Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Ədalət Verdiyev: “İndi təsəvvür edin ki, həmin yolu bizim mülkilərimiz deyil, XTQ bağlasaydı nə olacaqdı”

Ədalət Verdiyev: “İndi təsəvvür edin ki, həmin yolu bizim mülkilərimiz deyil, XTQ bağlasaydı nə olacaqdı”

Bugünlərdə Xankəndi-Gorus avtomobil yolunun Şuşa-Daşaltı yol ayrıcında bağlanması ilə bağlı məlumatlar yayıldı.

Bildirildi ki, Xankəndidən Ermənistan istiqamətində yolda kilometrlərlə tıxac yaranıb. Sonra məlum oldu ki, bizim ekoloqlar həmin ərazidə monitorinq keçirdikləri səbəbindən yol müvəqqəti bağlanmalı olub. Təbii ki, bütün bunlar rəsmi Bakının Azərbaycanın Xankəndi və ətraf bölgəsi ilə bağlı konkret və qətiyyətli addımlar atmaq ərəfəsində olduğunu göstərir. ETSN üzərindən başladılan bu proses böyük önəm daşımaqla yanaşı, həm də konkret ünvanlara açıq mesaj xarakteri daşıyır. Belə ki, bu addımla rəsmi Bakı həm son vaxtlar arxayınlaşıb bütün “qırmızı cizgiləri” keçməyə çalışan erməni separatçı-terrorçulara, həm də rus sülhməramlılara açıq və sərt xəbərdarlıq etmiş oldu.

Erməni separatçı-terrorçuların qaldırdığı hay-küy isə heç bir önəm daşımır. Əksinə, onların nə qədər aciz və çıxılmaz bir vəziyyətdə olduğunu göstərir. Çünki cəmi 10-15 silahsız ekoloq qarşısında belə panik duruma düşürlərsə, bundan özləri lazımi nəticə çıxarmalıdırlar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən yaranmış vəziyyəti qəzetimizə belə şərh etdilər:  “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sorğusu əsasında Müdafiə Nazirliyi Rusiya sülhməramlı qüvvələrinin komandanlığına onların müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntıların qanunsuz istismarı və bundan əmələ gələn ekoloji fəsadların araşdırılması və monitorinqi məqsədilə ölkəmizin aidiyyəti qurumlarının mütəxəssislərinin həmin ərazilərə göndərilməsi barədə müraciət edib. 2022-ci il 3 dekabr tarixində saat 11.00 radələrində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları əraziyə keçid üçün Xankəndi ilə Şuşa şəhəri arasındakı Rusiya sülhməramlı qüvvələrinin nəzarət məntəqəsinə yaxınlaşıblar.

Hazırda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə faydalı qazıntıların qanunsuz istismarı və bundan əmələ gələn gələn ekoloji fəsadların araşdırılması və monitoriqi məqsədilə ekspertlərdən ibarət qrupun həmin ərazilərdə fəaliyyət göstərməsinin şərtləri sülhməramlı qüvvələrin komandanlığı ilə müzakirə olunub”.

Hərbi ekspert Ədalət Verdiyev yaranmış vəziyyəti “Bakı-Xəbər”ə belə şərh etdi: “Bizim həmin yolu bağlamaq niyyətimiz olsa, bunu istənilən vaxt edə bilərik. Bizim belə fikrimiz olmayıb. Sadəcə, istədiyimiz budur ki, ərazimizdən keçən yoldan ermənilər yalnız humanitar məqsədlər üçün istifadə etsin. Əgər bizim mülki şəxslər həmin yolu qısa müddətdə bağlaya bildilərsə, yolun açılması üçün rus sülhməramlıları bizim mülki şəxslərlə üç saat danışıq aparmalı oldular. Sonra biz yolu açdıq. İndi təsəvvür edin ki, həmin yolu bizim mülkilərimiz  deyil,  XTQ  bağlasaydı nə olacaqdı. Bu səbəbdən də, işğalçı ölkə, separatçı qurum və Rusiyanın sülhməramlıları anlamalıdır ki,  birgə Bəyanatın bəndlərinin yerinə yetirilməsinin zamanı çatıb və Azərbaycanın da bundan sonra təmkinli davranmasını kimsə gözləməməlidir. Bu o deməkdir ki, Azərbaycan istənilən an öz ərazi vahidinə dövlət qurumlarını yeridib, oranı yoxlaya bilər. Bu, Xankəndiyə ilk səfər idi. Auditoriyada bir narahatlıq var ki, Xankəndiyə niyə  gedə bilmirik. Mən bilirdim ki, biz lazım olanda ora gedib, təmaslar da qurmuşuq. Ancaq bundan cəmiyyət məlumatlandırılmır. Çünki ortada hələ  ciddi bir nəticə yoxdur. Amma mən bir neçə dəfə belə kontaktların olması barədə məlumatlanmışam. Sonradan cənab Prezidentin özü də dedi ki, biz Qarabağın erməni əhalisi ilə təmasdayıq. Ora səfər edən jurnalistlərlə də söhbətim olub.  Əlimizdə ciddi kadrlar var. Lazım bilinəndə onlar ictimaiyyətə açıqlanacaq. Bizim hazırda sülhməramlıların nəzarətində olan ərazilərimizə giriş-çıxışımız daha da intensivləşəcək. Separatçı qurum bunu anlamalıdır. Ya indidən çemodanlarını yığıb İrəvana hazırlaşmalıdırlar, ya da Azərbaycan pasportlarını ciblərinə qoyub, başlarını aşağı salıb bizim vətəndaşlarımız kimi yaşamalıdırlar. Yox, nə zamansa bizə qarşı silah çevirməyi düşünürlərsə, onda vəziyyətləri daha acınacaqlı olacaq”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …