Bazar ertəsi , İyun 24 2019
Ana səhifə / Azərbaycanda Cennifer Lopesin pulu necə oğurlanır? – ARAŞDIRMA

Azərbaycanda Cennifer Lopesin pulu necə oğurlanır? – ARAŞDIRMA

 

Azərbaycanın mobil rabitə operatorlarının reklam roliklərində və müxtəlif kampaniyalar zamanı dünya estrada ulduzlarının ifasındakı mahnıları uzun illərdir eşidirik. Bundan başqa onların foto və videotəsvirlərini də nümayiş etdirirlər.

Lakin heç birimiz bu məsələnin üzərində bircə dəfə də düşünməmişik ki, belə roliklər çəkən mobil operatorların bu hərəkətləri qanunidirmi, bu şirkətlərin həmin çarxları nümayiş etdirməsi qanuna uyğundurmu.

Əlbəttə, ürəyəyatan, həzin, xoşagəlimli musiqi dinləyəndə bunun hüquqi aspektləri yada düşmür. Hərçənd hər bir müğənninin, illah da ki, məşhur ifaçının onun müəllif hüquqlarını qorumalı olan vəkillə müvafiq müqavilə bağladığını hamımız yaxşı bilirik.

Əlbəttə, xarici müğənnilər toylar, orada yığdıqları şabaş hesabına yaşamırlar. Onların gəlir mənbələri konsertlər, çəkildikləri reklam çarxları və s. tədbirlərdən gələn qazancdır. Və müəllifin mahnısından istifadə üçün ona qonorar düşür.

Təəssüf ki, Azərbaycanda bu nüansa son vaxtlara qədər heç kim fikir vermirdi. Burada heç özümüzünkülərlə heç kim hesablaşmaq istəmir, o ki ola, tutalım, Cennifer Lopes. Bakıda Lopesin hüquqları ilə kim məşğul olası idi ki…

Lakin belə görünür ki, bu sahədəki özbaşınalığın və qanunsuzluğun da sonu çatır.

Əksər dünya estrada ulduzlarının müəllif hüquqlarının qorunması ilə məşğul olan Avropa şirkəti – “Universal music group” Azərbaycanda öz nümayəndəliyini açıb. “Ominkomo music group” adlanan bu qurum artıq üçüncü ildir ki, ifaçıların müəllif hüquqlarının pozulması faktlarını aşkarlayır və bu kimi hallarla mübarizə aparmağa çalışır.

Lakin “Ominkomo music group”un bu fəaliyyəti nə qədər effektivdir? Bu haqda həmin şirkətin yardım üçün tanınmış vəkil Kamandar Nəsibova müraciət etməyə məcbur olması faktı əsasında mülahizə yürütmək olar.

Ötən ilin sonlarından etibarən bütün mobil rabitə operatorlarının ünvanına rəsmi sorğular göndərilməyə başlanır. Onlardan biri belə cavab verib ki, bu məsələ ilə reklam və klipləri çəkən istehsalçı şirkətlər məşğul olur. Digəri isə sorğuya bu günədək heç cavab verməyi də lazım bilməyib. Halbuki vəkil öz iddia və sorğularında “Azercell Telekom”, “Bakcell Ltd” və “Azerfon” şirkətlərinin rəhbərlərinə açıq mətnlə anladıb ki, bu şirkətlər müəllif hüquqları qanunla qorunan ifaçıların mahnılarından bir ildən çoxdur istifadə edirlər. Vəkil mobil rabitə operatorlarına bu ifaçılara dəyən zərərə görə kompensasiya ödənilməsini, bundan sonrakı illərdə isə həmin ifaçılarla müqavilə əsasında işləməyi və onlara bu müqavilənin nəzərdə tutduğu qaydada qonorar ödənilməsini təklif edib.

Lakin Azərbaycanın mobil rabitə operatorları bunun əvəzində kontent-provayderlərlə müqavilələrinin olmasında israr edir, bu zaman onların adlarını açıqlamaqdan da imtina edərək bunu kommersiya sirri adlandırırlar.

Məsələn, “Bakcell” şirkəti əməkdaşlıq etdiyi firmaların adlarını açıqlamaqdan qətiyyətlə imtina edib. “Azerfon” isə vəkilin sorğusuna cavab verməyə həvəs göstərməyib.

Yalnız “Azercell”dən bu şirkətlərin bəzilərinin adlarını öyrənmək mümkün olub. Bunlar “Digital services” ASC, “Mobiski” ASC və “LSİM” ASC-dir.

K.Nəsibov bunu əlində ipucu edərək işin mahiyyətini araşdırmağa qərar verib. Bu işin detektiv süjetə çevrilməsi də mümkündür.

“LSİM” ASC-dən vəkili başqa kontora – “Azərbaycan müəllifləri” İctimai Birliyinə yönləndiriblər. Bu birlik onunla bağlanmış müqaviləyə əsasən müəllif hüquqlarının qorunmasına görə məsuliyyət daşıyır. Məlum olur ki, “LSİM” ASC Müəllif Hüquqları Agentliyinə də müraciət edibmiş. Agentlikdən ona bildirilib ki, firma bu ictimai birliyin hüquqlarının şamil edilmədiyi mahnılar üzrə özü müvafiq müqavilələr bağlamalıdır.

Vəkilə mübahisəli mahnıları yaymağa artıq son qoymuş “Digital services” şirkətindən də eyni cavab verilib.

Lakin ən maraqlı hadisələr K.Nəsibovu “Azərbaycan müəllifləri” İB-də gözləyirmiş. Orada vəkilə deyiblər ki, onların əvvəllər mobil rabitə operatorları ilə müqavilələri olub, 2014-cü ildən isə belə müqavilələr bağlanmır. Müəlliflərə və ya onları təmsil edən şirkətlərə qonorarları isə özləri verirmişlər. Halbuki bu deyilənlərin xarici müəlliflərə tətbiq olunması heç cür mümkün olmaması özlüyündə də aydındır.

Vəkil burada işlərin nəsə qaydasında olmadığını hiss edincə Ədliyyə Nazirliyindən “Azərbaycan müəllifləri” İB barədə arayış almağa qərar verib. Nazirlikdən aldığı məlumat isə onun narahatlığını daha da artırıb. Məlum olub ki, İsmayıl Məmmədkərimov 2011-ci ildə “Azərbaycan müəllifləri” İB-nin sədri seçilib. Özü də bir il müddətinə. O vaxtdan bəri isə bu qurum başsız qalıb, rəhbəri yoxdur. Yalnız K.Nəsibovun onlara müraciətindən sonra İB-də narahat olmağa başlayıblar. Onlar Ədliyyə Nazirliyinə müraciət edərək sənədlərdə dəyişiklik etməyə icazə istəyiblər.

Üstəlik, Ədliyyə Nazirliyindən o da bildirilib ki, İB-nin sənədlərində xarici müəlliflərlə müqavilə bağlanmasına dair bircə cümlə də yoxdur.

“Bundan əlavə, ictimai birliklər haqqında qanun “Azərbaycan müəllifləri” İB-yə kommersiya əməliyyatları ilə məşğul olmağa, o cümlədən əldə olunan gəliri öz üzvləri arasında bölüşdürməyə icazə vermir. İB-nin vergiödəyicisi olub-olmaması da məlum deyil” – deyə K.Nəsibov öz mövqeyini izah edir.

Vəkil bildirir ki, bu məsələyə müxtəlif məhkəmə instansiyalarında baxılmasına nail olmaq üçün artıq iddia ərizələri də hazırlayıb.

K.Nəsibov başladığı işin kifayət qədər mürəkkəb olduğunu və bu “xəmirin hələ çox su aparacağı”nı anlayır. Aydın məsələdir, hansısa şirkətlər, özü də mümkündür ki, saxta firmalar məşhur ifaçıların klip və çarxlarını pulsuz götürüb yaymaqla yaxşıca pul qazanıblar. Bu gün – mahnı müəlliflərinə hesabat vermək lazım olduğunu biləndə isə məsuliyyətdən yayınmağa çalışırlar.

Doğrudur, vəkil əmindir ki, bunu etmək həmin firmalara nəsib olmayacaq, çünki necə deyərlər, ədalət çarxının təkərləri qanunsuzluq mexanizminin təkərlərindən daha güclü fırlanır.

K.Nəsibov müəllif hüquqlarını qoruyan və Azərbaycanın da müxtəlif illərdə qoşulduğu beynəlxalq müqavilə və sazişlərdən ətraflı danışır, bu sənərlərin tələblərini pozan şəxsləri hansı cəzaların gözlədiyinə dair çoxsaylı nümunələr gətirir. Deyir ki, Azərbaycan Konstitusiyasının 30-cu maddəsi də hər bir kəsin intellektual mülkiyyət hüququnu (müəllif, ixtiraşılıq və intellektual yaradıcılığın digər növləri) birbaşa təsbit edir. Sonralar bunun əsasında da bir sıra qanunlar qəbul olunub. Bu hüququn qorunması sayəsində beynəlxalq əməkdaşlıq əlaqələri yaradılıb.

Azərbaycan qanunları bununla bağlı nə deyir?

“Müəllif hüquqları haqqında” qanunun 34-cü maddəsini yada salmaq kifayətdir. Həmin maddəyə görə, fonoqramın istehsalçısı ondan istifadə etmək və ondan başqalarının istifadəsinə görə ödəniş almaq kimi müstəsna hüquqa malikdir. Bu maddənin tələblərinə əməl olunmaması isə İnzibati Xətalar Məcəlləsinin 50-ci və Cinayət Məcəlləsinin 165-ci maddələri tərəfindən qanun pozuntusu kimi təsbit edilir və müvafiq olaraq inzibati və cinayət məsuliyyətini nəzərdə tutur.

Vəkil K.Nəsibov indi bir şeyi anlamadığını deyir: nüfuzlu və ciddi şirkətlər günahı niyə digər firmaların üzərinə atır? Axı bu baş verənlərdən belə nəticə çıxır ki, mobil rabitə operatorları bütün məsuliyyəti istehsalçılar olan hüquqi və fiziki şəxslərin üzərinə atır. Çünki müqaviləyə görə, məsuliyyət onların üzərində qalır. Bu şirkətlərin çoxsaylı təcrübəli hüquqşünasları var. Onlar belə müqavilələr tərtib olunarkən belə nüansları nəzərə almağa borcludurlar.

Elə istehsalçılar da gah “Azərbaycan müəllifləri” İB-yə, gah da Müəllif Hüquqları Agentliyinə istinad edir, bununla da müəllif hüquqlarının pozulmasına görə məsuliyyəti öz üzərlərindən atmağa çalışırlar. Başqa sözlə, ciddi hüquqi şəxslər məsuliyyəti bir-birlərinin üstünə atmaqla məşğuldurlar. Nəticədə çoxsaylı xarici müəlliflər qonorar ala bilmirlər. Halbuki məhz elə Müəllif Hüquqları Agentliyi qanunun bu tələblərinə riayət olunmasını təmin etməlidir.

Bu mürəkkəb məsələni bir yazıda əhatə etmək çətindir. Amma K.Nəsibov da ümidini itirmir. Vəkil belə mürəkkəb işlərlə ilk dəfə deyil üzləşdiyini deyir. O əmindir ki, bu işi də öz məntiqi sonluğuna çatdıra biləcək. Bununla da qanun pozuntularının baş alıb getməsi ucbatından daha çox cinayət mühitini xatırladan Azərbaycanın musiqi sənayesi sahəsində qayda-qanun yaradılmasına öz töhfəsini verə biləcək. //haqqin.az

Həmçinin oxuyun

Azərbaycanda aliment ödəməyən müəllim dərs zamanı həbs edildi – VİDEO

Azərbaycan rəsm müəllimi dərs zamanı polis tərəfindən saxlanılaraq polis bölməsinə aparılıb. Unikal.org xəbər verir ki, bu …

Bir cavab yazın