Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Abşeron rayonunda bağ evinə basqının təfərrüatı

Abşeron rayonunda bağ evinə basqının təfərrüatı

Tezadlar.az saytı dünən  gecə saatlarında iş adamı Məmmədağa İbrahimovun şəxsi mülkiyyətində olan Abşeron rayonunun Novxanı kəndindəki bağ evinə naməlum şəxslər tərəfindən edilən basqın barədə məlumat verib. Belə ki, basqınçıların qanunsuz və dəhşət saçan hərəkətləri barədə evin mühafizəçisi və sahibi tərəfindən dərhal DİN-nin 102 xidmətinə məlumat verilmişdir… Əməkdaşımız hadisə barədə eşidən kimi, orada olmuş, hadisədə zərər çəkmiş, yəni üzərinə basqın edilmiş Rauf Ağayevlə (bağ evinin mühafizəçisi) görüşmüşdür. Mühafizəçinin və digər şahidlərin bildirdiyinə görə adı çəkilən bağ evinə “Bakı Mərkəzi Bazar” MMC-nin direktoru, iş adamı Vaqif Şıxəliyev adlı şəxsin yaxın adamları hücum etmişdir.

Ev sahibi polis rəisi ilə görüşdü…

Bu gün isə məlum oldu ki, bağın sahibi Məmmədağa İbrahimov Abşeron RPİ-nin rəisi Şəhriyar Şəmşirli ilə görüşmüş, polisdə onun və bağın mühafizəçisi R.Ağayevin ifadəsi alınmışdır…
Əməkdaşımız Məmmədağa İbrahimov və Rauf Ağayevdən, həmçinin polis sahə müvəkkili Əlqayıt Mikayılovdan müsahibə almışdır. Aşağıda təqdim edirik:
-Məmmədağa müəllim, martın 31-də sizə məxsus bağ evinə gecə saatlarında təşkil edilmiş hücum barədə nə deyə bilərsiniz, hazırda vəziyyət hansı hüquqi müstəvidədir?
-Bu gün mühafizəçi Rauf Ağayevi Abşeron RPİ-yə çağırıb izahatını alıblar… Mən də polisdə olmuşam, izahatımı vermişəm…
-Əgər istintaq sirri deyilsə, mühafizəçi polisdə verdiyi ifadəsində nələrə aydınlıq gətirib?
-Deyib ki, ona gecə saat 20:35 radələrində gizli nömrədən zəng edərək tələb ediblər ki, qapını aç. Soruşub ki, siz kimsiniz? Onlar da deyiblər ki, aç, bilərsən… Sonra mühafizəçi Rauf Ağayev qapını açıb. Qapı açılan kimi bir nəfər, hündürboylu, bığı olan 40-45 yaşında bir nəfər onun boğazından tutub və boğmaq istəyib… Deyir, gördüm ki, məni boğub öldürmək istəyirlər, yanımda olan həyat yoldaşım və uşaqlarım dərhal qışqırığımı eşidib köməyə gəldilər. Bu zaman mən onların əlindən çıxıb darvazanın qapısını bağladım. Lakin onların qapını açmaq tələbi hələ də kəsilməmişdi. Onlar darvazanın arxasından yenidən qışqırıb hasardan keçib məni öldürəcəkləri ilə hədələyirdilər… Bu zaman Rauf Ağayevin onun həyat yoldaşı mənə zəng edib hadisə barədə həyəcan içində məlumat verdi. Dedim ki, dərhal DİN-nin 102 xidmətinə zəng edib məlumat verin… Rauf Ağayev 102-yə zəng edir. Hasarın arxasında dayanıb içəri girməyə cəhd edən həmin cinayətkarlar bunu eşidib dərhal qaçıb gedirlər… Az keçmiş polislər hadisə yerinə gəliblər, mühafizəçini dindirib yerindəcə izahatını alıblar… Raufun həyat yoldaşı mənə bildirdi ki, basqınçılar 6-7 nəfər olub. Bundan sonra mən də 102 xidmətinə zəng edib məlumat verdim… Bildirdim ki, həmin bağ uzun illərdir mənə məxsusdur, şəxsi mülkiyyətimdir və bağa basqın edilib. Bundan sonra polislər hadisə yerində olub araşdırmaya başlayıblar.
-Gələnlərin kimliyi, yaxud maşının nömrəsi, digər maddi sübutlar məlumdurmu?
-Qaranlıq olduğundan və onlar dərhal aradan çıxdığından mühafizəçi Rauf maşınlarının nömrəsini götürə bilməyib… Amma mühafizəçi deyir ki, üzləşmə olarsa, dərhal tanıya bilər…
-Bəs mülkiyyətçi kimi, sizi polisə çağırıblarmı?
-Bəli, bu gün aprelin 1-də Abşeron RPŞ-nin rəisi Şəhriyar Şəmşirli və onun müavini ilə görüşdüm, izahatımı təqdim etdim. Həmçinin 2000-ci ildə aldığım həmin bağın sənədlərini də təqdim etdim ki, bu bağ evi mənə məxsusdur, şəxsi mülkiyyətimdir. Buna baxmayaraq bir qrup dələduz-dəllal neçə vaxtdır mənə məxsus bu bağı ələ keçirmək istəyirlər… Bu məqsədlə də bağın gözətçisini ölümlə hədələyiblər. Bu qanunsuz alqı-satqı məsələsi 2-3 ay əvvəl olsa da, sahə müvəkkili məlumatlandırılıb və indiyədək heç bir tədbir görülməyib.
-Əgər hadisə 2-3 ay əvvəl olubsa, deməli, gözətçi həmin adamları ehtimalla da olsa tanıyıb bilməlidir…
-Sahə müvəkkilinin həmin adamlar barədə dəqiq məlumatı var… Mən Abşeron RPİ-nin rəisi Şəhriyar Şəmşirliyə də dedim ki, Əlqayıt adlı həmin sahə müvəkkilini çağırsa, o, hər şeyi ətraflı danışacaq, həmçinin həmin adamların kimliyi barədə deyəcək… Bildiyimə görə, həmin adamlar bir dəfə onun yanında da olublar. Hətta o, bu işlərin arxasında kimlərin dayandığını da yaxşı bilir, məlumatlıdır, adbaad tanıyır…
-Bəs sizin qənaətiniz necədir, bu hadisənin arxasında kim və ya kimlər dayanır? Əgər bağı almaq lazımdırsa, bunun qanuni yolları var…
-Əvvəla, həmin bağa heç kimin iddiası ola bilməz. Çünki həmin bağ şəriksiz olaraq mənə məxsusdur. Torpağı qanuni yolla 2000-ci ildə almışam, bütün rəsmi sənədlər var, qanuni yolla özəlləşdirilib, «kupça»sı da var… Həmin sənədləri bu gün polis şöbəsinə təqdim etmişəm. Polisdən istəyim budur ki, mənə məxsus bağın-mülkün zor gücünə ələ keçirilməsi cəhdində iştirakçı olan dələduzları tapıb ifşa etsinlər. Çünki mənim mülkiyyət hüququm kobud surətdə pozulub…
***
Bağın mühafizəçisi Rauf Ağayev:
-Rauf bəy, hadisə necə baş verib?
-Bir müddət əvvəl iki nəfər bağı almaq adı ilə qapını döydü. Soruşdum ki, kimsiniz, dedilər ki, aç, bilərsən… Amma tanımadığım adamlar idi. Onlara bildirdim ki, bu bağ 15 ildir ki, Məmmədağa müəllimə məxsusdur, o vaxtdan da mən ailəmlə birgə burda yaşayıram. Ona görə də satılmır. Satılsa, sahibi deyər, onda satılar. Ümumiyyətlə, on gündən bir dəllallar gəlirdilər ki, bağı satırsınızmı, deyirdim ki, yox… Həmin gecə, yəni martın 31-də isə, axşam saat 8-dən sonra ailəmlə evdə oturmuşdum. Bu zaman gizli nömrədən mənə zəng gəldi. Telefonu açdım, kim olduğunu soruşdum. Dedi ki, mən burda, darvazanın arxasındayam, qapını aç, bilərsən kiməm… Təkrar soruşdum ki, axı kimsiniz, niyə gecə, özü də gizli nömrə ilə, hədələrlə danışırsınız? Qapını bu halda necə aça bilərəm? Həmin zəng 20:35 radələrində olmuşdu… Yenə də qışqıraraq dedi ki, qapını aç deyirəm, yoxsa, hasardan girəcəyəm… Mən qapıya yaxınlaşdım, amma açmaq üçün yox. Həmin adamlar isə qapını təpikləyirdilər… Belə olan halda ailə üzvlərimlə darvazanın qarşısına gəldik. Məcbur olub axırda qapını açdım… Bu vaxt bir nəfər, hündürboy, bığlı, 40-45 yaşında, yapışdı boğazımdan. Mən müqavimət göstərdim. 5-6 nəfər isə darvazanın arxasında dayanmışdılar… İki nəfər isə içəri girmişdi. O birilərin səsi gəlirdi. İki nəfərdən biri boğazımdan yapışmışdı. Hətta mənə əvvəlcə salam verib məni çaşdırmaq istəyirdi. Sonradan belə hərəkət etdi. Mən onu kənara itələyib dedim ki, hara girirsən, bayıra çıx. Onu ailəmin köməkliyi ilə bayıra itələyib qışqırdıq və dərhal darvazanı bağladıq. Amma onlar hasarın arxasında dayanıb bizi hədələyirdilər.
-Bəs polisə məlumat verdinizmi?
-Bəli, dərhal sahə müvəkkili Əlqayıt Musayevə zəng vurdum. Çünki bura gələn dəllalların barəsində onun əvvəllərdən məlumatı var idi, yanında olmuşdular… Sonra isə DİN-nin 102 xidmətinə zəng vurdum, hadisə barədə məlumat verdim. Az sonra polislər gəldi, izahatlarımı verdim. Mən onları çölə çıxardandan sonra basqınçılar hasarın arxasından ailəmi və məni ölümlə hədələyirdilər. Amma DİN-nin 102 xidmətinə zəng etdiyimizi eşidən kimi qaçıb aradan çıxdılar. Çünki mən maşının getmə səsini eşidəndə yavaşca darvaza qapısını açıb arxalarınca baxdım ki, maşının nömrəsini götürüm. Amma onlar qaranlıqda yoxa çıxmışdılar…
***
Əlqayıt Mikayılov, Abşeron RPŞ-nin polis sahə müvəkkili:
-Əlqayıt müəllim, martın 31-də baş vermiş hadisə barədə nə deyə biləsiniz?
-Bilirsiniz, bir müddət əvvəl iki nəfər mənim yanıma gələrək bir sənəd də göstərdilər ki, filan ünvandakı, yəni, məlum hadisə baş verən bağ sahəsi və torpaq bizə məxsusdur, oradakı mühafizəçi və ailəsini çıxardım… Mən dərhal onlara izah etdim ki, bu mülki məsələdir və məhkəmə qaydasında həllini tapmalıdır. Ona görə də mənə aid məsələ deyil…
-Bəs həmin bağ sahəsində müvəqqəti yaşayan ailə, yaxud bağın əsil sahibi sizə hansısa narahçılıq barədə müraciət etmişdimi?
-Bəli, həmin bağ sahəsində yaşayan və Rauf adlı şəxs mənə bir neçə dəfə deyib ki, bəzi adamlar onu narahat edirlər, məsələn, bağı almaq, ələ keçirmək istəyirlər. Və guya deyirlər ki, onların əlində sənədləri də var ki, torpaq sahəsi onlara məxsusdur… Təsəvvür edirsinizmi, həmin şəxslər gecə evə gəlirlər və telefonla Raufa zəng edirlər ki, gəlmişik, qapını aç… Deməli, tanıyırlar. Hadisə barədə artıq rəsmi araşdırmaya başlanılıb, zərərçəkənlər, belə demək mümkündürsə, izahat veriblər…
-Dediniz ki, bir müddət əvvəl iki nəfər sizin yanınızda olub, bağ sahəsinin onlara məxsus olmasını və s. deyiblər. Və martın 31-də bağ evinə hücum edənlər də iki nəfər olublar… Sizin həmin şəxslərin kimliyi barədə bilginiz necədir, tanıyırsınızmı?
-Bilirsiniz, onlar bir dəfə yanımda olublar, mənə aid məsələ olmadığı üçün də heç sənədlərinə də baxmadım, şəxsiyyətini təsdiqləyən sənəd də tələb etmədim… Odur ki, onları tanımıram…

Bu dəqiqələrdə basqına məruz qalməş bağ evi ilə əlaqədar araşdırmaların nəticəsi barədə Abşeron RPŞ-nin polis sahə müvəkkili Əlqayıt Mikayılovla təkrarən əlaqə saxladıq. Çünki o, “Bəs bu hərəkəti törədənlər kimlərdir?” sualına tezliklə cavab verəcəyini bildirmişdi… Sahə müvəkkili bunları dedi:
-Təxminən yarım saat əvvəl vətəndaş M.İbrahimova məxsus bağ evinin işıqlarının hansısa şəxs tərəfindən kəsdirilməsi barədə mühafizəçi mənə məlumat verdi… Dərhal hadisə yerinə, yəni bağ evinə gəldim. Məlum oldu ki, deyilənlər doğrudur. Bu zaman həmin şəxsi burada gördüm. Onun kimliyini soruşdum, dedi ki, Vəliyev Habil Allahverdi oğludur, qəzet baş redaktorudur… Mən onun bu hərəkətinin qanunsuzluq olduğunu bildirəndə üstümə qışqırdı, məni videoya çəkərək hədə-qorxu gəldi. Onun iddiasına görə, guya bu bağ sahəsi onundur. İzah etdim ki, axı bu bağ sahəsi 2000-ci ildən, yəni 15 ildir Məmmədağa İbrahimov adlı şəxsə məxsusdur, bu da rəsmi sənədləri… Sənin nə sənədin var, göstər… O isə hay-küy salıb ərazidən uzaqlaşdı…
Hadisənin gedişi barədə əlavə məlumat veriləcək.
 Tezadlar.az

Həmçinin oxuyun

Leyla Abdullayeva: “Laçın artıq azaddır”

Ölkəmizin tarixi ərazisi, dilbər güşəsi Laçın artıq azaddır. Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla …

Bir cavab yazın