nəsil mobil rabitədən istifadə edirlər. Bütün yaşayış məntəqələrinə fiber-optik xətt çəkilib. Teleradiolar və qəzetlər üçün müasir maddi-texniki baza, jurnalistlər üçün isə sərbəst yaradıcılıq mühiti yaradılıb.
Naxçıvan Muxtar Respublikasının müasir siması Avropa mədəniyyətinin qabaqcıl elementlərini ehtiva edir. Muxtar respublikamızın ötən günlərini yada salanda gözlərimiz önünə asfaltı parça-parça olmuş palçıqlı küçələr, yöndəmsiz, plansız tikililər gəlir. Hələ baxımsız qalmış tarixi abidələrimizi demirik. İndi Naxçıvan şəhəri dünyanın ən gözəl, ən baxımlı şəhərləri sırasındadır. İslam mədəniyyətinin paytaxtıdır. Bu gün Naxçıvan tarixə ayna tutur, tarixi işıqlandırır. Bu gün Naxçıvan tarixinə Əlincə əzəmətindən, Gəmiqaya yüksəkliyindən, Əshabi-Kəhf müqəddəsliyindən nəzər salınır, öyrənilir, tədqiq olunur, yaşadılır. Naxçıvanın qədimliyinin, əzəmətinin daş nümunəsi olan, son illərdə bərpa edilərək ikinci həyat verilən tarixi abidələr muxtar respublikanın simvoluna, bəzəyinə, sakinlərin isə qürur mənbəyinə çevrilib. Çünki yaşadılan təkcə abidələr deyil, qan yaddaşımız, daşlaşan tariximiz, bu xalqın möhtəşəm keçmişidir.
Muxtar respublikada hər kəs öz sahəsində yaradıcı olmağa çalışır, ölkəmizin gələcəyi, dövlətimizin qüdrətlənməsi üçün səy göstərir. Dövlətimizin əhalinin məşğulluğunu təmin etmək üçün atdığı ardıcıl və qətiyyətli addımlar işsizi iş adamı, evsizi ev sahibi edib. Gənc ailələrin sosial müdafiəsi gücləndirilib, sahibkarlığa diqqət artırılıb, fiziki imkanları məhdud insanların bir sıra sosial layihələr çərçivəsində məşğulluğu təmin edilib. Naxçıvanda bütün imkanlar sakinlərin yaxşı yaşaması, rahat şəraitdə işləməsi və istirahət etməsi üçün səfərbər edilib.
Sahibkarlıq demişkən, bir məsələni də vurğulayaq ki, bu gün muxtar respublikada yeni sahibkarlar sinfi formalaşıb. Özəl bölmənin inkişafına hərtərəfli qayğı göstərilir. Ümumi daxili məhsul istehsalında bu sahənin payı artır, hər il yeni istehsal müəssisələri fəaliyyətə başlayır. Dövlət sahibkarın yanındadır. Güzəştli kreditlər verilir, şərait yaradılır, daxili bazar qorunur. Qalır təşəbbüs göstərmək və işləmək.
Naxçıvanda görülən işlərin hər qarışında əsl vətənpərvərlik bariz şəkildə hiss edilməkdə, duyulmaqdadır. Bu vətənpərvərlik kiçikdən böyüyə hər kəsin əməlində, işindədir. Torpağını əkən əkinçinin alın tərində, yaxşı təhsil alaraq peşə öyrənən gəncin arzularında, tarixi vərəqləyən alimin qələmində, yollar çəkən, binalar tikən mühəndisin işində, düşmənə sinəsini sipər edən əsgərin qələbə əzmində və ən nəhayət, tarixi yenidən yazan, kərpic-kərpic bərpa edən, qədim Naxçıvanı müasir inkişafa qovuşduran QURUCU RƏHBƏRİN əməlində, işindədir vətənpərvərlik.
Keçmişdə baş verənlərə görə peşmançılıq keçirməyə dəyməz. Çünki onu dəyişdirmək mümkün deyil. Lakin keçmişdə baş verənləri təhlil edib, nəticə çıxarmaq lazımdır. Ötənlərdən bu günə böyük bir inkişaf yolu olan bu diyarda görülən işlər, gələcəyə hesablanan xeyirxah əməllər, Naxçıvanı bütün dünyaya inkişaf etmiş bir diyar kimi tanıtmaq istiqamətindəki fəaliyyət ətraflı təhlil olunur, öyrənilir, nümunə götürülür.
Belinski deyirdi ki, öz vətənini sevmək – bəşəriyyətin ideallarının həyata keçirilməsini ürəkdən arzu etmək və buna kömək etmək deməkdir. Naxçıvanda son illər görülən işlər də bir daha sübut etdi ki, atılan hər bir addım, görülən hər bir işin arxasında ümumbəşəri ideallar, ümumbəşəri addımlar var. Bütün bu işlərə gələcəyin verəcəyi qiymət isə daha yüksək olacaqdır. Çünki tarixi yaşadanları tarix də yaşadacaqdır…

“Şərq qapısı”

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın