Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual /  HACI İBRAHİM NEHRƏMLİ:  “KAZİNO HEÇ DƏ, QUMARXANA DEMƏK DEYİL” – EKSKLÜZİV MÜSAHİBƏ

 HACI İBRAHİM NEHRƏMLİ:  “KAZİNO HEÇ DƏ, QUMARXANA DEMƏK DEYİL” – EKSKLÜZİV MÜSAHİBƏ

“Həcc ziyarətinə ona görə getdim ki, mənə boş-boşuna Hacı deməsinlər”

Millət vəkili Qüdrət Həsənquliyevin ölkəmizdə  kazinoların açılması ilə bağlı parlamentdə verdiyi təklif birmənalı qarşılanmayıb. Bir neşə gündür ki, bu mövzu medianın gündəmini zəbt edib. Hətta vəziyyət o yerə çatıb ki, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu məlum təklifi irəli sürən Qüdrət Həsənquliyevi şeytanla müqayisə edib.  

Bu mövzu ilə bağlı tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin də  münasibətini bildirməsi onu da hədəfə gətirmiş oldu. İş adamının ünvanına çoxlu  sayda tənqidlər səsləndirildi. Ancaq tanınmış iş adamı Azinforum.az-a eksklüziv müsahibəsində onun kazinolarla bağlı səsləndirdiyi fikirləri düzgün anlamadıqlarını deyib. “Xəzər adaları” adlı milyardlıq biznes layihəsinin müəllifi olan Hacı İbrahim  hesab edir ki, qumarxana ilə kazino fərqli anlamı daşıyır. Azinforum.az onunla  olan qısa müsahibəni təqdim edir:

– Hacı, kazino mövzusu gündəmə gələndən sonra, nədənsə, hamı sizi qınamağa, üzərinizə hücuma keçməyə başlayıb. Nə baş verir?

 

haci_ibrahim_nehremli_001

 

-Çox sağ olun ki, bu sualla mənə müraciət edirsiniz.  Çünki mənim özüm də anlaya bilmirəm ki, niyə kazino ilə bağlı cəmiyyətdə aparılan müzakirələrdə bəzi adamlar məni hədəf seçib? Gördüm ki, millət vəkilləri Qüdrət Həsənquliyev, Vahid Əhmədov fikir bildirib, mən də öz düşündüyümü dedim. Bəyəm, mən qumarxana açıram? Azərbaycanda qumarxana yoxdu ki, düşüblər mənim üstümə. ” Topaz”, digər mərc oyunları qumar deyilsə, bəs nədir? Mən demişəm ki, kazinolar açılarsa, ölkəyə gələn turistlərin sayı çox olar.  Hətta deputatlar deyib ki, bizim vətəndaşlar gedib Gürcüstana pullarını uduzurlar. Mən bildirdiyim fikirdə öz vətəndaşlarımıza nəyisə şamil etməmişəm. Qoy xaricilər gəlsin burda uduzsun da.  Bundan bizim ölkəyə təbii ki, xeyir olar.

-Siz ümumiyyətlə kazinoda olubsunuz?

-Əminəm ki, xaricə gedənləri çoxu kazinolarda olub. Heç olmasa, 100 dollar uduzublar. Bir dəfə də maraq üçün mən getdim ki, kazino barədə ətraflı təsəvvürüm olsun. Gördüm ki, kazino heç də qumarxana demək deyil. Hamıda belə bir düşüncə var ki, 100 min dollarla kazinoya girsən hamısını əlindən alıb buraxacaqlar, yəni udacaqlar. Belə deyil! Kazino istirahət etmək üçün mədəni bir klubdur. Belə qənaətə gəldim ki, kazino böyük bir mədəniyyəti özündə ehtiva edir və həmin amil turistləri daha çox cəlb edir.

-Belə məlumata malikiydinizsə, bu təklifləri əvvəllər niyə etmirdiniz?

-Bu gün dünyada baş verən iqtisadi təlatümlər, neftin qiymətinin enməsi Azərbaycandan da təsirsiz ötüşməyib. Məhz bu məqamı nəzərə aldığım üçün, müzakirə edilən mövzuya münasibətimi bildirdim. Elə bilirəm ki, bir iş adamı kimi mənim ölkəmin iqtisadiyyatına səmərli olan təklifləri irəli sürməyə tam haqqım çatır. Mən istəyirəm ki, ölkəmizin büdcəsinə dollar axını olsun.

-Bu mövzuda sizə qarşı səslnən ittihamlardan ən başlıcası bu idi ki, Hacı olan adam necə qumarxana açılması təklifi ilə çıxış edə bilər?

-Mən,  Məkkəyə getməmişdən Hacıyam. Bu adı əməllərimlə qazanmışam. 1994-95-ci il kimi çətin dövrdə 5 məscid tikdirmişəm, 10 kəndə su çəkmişəm. Elə o vaxtdan hamı mənə Hacı deyirdi. Həcc ziyarətinə ona görə getdim ki, mənə boş-boşuna Hacı deməsinlər. İkincisi də, mənim sözümlə bu dəqiqə kazino açmırlar ki. Ölkəmizin inkişafı üçün hər söz deyə bilərəm. Fikir bildirmək heç də o anlama gəlmir ki, Hacı qumarbazdı.

– Hansısa formada təqdir etdiyiniz kazinoların fəaliyyətinə Azərbaycanda icazə verilərsə, sizi həmin biznesdə görə biləcəyikmi?

-Mənim biznesim başqadır. Kazino işinə girişmək kimi niyətim də yoxdur. Ancaq “Xəzər adaları”nda bizim investerlor olan iş adamları bunu təkidlə tələb edirlər. Hətta bir çinli iş adamı deyib ki, şəhər tikiləndən sonra, mənə kazino fəaliyyəti üçün  icazə verərlərsə, hər il Azərbaycana 5 milyon turist gətirə bilərəm. Eyni zamanda, deyir ki, ora 3 milyardlıq investisiya yatırar, 3 milyardlıq da ev satar. Mən də çalışıram ki, layıhəm uğurla başa çatsın. Qoy Azərbaycanın da bir Las-Veqası olsun. 

M.MİRZƏ

AZİNFORUM.AZ

 

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın