Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / “Heç kim də çıxıb açıqlama vermir ki, bu uşaq niyə öldü?”

“Heç kim də çıxıb açıqlama vermir ki, bu uşaq niyə öldü?”

Artıq 14 yaşlı Elina Hacıyevanın ölümündən 6 gün keçsə də, onun vəfatı ilə bağlı hələ də yeni ittihamlar səsləndirilir, bu ölümdə günahkar kimi bir neçə hədəf göstərilir. Amma ittihamlar nə qədər ağır olsa da, Təhsil və Səhiyyə Nazirliyi istintaq işinin davam etdiyini əsas gətirərək heç bir detallı açıqlama vermir. 

“Qafqazinfo” bu məqamda məsələni bir neçə aspektdən işləməyə çalışıb. Hadisədə müəllim, şagird və valideyn üçbucağını, məktəbdə psixoloq işini, intihara cəhd zamanı həkim müdaxiləsini, məsələnin mətbuatda necə işıqlandırıldığını və hazırkı sosial sferada necə təbliğ olunduğunu sual etdik.

Uşaqların bir-birinə rəftarında ailədən gələn səbəblər, Elinanın psixoloji vəziyyəti…

Psixoloq Elnur Rüstəmov da əksər şəxslər kimi düşünür ki, ailədaxili konfiliktlər, çalışan valideynlərin uşağa yetəri qədər zaman ayıra bilməməsi uşaqların psixologiyasına birbaşa təsir edir:

Bütün bu problemlər də özünü daha çox məktəbdə ifadə edir. Kimisi aqressiv olur, kimisinin sosial fobiyası yarana bilər. Bu hadisədə daha çox orta məktəbdəki psixoloji iş vurğulandı, ancaq düşünürəm ki, məktəblərdə psixoloq işinin aktivləşdirilməsi üçün artıq hüquqi baza yaradılıb. Bu gün orta məktəblərdə psixoloqlar öz işini yaxşı görə bilmir, deyə bilmərik. Sadəcə say azdır.

Bu hadisədən gəldiyimiz nəticə odur ki, valideynlər xüsusən diqqətli olmalıdır. Əgər uşağın ünsiyyətində narahatlıq, davranışlarında özünəqapanıqlıq hiss olunursa, ilk növbədə özləri bunu həll etməyə çalışsın. Birinci növbədə, ailədaxili konflikt varsa, həll olunmalıdır. Bu konflikti uşağın üzərində yürütməsinlər. 

Boşanmalar zamanı əksər hallarda müşahidə edirik ki, valideynlər bir-birlərinə olan acığı uşağın üzərinə yönəldir. Odur ki, biz məktəblə bərabər ailədaxili münasibətlərlə bağlı da maarifləndirmə işi aparmalıyıq. Məktəbin üstünə düşən görəvlər də var. Sadəcə psixoloji baxımdan yox, tibbi və təhlükəsizlik baxımından kollektiv hər zaman hazır olmalıdır.

Uşaq ailədə aldığı tərbiyəni cəmiyyətə daşıyır. Elinaya o şiddəti, bullinqi yönəldən insanların hər biri də müxtəlif ailələrdən gələn məktəbli, yeniyetmədir. Kiminsə, poblemi ola bilər, ancaq onu damğalayıb psixoloji zorakılıq göstərmək doğru deyil. İndi hər kəs danışır. Yaxşı, sual olunur: O qızı gözümçıxdıya salanlar bəs kim idi? Uşaqlar. Bəs o uşaqları kim böyüdüb? Valideynlər.

Bu gün bizim bütün müzakirələrimiz mühakimə üzərindən gedir. Ən böyük problemimiz budur. Bəs çıxış yolu nədir? Çıxış yolu ailədaxili problemi həll etməkdir.

Elina öz intiharı ilə təhsildəki hansı boşluqları göstərdi?

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, bu gün məktəblərdə psixoloq kimi çalışanların bu sahədən xəbərləri yoxdur:

“Elina hadisəsi onu göstərir ki, bu gün bizim 4472 təhsil müəssisəmizin hər birində olan psixoloq ştatı dövlət büdcəsindən ayrılmış vəsaitdən başqa bir şey deyil. Bu gün məktəblərdə psixoloq kimi çalışanların bu sahədən xəbərləri yoxdur. Böyük əksəriyyəti qeyri-ixtisas sahəsində – baytarlıq, meşəçilik, heyvandarlıq üzrə təhsil alıb daha sonra 2-3 aylıq kurslar keçməklə məktəblərdə psixoloq kimi fəaliyyət göstərir. 

Bu, bir siqnaldır. Baş verən hadisə onu göstərir ki, bizim orta məktəblərimizdə müəllim, şagird və valideyn üçbucağı işləmir. Müəllimlərimizin şagirdlərlə doğru rəftar etmədiyini, onları dinləmədiyini göstərir. Hazırda direktorların çoxunun başı sadəcə pul yığmağa qarışıb. Bizim 700 bal toplayan şagirdlərimiz, yüksək nəticələrimiz ola bilər, ancaq təhsil haqqında qanuna görə, məktəblərin əsas vəzifəsi ali məktəbə kadr hazırlamaq yox, şəxsiyyət yetişdirməkdir. Bəs yetişdirə bilirmi? Bilmir. Bu gün bizim məktəblərimizdə sağlam təhsil sistemi yoxdur və bu problem həll olunmadıqca sözügedən xoşagəlməz halların sayı daha da artacaq”. 

Hər bir məktəbin tibb otağı, tibb bacısı olduğu təqdirdə Elinaya niyə tibbi yardım göstərilmədi?

Elina hadisəsində ən dəhşətli məqam da 2 saat ərzində təcili yardım çağırılmaması və daha sonra da yanlış informasiya verildiyi üçün zəhərlənmə diaqnozu ilə xəstənin toksikologiya şöbəsinə aparılaraq əlavə vaxt itirməsi oldu.

Tibb eksperti Adil Qeybullanın sözlərinə görə, məktəbdə şagirdə nəsə olarsa, təcili tibbi yardım maşını gələnə kimi tibb bacısı ilkin yardım göstəriməlidir və o, birbaşa xəstənin vəziyyətinə görə məsuliyyət daşıyır. 

Həkim Vasif İsmayıl prosesi izlədiyi zaman tibbi cəhətdən Elinanın menecmentinin heç bir maddədə düzgün aparılmadığını gördüyünü deyir:

“Lazım gəlsə, o vəziyyətdə xəstəni yerindən tərpətmək olar, ancaq 2 saat boyunca heç bir tibbi yardımın edilməmasi dəhşətdir. 2 saatdan sonra da necə edilib, o da məlum deyil. Təbabət bu uşaqları bu gün əməlli-başlı yaşada bilir. Bu, çox böyük bir ayıbdır. Mən sizi inandırım ki, bu qızın yaşama şansı 50%-dən daha çox idi. Heç kim də çıxıb açıqlama vermir ki, bu uşaq niyə öldü? Problemi nə idi? Hansı həkim baxıb? Hansı analizlər olunub? 2 saat gözlədilməyi başa düşdüm, onu cəmiyyət, hüquq-mühafizə orqanları həll edər. Mənim sualım həkimlərədir: Nə etdiz bu qıza? Necə oldu ki, öldü? Hər intihara cəhd edən şəxs ölmür axı…”

Hadisə ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də günlərlə susqun qaldığı üçün az qınanmayıb. Komitə sədri Hicran Hüseynova bu gün verdiyi açıqlamada istintaq işinin getdiyini və məsələnin araşdırılmalı olduğunu bildirib:

“Dərk etmək lazımdır ki, hələ istintaq işi gedir. Bu araşdırmalar olmalıdır. Kim bu işdə günahkardırsa cinayət işinə cəlb olunacaq və əlbəttə ki, cəzasını alacaq. Mən təəccüblənirəm ki, sosial şəbəkələrdə işi dərk etməyən insanlar irad tuturlar və populist çıxışlar edirlər. Bütün dövlət qurumlarına xüsusi tapşırıqlar verilib. Eləcə də Təhsil Nazirliyinə. Rəhbərim olduğum komitəyə və Daxili İşlər Nazirliyinə ciddi formada bu işlərin araşdırılması ilə bağlı tapşırıq verilib”.

14 yaşlı qızın ölümündən sonra səsləndirilən bir çox iddia ilə yanaşı, onun intihar videosunun mətbuatda işıqlandırılması da birmənalı qarşılanmadı. Bəs mətbuat bu kimi hallarda nələrə diqqət etməlidir? 

Sualımızı media eksperti Seymur Kazımov cavablandırır:

“Mətbuatın işi informasiya verməkdir. Amma göründüyü kimi, hazırda yalnız təbliğatla məşğuldur. Məktəblinin intihar videosunun yayımlanması birmənalı olaraq doğru deyil. Bu, peşə etikası baxımından yanlış məsələdir. Ancaq gəlin bir məsələyə baxaq, bu gün ölkəmizdə fəaliyyət göstərən hansı media qurumunun öz etik kodeksi var? Yoxdur. 

Sözügedən video cəmiyyət üçün deyil, hadisənin obyektiv araşdırılması üçün hüquq-mühafizə orqanlarına lazımdır. 

Ancaq bir məsələ də var. Hadisə məktəbdə baş verib. Bilavasitə Təhsil Nazirliyi bu məsələdə maraqlı olmalıdır ki, cəmiyyət doğru informasiya ilə təmin olunsun. Ancaq biz nə görürük? Nazirlik də sadəcə söz yığınından ibarət açıqlamalar verir ki, istintaq gedir. Belə olmalı deyil. Aydın məsələdir ki, məsələ hüquqi tərəfdən aparılır. Bəs təhsil siyasətinə rəhbərlik edən bir qurum bundan sonra nə edəcək? Biz bunu bilmək istəyirik. Elina hadisəsi ilk deyil, ancaq artıq bu kimi halların qarşısının alınması üçün nə kimi işlər görüləcək? 162 nömrəli məktəbə rəhbər seçilən şəxs cəmi 3 illik fəaliyyət müddəti ilə necə direktor təyin olunub?

Bu hadisə artıq xəbər janrından çıxıb. İndidən sonra mediada analizlər, araşdırma yazılar verilməlidir. Peşəkar təhsil ekspertləri, psixoloqlar danışmalıdır. Beynəlxalq təcrübəyə baxılmalıdır”.

Hadisə artıq günlərdir ki, sosial şəbəkələrdə müzakirə olunur. DJ Tural Yusifov da Elinaya qarşı alçaldıcı sözlər deyən, onu intihar həddinə çatdıran uşaqların valideynlərini günahlandıraraq onlara səslənib:

“Uşaqlar həmin qızcığazla pis davranıb? Niyə? Çünki valideynləri onları belə böyüdüb. Çünki valideynlərin başı onun-bunun qeybətinə qarışıb, onun-bunun paltarını, həyatını müzakirə etməyə. Uşaq vaxtı övladlarına “əmini söy”, “əmini söy” deyiblər. Sonra bağçadakı övladının ərköyünlüyündən, başqasını incitməyindən fəxrlə danışıb, uşağı zorbalıq edən zaman onu təqdir edib və sonda özü kimi alçaq bir övlad böyüdüb. İndi nə deyirsiz? Biz övladımızı bu ölkədə oxutmayaq? Bir onu bilirəm ki, Elina kimi uşaqlar hələ də var və problemlərini heç kimlə bölüşə bilmirlər”.

Bundan başqa, ictimai şəxslər, məşhur simalar da sosial şəbəkələrdə Elinanın ölümü ilə bağlı paylaşımlar edir, öz başlarına gələn analoji hadisələri paylaşırlar. 

PR menecer Vüqar Baba sosial şəbəkə vasitəsilə başladılmış maarifləndirmə kampaniyasının uğurlu olduğunu vurğulayır:

“Bullinq (uşaqların incidilməsinə səbəb olan, ixtiyari və təkrar olaraq törədilən aqressiv davranış) beynəlxalq bir termindir. Hazırda əsas hədəf kütlə bu məsələyə cavabdeh dövlət qurumları və vəzifəli şəxslərdir. Bu termin də onların anlayacağı dildədir. Valideynlər üçün isə sosial şəbəklərdə daha loru və anlaşılan dildə alternativ sözlərdən istifadə oluna bilər. 

Elina başına gələn fəlakətlə yanaşı, bu problemin cəmiyyətdə necə kəskin olduğunu göstərdi. Sosial şəbəkə istifadəçiləri başına gələn hadisələrdən yazaraq əslində bu halın sıx yaşandığını, məktəblərdə bu kimi təzyiqlərin tez-tez baş verdiyini göstərdi. Bu baxımdan hadisənin ictimaliləşdirilməsi, təbliğatın aparılması çox yaxşıdır. Bir az da genişləndirilib şaxələndirilə bilər”.G

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …