Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Bayramlar ayı olan martın fərqli iqtisadi çalarları

Bayramlar ayı olan martın fərqli iqtisadi çalarları

Rəşad Həsənov: “Ənənəvi olaraq mart ayında bayram üçün istehsal olunan məhsulların, o cümlədən xidmətlərin qiymətləri artır”

Təqvimdə başdan-başa bayramlarla əhatə olunan mart ayına qədəm qoyduq. Əvvəlcə, 8 mart Qadınlar bayramı, daha sonra 4 ilaxır çərşənbə, bunun ardından xalqımızın sevimli bayramı olan Novruz gəlir.

Məlum məsələdir ki, əhalinin xərcləmələri bu ayda artacaq. Hər kəs son qəpiyini xərcləməli olsa  belə, bayramı  Novruza özəl bəzədilmiş süfrə ilə, bol ruzi ilə qarşılamağa çalışır ki, bütün ili bolluq içində olsun. Bu ayda tələbatın artmasına uyğun olaraq bayram məhsullarının da qiyməti artır. Heç kimə sirr deyil ki, həmin qiymətlər bayramdan sonra da  enmir. Bəs görəsən, iqtisadçı ekspertlər mart ayını necə dəyərləndirir? Qiymətlər, manatın məzənnəsi və digər məsələlərlə bağlı proqnozlar necədir?

“Yeni Müsavat”ın suallarını cavablandıran iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, mart ayında əhalinin xərcləmələri artır, ancaq bu heç də alıcılıq qabiliyyətinin artması anlamına gəlməməlidir: “Bu, Azərbaycan üçün xarakterik situasiyadır. Ardıcıl olaraq bayramların olması, xüsusilə də Novruz kimi önəmli bir bayramın mart ayına təsadüf etməsi nəticəsində əhali məcburi xərcləmələr edir. Hər bir ailə başçısı çalışır ki, öz evində müəyyən qədər bayram əhval-ruhiyyəsini yaşada bilsin. Bu xərcləmələr də qiymətlərə öz təsirini göstərəcək. Ənənəvi olaraq mart ayında bayram üçün istehsal olunan məhsulların, o cümlədən xidmətlərin qiymətləri artır. Bu ən çox ərzaq sektorunda və əyləncə sahəsində təşkil olunan xidmətlər sektorunda hiss olunacaq.  Bu isə faktiki olaraq əhalinin maliyyə vəziyyətinə neqativ təsir göstərəcək. Ümumiyyətlə, inflyasiya üzərində təzyiqləri daha da artıracaq”.

İqtisadçının sözlərinə görə, qiymətlərin artması istiqamətində trendi qabaqlamaq üçün müəyyən qədər öncədən alış-veriş zərərləri kompensasiya edə bilərlər: “Spesifik olaraq bayram üçün istehsal olunan və artıq indidən istehlak olunan məhsulların qiymətində bayramdan sonra yenidən ucuzlaşma baş versə də, ərzaq məhsullarında qiymətlərin geri dönüşü müşahidə olunmayacaq. Ölkədə turizm sektorunda müəyyən aktivlik hiss olunacaq. Xüsusilə də son iki ildə bu istiqamətdə ərəb ölkələrindən, o cümlədən İrandan, Türkiyədən Azərbaycana axın daha çox müşahidə olunur. Bu isə ölkəyə valyuta axınını müəyyən qədər gücləndirməklə mart ayı ərzində yaranmış tələbin qarşısını almağa kifayət edəcək. Bu xərclərin artması və xaricə turist axınının artması səbəbindən manat üzərində formalaşan təzyiqləri neytrallaşdıracaq. Bu istiqamətdə risk gözlənilmir”.

Rəşad Həsənov ile ilgili görsel sonucu

İqtisadçı onu da vurğuladı ki, neftin qiyməti ilə bağlı dünya bazarında bu ay hər hansı ciddi dəyişiklik gözlənilmir:“Hazırda neft bazarlarda öz qiymətini tapmaq üçün mübarizə aparır. Bu gün neftin qiyməti təxminən 55-60 dollar  ətrafındadır. Mart ayında bu intervalda hər hansı ciddi dəyişiklik baş verməyəcək. Bizim proqnozlarımız bu ay neftin orta aylıq qiymətinin 65 dollar olacağı istiqamətindədir. Nəzərə alsaq ki, bu dövlət büdcəsində nəzərdə tutulandan 30 faiz artıqdır, mart ayı neftin qiyməti baxımından Azərbaycan üçün uğurlu hesab edilə bilər. Bu həm ölkədə xarici ticarət saldosunun artmasına, eyni zamanda  ödəmələr balansında profisitin yaranmasına səbəb olmaqla manat üzərində hər hansı neqativ təsirin olmamasını şərtləndirəcək. Neqativ amillər bu gün də ola bilər, lakin bunun qarşısı müxtəlif üsullarla alınır və məzənnədə sabitlik təmin olunur. Bu təzyiqlər davam etsə, qarşısı əvvəlki kimi alınacaq”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …