Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Azərbaycan-Türkiyə birgə hərbi təliminin hərbi-siyasi və texniki tərəfləri – TƏHLİL

Azərbaycan-Türkiyə birgə hərbi təliminin hərbi-siyasi və texniki tərəfləri – TƏHLİL

Azərbaycan Ordusunun hərbi təlimləri ildən-ilə öz forma və xüsusiyyətinə görə əvvəlkilərdən fərqlənir.

Son 2 gün ərzində keçirilən “Qardaş yumruğu” adlanan Azərbaycan-Türkiyə birgə hərbi təlimini də bu kontekstdə təhlil edə bilərik. Əvvəlcə onu qeyd edə bilərəm ki, təlimlər ənənəvi olaraq məlum poliqonlarda deyil, konkret istiqamətlərdə, yəni Bakı, Astara, İmişli və Cəbrayıl bölgələrində keçirilir.

Məsələyə hərbi-siyasi mövzuda yanaşsaq, bu təlimləri İran və Ermənistana, o cümlədən bölgədə anti-Azərbaycan mövqeyindən çıxış edən maraqlı dövlətlərə yönələn ismarış kimi təqdim etmək olar. Bunu təlimlərin keçirildiyi coğrafiya ilə əlaqələndirmək olar.

İlk növbədə onu qeyd etmək lazımdır ki, birgə təlimlərdə əsasən bütün qoşun növləri və peşəkar şəxsi heyət iştirak edir. Yəni piyada qoşun növü olaraq hərbi təlimlərin yerüstü əməliyyatları xüsusi təyinatlı qüvvələr tərəfindən icra olunur.

Bundan başqa Azərbaycan Ordusunun Quru Qoşunlarının tabeliyində olan və yeni yaradılan “Komando” hərbi birləşməsi də təlimlərə cəlb olunub. Analoji iştirak formasını Türkiyə Silahlı Qüvvələrinin təlimlərə cəlb olunan şəxsi heyətinə də şamil edə bilərik.

Təlimlərin texniki imkanları, istifadə olunan silah-texnika parkına da baxdıqda bir sıra yenilikləri görmək olar.

Əvvəlcə bu hərbi təlimlərdə istifadə olunan silah və texnikaların qısa siyahısını təqdim edirəm:

– “Mista S” Özüyeriyən Artilleriya Sistemi

– DANA Özüyeriyən Artilleriya Sistemi – BM-21 Reaktiv Yaylım Atəş Sistemi- “Cardon” 120 mm minaatan (avtomobil üzərinə inteqrasiya edilib)

– Su-25 döyüş təyyarəsi (modernləşdirilib)- MiQ-29 döyüş təyyarəsi (modernləşdirilib)

– Mi-17 döyüş helikopteri (modernləşdirilib)

– Mi-24 G döyüş helikopteri (modernləşdirilib)

– T-72 tankı (modernləşdirilib)

– T-90 SM tankı (modernləşdirilib)

Bundan başqa, təlimlərə Türkiyənin ATAK helikopterləri də cəlb edilib. Artıq bir neçə dəfədir ki, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə hərbi təlimində ATAK helikopteri Azərbaycan şərtlərində test edilir.

Təlimdə 40 mm-lik Mk.19 avtomatik qumbaraatandan istifadə edilir. Mk.19 (Mark 19) lentdən qidalanan 40 mm çaplı dəzgahlı avtomatik qumbaraatandır.

Hesab edirəm ki, təlimlərin növbəti dövrü üçün pilotsuz uçuş aparatlarının (PUA) əməliyyat-kəşviyyat uçuşlarının da şahidi olacağıq.

Göründüyü kimi Azərbaycan-Türkiyə birgə hərbi təlimi bir neçə aspektdə əhəmiyyətlidir. Bu təlimləri hərbi-siyasi, hərbi-taktiki və hərbi-texniki baxımından təhlil edə və orduların imkanlarını xarakterizə edə bilərik.

Əlbəttə ki, hər şeydən əvvəl birgə təlimdə əsas məqsəd qoşunların qarşılıqlı əlaqədə fəaliyyətinin təmin olunması, təcrübə mübadiləsi və döyüş hazırlığının – peşəkarlığının artırılmasıdır.

Ramil Məmmədli Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərb ekspert

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …