Ana səhifə / Sosial / Ünvanlı sosial yardım və özünüməşğulluq proqramı – vəziyyət necədir…

Ünvanlı sosial yardım və özünüməşğulluq proqramı – vəziyyət necədir…

Elman Babayev: “80 minədək aztəminatlı ailə ünvanlı sosial yardımla təmin olunur, 1200-dən çox aztəminatı ailə öz kiçik ailə təsərrüfatlarını qurub”

Məlum olduğu kimi, son illər dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması və manatın devalvasiyasından sonra ölkədə yaranan iqtisadi böhran yoxsulluq səviyyəsində yaşayan əhalinin sayının artmasına səbəb oldu. Vətəndaşların bir qismi iş yerlərini itirdi, bir qismi isə gəlirlərinin azalması ilə razılaşmalı oldu.

Bundan əlavə, bahalaşma və inflyasiyanın artması mövcud gəlirlərin daha da dəyərsizləşməsi ilə nəticələndi. Beləliklə, ölkəmizdə ünvanlı sosial yardıma ehtiyacı olanları sayı daha da artdı. Bəs görəsən, hazırda yoxsulluq vəziyyətində vətəndaşların ünvanlı sosial yardıma çıxışı necə təşkil olunur? Hazırda neçə ailə sosial yardım alır? birdəfəlik sosial yardımın verilməsi və əmək qabiliyyətli əhalinin özünüməşğulluğunun təmin edilməsi hansı mexanizm üzrə həyata keçirilir?

“Yeni Müsavat”ın suallarını cavablandıran Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev bildirdi ki, hazırda özlərindən asılı olmayan səbəblərdən yoxsulluq vəziyyətində yaşayan ailələrin ünvanlı dövlət sosial yardımı proqramı ilə əhatə olunması prosesi davam etdirilir: “2016-cı ilin fevralından ünvanlı sosial yardım sistemi üzrə bütün prosedurlar elektron sistem üzərində, yəni Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi tərəfindən avtomatlaşdırılmış qaydada həyata keçirilir. Aztəminatlı ailələri təmsil edən vətəndaşlar sosial yardımın alınması üçün elektron qaydada müraciət edirlər və bu müraciətlərə avtomatlaşdırılmış sistem tərəfindən 20-dən çox qurumun informasiya ehtiyatlarına inteqrasiya şəraitində baxılaraq, yardım təyin olunub-olunmaması barədə qərar qəbul olunur. Beləliklə də sosial yardım təyinatları məmur müdaxiləsi, ümumən insan faktorunun iştirakı mümkün olmadan, tam şəffaf şəraitdə və ünvanlılıq prinsipinə uyğun olmaqla aparılır.  01 yanvar 2018-ci il tarixə olan məlumata əsasən, 80 minədək aztəminatlı ailə (326,6 min nəfər ailə üzvü) ünvanlı sosial yardımla təmin olunur”.

Elman Babayev ile ilgili görsel sonucu

Babayevin sözlərinə görə, ünvanlı sosial yardımla yanaşı əhalinin gəlirlərinin artırılması üçün özünüməşğulluq proqramı çərçivəsində də müvafiq tədbirlər həyata keçirilir: “Bununla yanaşı, aztəminatlı ailələrin sosial müdafiəsində passiv tədbirlərdən aktiv tədbirlərə keçidin təmin olunması, onların əmək potensiallarının reallaşdırılması yolu ilə gəlir imkanlarının artırılması, nəticədə sosial yardım sistemindən asılılığının aradan qaldırılması üçün Azərbaycan prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən özünüməşğulluq proqramı çərçivəsində tədbirlər getdikcə genişlənir. Proqrama özünüməşğulluq fəaliyyəti qurmaq üçün müvafiq potensialları, əmək qabiliyyətli üzvləri olan aztəminatlı ailələr cəlb edilərək, onlar hazırladıqları biznes-planlar əsasında kiçik ailə təsərrüfatlarını yaratmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aktivlərlə, yəni lazımi mal və materiallarla təmin edilirlər. Ötən il verilmiş aktivlər hesabına artıq 1200-dən çox aztəminatı ailə öz kiçik ailə təsərrüfatlarını qurub, kiçik ailə biznesinə çıxış imkanı əldə edib. Aparılan müşahidələr onu deməyə əsas verir ki, aztəminatı ailələr dövlətin dəstəyi ilə yaradılmış təsərrüfatlarını daim inkişaf etdirir, genişləndirirlər. Bu isə onların gəlirlərinin tədricən artmasını, yoxsulluqdan sahibkarlığa çıxışını şərtləndirmiş olur”.

Nazirlik sözçüsü onu da vurğuladı ki, 2018-ci il ərzində isə ötənilki ilə müqayisədə dəfələrlə çox aztəminatlı ailənin özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarının qurulması üçün məqsədyönlü işlər aparılır: “Bu və ya digər iqtisadi fəaliyyət sahəsində biznesi qurmaq və onu idarə etmək üçün zəruri bilik və bacarıqlara yiyələnmələri  məqsədilə onlar üçün müvafiq təlim kurslarının təşkilinə də artıq başlanılıb. 1 aylıq kursları bitirdikdən sonra onların aktivlərlə təminatına başlanacaq.

Göründüyü kimi, hansı aztəminatlı ailələr ki, əmək potensialları, əmək qabiliyyətli üzvləri vardır, onlara aktivlər verilməklə və kiçik ailə təsərrüfatları yaradılmaqla gəlir imkanları artırılır. Nəticədə belə aztəminatlı ailələrin kiçik ailə təsərrüfatlarına malik olmaları hesabına onların sosial rifahında baş verən müsbət dəyişikliklər həmin ailələrin sosial yardım proqramından da çıxarılmasına səbəb olacaq. Lakin özlərindən asılı olmayan səbəblərdən yoxsulluq vəziyyətində yaşayan, əmək qabiliyyətli üzvləri olmayan ailələrin bu səbəbdən özünüməşğulluq tədbirlərinə cəlb olunmaq potensialları olmadığından həmin ailələrin sosial yardım sistemi vasitəsilə yoxsulluğun çətinliklərindən müdafiəsi davam etdiriləcək”.

Həmçinin oxuyun

Yusif Qədimbəyli cərimələnir

Sədərək firmasına inzibati protokol yazılıb. Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin …