Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Blokadadakı Naxçıvan Ermənistanı məğlub edə biləcək hərbi-strateji məntəqəyə çevrilib

Blokadadakı Naxçıvan Ermənistanı məğlub edə biləcək hərbi-strateji məntəqəyə çevrilib

Arzu Nağıyev: “Ermənilər öz qəsbkar siyasətlərindən danışanda həmişə Naxçıvan torpaqları haqqında iddialarla çıxışlar edirlər”

“Naxçıvandakı ordu müstəqil şəkildə müharibə aparmaq iqtidarındadır”

“Ermənistan mətbuatının məlumatına əsasən, bu ölkənin müdafiə naziri Seyran Ohanyanın cəbhə xəttində, o cümlədən bir neçə dəfə Naxçıvan istiqamətində olması, oradakı mövqeləri yoxlaması düşmən tərəfinin narahatlığının bariz nümunəsidir”. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Mətbuat xidmətindən qeyd olunub ki, qonşu dövlətin ekspert və şərhçilərinin də etiraf etdiyi kimi, Ermənistanın hərbi rəhbərliyinin cəbhənin müxtəlif istiqamətlərinə tələsik səfərləri erməni ordusundakı intizamsızlıq və özbaşınalığın qarşısını almağa cəhdlə yanaşı, müdafiə xəttində boşluqların olmasının sübutudur:

“Silahlı Qüvvələrimizin bölmələri ermənilərin canlı qüvvəsini itkiyə məruz qoymaqla və mühəndis-istehkam texnikasını sıradan çıxarmaqla düşmənin öz müdafiə xətti boyu səngərlərini möhkəmləndirmək cəhdlərinin qarşısını dərhal alır. Müdafiə nazirinin göstərişinə əsasən, mövqelərimizin möhkəmləndirilməsi ilə yanaşı, qarşı tərəfin qoşunların təmas xətti boyu hərəkəti tam nəzarətimizdə saxlanır və hər an düşmənə itki verilməsi ilə onların istənilən hərəkətinin qarşısı atəşlə alınır. Elə son günlərdə bölmələrimiz iriçaplı silahlar və kalibri daha iri minaatanlardan istifadə etməklə düşmənə xeyli ziyan vuraraq onun cəbhədə fəal olmaq cəhdlərinin qarşısını dərhal alıb”.

Eyni zamanda bildirilir ki, İrəvanın hərbi-siyasi rəhbərliyini hərbi cəhətdən narahat edən istiqamətlərdən biri də Naxçıvandır: “Muxtar Respublikanın ərazisinin strateji əhəmiyyəti nəzərə alınaraq, orada Əlahiddə Ümumqoşun Ordusunun yaradılması haqqında Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən verilən qərar Naxçıvanın müdafiəsini yüksək səviyyədə təşkil etməyə imkan verib. Qorxu və vahimə içərisində olan Seyran Ohanyan və ümumilikdə Emənistan tərəfi artıq anlamağa başlayıb ki, müasir silah-sursat, döyüş texnikası, aviasiya vasitələri, raket-artilleriya qurğuları, həmçinin “Smerç” reaktiv yaylım atəş sistemləri ilə möhkəmləndirilən, hərbi cəhətdən üstün Naxçıvandan Ermənistan ərazisində yerləşən hərbi obyektləri, o cümlədən İrəvanı nəzarətdə saxlayaraq istənilən anda darmadağın etməyə imkanımız var”.

Bir vaxtlar blokada şəraitində olan Naxçıvanın hər an Ermənistan tərəfindən işğala məruz qalacağı ilə bağlı təhlükə vardı. İndi isə, Naxçıvan Ermənistan üçün rael təhlükə mənbəyinə çevrilib.

Müdafiə nazirinin Naxçıvanla bağlı bu səviyyədə arxayın danışmasının kökündə nə durur?

Təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev  açıqlamasında bildirdi ki, ümumi baxımdan bu, ermənilərə bir tutarlı cavabdır: “Çünki ermənilər öz qəsbkar siyasətlərindən danışanda həmişə Naxçıvan torpaqları haqqında iddialarla çıxışlar edirlər. Bu, məsələnin bir tərəfidir. Digər tərəfdən, yəni hərbi-strateji baxımdan bu gün Naxçıvan Ermənistan tərəfdən tam blokadaya alınmış Azərbaycan ərazisidir, Türkiyə və İranla həmsərhəd olması vəziyyətini bir az yüngülləşdirsə də, demək olar ki, hava nəqliyyatından başqa yolu yoxdur. Bakı-Tiflis-Qars dəmir yolunun açılması bu bölgəyə başqa imkanlar gətirə bilər. Müdafiə naziri Zakir Həsənovun bəyanatına gəldikdə isə, bunu ciddi qəbul etmək lazımdır. Məlumdur ki, Naxçıvan Azərbaycanın hərbi-strateji və ayrılmaz tərkib hissəsidir və onun təhlükəsizliyinin təmin edilməsi vacib məsələdir. Məhz buna görə də Naxçıvanda 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu yaradılıb və ən müasir silah və sursatlarla təmin edilib. Hər hansı fövqalədə hadisə baş verərsə, ərazidə olan bütün güc strukturları bu ordunun komandanının əmrlərini yerinə yetirməlidir. Bu isə böyük güc deməkdir, eyni zamanda bu, Ali Baş Komandana tabe olan qurumdur. Naxçıvandakı ordu müstəqil şəkildə müharibə aparmaq iqtidarındadır. İkinci bir tərəfdən, son vaxtlar Naxçıvan ərazisində Türkiyə Ordusu ilə birgə aparılan təlimlər bir daha göstərdi ki, Azərbaycanın Ordu qüvvələri təcavüzkar ermənilərə hər cür həmlə etməyə və qalib gəlməyə qadirdir”.

Məhəmmədəli QƏRİBLİ

 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın