Metronun “Xalqlar dostluğu” stansiyasının yaxınlığındakı ticarət yarmarkalarında açınacaqlı vəziyyət yaranıb. Bu barədə Azinforum.az-a həmin ticarət obyektlərində çalışan şəxslər məlumat verib. Bildirilir ki, iki gündür “Qozbel İman” kimi tanınan əslən naxçıvanlı iş adamı İman Quliyevin sahibi olduğu ” “Xalqlar dostluğu” yarmarkasının bir hissəsinə, Mqasud adlı kommersanta aid olan “Lacın” ticarət obyektinə isə ümumən elektrik enerjisinin verilməsi dayandırılıb. Vəziyyət o həddə çatıb ki, əksər dükanlar genaratorları işə salmaqla öz tələbatlarını ödəyir. Səbəb kimi həmin obyektlərin texniki təhlükəsizlik parametrlərinə cavab vermədiyi və bu səbəbdən də, hər an yanğının ola biləcəyi göstərilir. Qadağanın Fövqalədə Hallar Nazirliyi tərəfindən qoyulduğu bildirilir.
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev açıqlamasında bildirdi ki, sözügedən ticarət mərkəzlərinin işıqlarının kəsilməsi “Azərişıq”la əlaqəli deyil: “Biz nə borca, nə də yenidənqurma işlərinə görə heç bir ticarət mərkəzinin işığını kəsməmişik. Ola bilər, həmin ticarət mərkəzlərinin işıqları daxili problemlərlə əlaqəli kəsilib”.
Azinforum.az