Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Ekologiya və Təbii Sərvətlər Nazirliyi Binəqədidə metaləritmə sexini cərimələdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Binəqədidə metaləritmə sexini cərimələdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi atmosferə atdığı tullantıya görə Bakının Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi, (Süleyman Sani Axundov küçəsi ilə kəsişmədə) “Amor” şadlıq sarayının yaxınlığında fəaliyyət göstərən metaləritmə sexini 3500 manat məbləğində cərimələyib. Bu barədə virtualaz.org-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, metaləritmə sexindən gələn qoxunun ətrafdakı obyektləri, eləcə də sakinləri narahat etməsi ilə bağlı müraciət nazirliyin əməkdaşları tərəfindən araşdırılıb.

Araşdırma zamanı Əhməd Rəcəbli küçəsi, 30/97-ci məhəllədə yerləşən metaləritmə sexində ekoloji qanunvericiliyin tələblərinin pozulması aşkar olunub , sexin sahibi Azər Aslanov İnzibati Xətalar Məcəlləsinin 237.2 maddəsinə əsasən 3500 manat məbləğində cərimə olunub.

Sexin sahibi yaxın zamanda nöqsanların aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirəcəyini, təmizləyici qurğular quraşdıracağını bildirib. Nazirlik əmin edib ki, nöqsanların aradan qaldırılması barədə məlumat veriləcək.

*   *   *12:25

Bakının köhnə sovet sənaye müəssisələrinin xarabalıqlarında məksunlaşmış çoxsaylı kustar metaləritmə zavodlarından ikisi Binəqədi rayonunun ərazisində yerləşsə də bunlar rayon İcra Hakimiyyətinin rəhbərliyini qətiyyən narahat etmir. Ən azından İcra Hakimiyyətinin bu “zavodlar”la bağlı virtualaz.org-un sorğusuna iki gün gecikmə ilə verilmiş cavabından belə başa düşmək olar.

Xatırladaq ki, ətraf mühiti çirkləndirən, heç bir texnoloji normalara cavab verməyən metaləritmə və istehsal prosesinin təşkil olunduğu, işçilər üçün heç bir əmək təhlükəsizliyi şəraitinin yaradılmadığı yarıleqal metaləritmə “zavodlarının” fəaliyyəti ilə bağlı saytımız növbəti araşdırmanı iki gün əvvəl Binəqədi rayonunun ərazisində-Süleyman Sani Axundov və Cəfər Xəndan küçələrində yerləşən müəssisələrdə aparıb. Həmin müəssisələrdən birində reportyorlarımız özünü təqdim etmək istəməyən, “rəhbərliyin adamı” olduğunu deyən şəxsdən belə xəbərdarlıq eşitmişdi: “Bilirsiniz bizim arxamızda kim dayanıb?”

Həmin müəssisənin Nəsimi rayon vergi idarəsinin keçmiş rəisi İsa Vəkilova məxsus olduğu bildirilir.

Amma bu şəxs həmin qüdrətli mənsəb sahibinin adını hər halda deməyib.

Virtualaz.org digər aidiyyatı strukturlarla yanaşı kustar zavodların yerləşdiyi rayonun İcra Hakimiyyətindən də bu “zavodlar” haqda şərh almağa çalışıb. İcra Hakimiyyətindən noyabrın 27-də deyiblər ki, məlumat alan kimi dərhal məsul şəxslər həmin müəssisələrə göndərilib və araşdırma aparılıb. Araşdırmanın nəticəsinə uyğun olaraq İcra Hakimiyyətinin rəsmi açıqlaması olacaq.

Lakin nədənsə bu açıqlamanı əldə etmək düz iki gün vaxt aparıb. Ötən gün-noyabrın 28-də bütün gün ərzində İcra Hakimiyyətinin mətbuatla əlaqələrə məsul şəxsi açıqlamanın mətnini  icra hakimiyyətinin başçısı ilə razılaşdırmağa çalışıb. Proses bu gün səhər saatlarında da davam edib və nəhayət redaksiyamıza İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Kənan Kərimovun adından aşağıdakı məzmunda mətn göndərilib:

“Binəqədi rayonu ərazisində fəaliyyət göstərən “Çıraq” və “Amor” restoranlarının yanında metaləritmə sexinin fəaliyyət göstərməsi ilə bağlı məlumatlıyıq. Lakin müəssisələrin gecə saatlarında işləməsi ilə bağlı İcra Hakimiyyətinə hər hansı bir şikayət daxil olmayıb. Müəssisələrdə gündəlik iş rejimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 95 –ci maddəsinin 1-ci bəndinə əsasən müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir.

Metaləritmə sexlərinin havanı çirkləndirməsinin müəyyən edilməsi rayon icra hakimiyyətinin səlahiyyətlərinə aid deyil. Ümumiyyətlə, müəssisənin fəaliyyəti, müəssisədə əmək təhlükəsizliyi qaydalarının pozulması və digər məsələlərlə bağlı şikayət daxil olmayıb. Şikayət daxil olduğu halda aidiyyatı qurumlar qarşısında məsələ qaldırılacaq və sakinlərin müraciəti araşdırılaraq, qanunamüvafiq tədbir görüləcək”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə bu müəssisələrin fəaliyyətinin araşdırılacağını bildirib, amma araşdırmanın nəticələri hələ məlum deyil.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …