Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Aktual / Əli Məsimli: “Obyektiv jurnalist təhqiqatlarına geniş meydan verilməlidir”

Əli Məsimli: “Obyektiv jurnalist təhqiqatlarına geniş meydan verilməlidir”

“Şişirdilmiş rəqəmlərə şərait yaradanlar da məsuliyyət daşımalıdır”

Azərbaycan hökumətinin bu ilin 9 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirəsində prezident İlham Əliyev büdcə xərcləmələri sahəsindəki problemlərə də toxunub. Gələn ilin büdcəsinin həm sosialyönümlü, həm də investisiyayönümlü olacağını deyən prezident 2020-ci ildə xərclərə diqqətlə baxılmalı olduğunu vurğulayıb:

“Burada şəffaflığı tam təmin etmək üçün hökumət gərək təkliflər versin. Tezliklə, ilin sonuna qədər bu təkliflərə baxılacaq. Beləliklə, əminəm ki, biz eyni həcmdə olan işi az vəsaitlə icra edə bilərik. Buna nail olmaq üçün, ilk növbədə şəffaflıq, dövlət nəzarəti və ictimai nəzarət olmalıdır. Bütün dövlət qurumlarına deyirəm, yoxsa onlar pis öyrəşiblər. Hər ilin sonunda büdcə müzakirə olunarkən sifarişlər göndərirlər. Özü də orada şişirdilmiş rəqəmlər öz əksini tapır – havadan götürülmüş rəqəmlər. Onlardan soruşanda ki, misal üçün, bənd tikmək, yol çəkmək, kabel çəkmək üçün bu qədər vəsait barədə rəqəmi haradan götürürsən!? Havadan. Sonra araşdırma aparılır, görünür ki, şişirdiblər. Nəyə görə şişirdiblər? Aydın məsələdir nəyə görə. Buna da son qoyulmalıdır. Ona görə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, – bunu təkcə onların boynuna atmaq olmaz, – hökumət də nəzarətçi kimi şişirdilmiş bütün o rəqəmləri təhlil etsinlər və real rəqəmləri müəyyənləşdirsinlər. O rəqəmləri verənlər gərək məsuliyyət daşısınlar. Əgər bu dəfə bizim dövlət qurumlarımız, şirkətlərimiz yenə də şişirdilmiş rəqəmlər versələr, artıq özlərini ifşa etmiş olacaqlar. Hökumət, əlbəttə ki, onların bütün təkliflərinə baxacaq. Amma onlar əgər şişirdilmiş rəqəmləri versələr, öz cəzalarını alacaqlar. Ona görə zəhmət çəkib normal işləsinlər və pis vərdişlərdən əl çəksinlər”.

Göründüyü kimi, dövlət başçısı büdcə xərclərinin tərtibatı və icrası zamanı şişirtmələrə yol verən qurumlara ciddi xəbərdarlıq edib. Belə işləyən qurumlara qarşı hansı addımlar atıla bilər? Şişirtmələrin qarşısını almaq üçün hansı tədbirlər həyata keçirilməlidir?

Bu və başqa suallarımıza millət vəkili, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimlidən cavab aldıq.

– Əli bəy, xərcləri məqsədli şəkildə şişirdən qurumlara qarşı hansı addımlar atıla bilər?

– Müşavirədə prezident bildirdi ki, hər il növbəti ilin büdcəsi müzakirə olunarkan ayrı-ayrı qurumlar sifarişlər göndərirlər. Aparılan araşdırmalar göstərir ki, bir sıra hallarda həmin sifarişlərdə şişirdilmiş rəqəmlər öz əksini tapıb. Bəli, səriştəli ekspertlər asanlıqla müəyyən edə bilirlər ki, hər bir konkret mal-materialın, işin, xidmətin dəyəri nə qədərdir. Çünki hər bir işin dəyər ifadəsində normativləri var. Bundan başqa, müqayisəli təhlillər də aparmaq olur. Həmin üsullarla rəqəmlərin nə qədər şişirdilməsini aşkarlamaq elə də çətin iş deyil. Bu işlərə sistem xarakteri verilməlidir. Hökumət dövlət qurumlarının, şirkətlərin təkliflərinə baxanda şişirdilmiş rəqəmlər verənlərdən izahat tələb olunmalıdır. Verdiyi rəqəmi əsaslandıra bilsə, deməli, təkliflər verəndə normativlərdən düzgün istifadə edib ağlabatan rəqəmlər verib. Əsaslandıra bilməsə, deməli, rəqəmləri şişirdib, dövlət vəsaitini mənimsəmək istəyir. Belə dövlət qurumları və şirkətlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməlidir.

Amma bu məsələyə birtərəfli yanaşma gözlənilən nəticəni verə bilməz. Məsələyə kompleks yanaşılmalı, həm şişirdilmiş rəqəmi təqdim edən qurum, həm də şişirdilmiş rəqəmlərin keçməsinə maraqlı olanlar, şərait yaradanlar da məsuliyyət daşımalıdır. Hazırda islahatların yeni mərhələsi insanlarda ümid yaradıb. Bu ümidi doğrultmaq üçün fikirdə, sözdə və əməldə Azərbaycan dövlətçiliyinə xidmət edən, korrupsiyadan uzaq, xalqın və dövlətin maraqlarını fəaliyyətində üstün tutan bacarıqlı kadrlardan daha çox istifadə edilməlidir ki, düzgün işləmək nümunəsi göstərənlərin sayı artsın. Eyni zamanda, iqtisadiyyatın rəqəmsallaşdırılmasının, aşkarlıq, şəffaflıq, hesabatlılığın gücləndirilməsi və sair beynəlxalq praktikada özünü doğruldan üsullardan geniş istifadə etmək lazımdır ki, öz vəzifə mövqeyindən sui-istifadə etmək istəyənlərin heç biri buna nail ola bilməsin. Bununla yanaşı, həm də islahatlar yolu ilə elə bir mühit yaratmaq, elə bir mexanizm işləyib hazırlamaq və tətbiq etmək lazımdır ki, kadrlar üçün korrupsiya və talançılığa görə məruz qalacağı itkilər daha çox olsun. Rəqəmlərin şişirdilməsinin qarşısının alınmasının ən mühüm istiqamətlərindən biri də biznesdə məmur sahibkarlığının, məmur himayədarlığının aradan qaldırılması istiqamətində radikal addımlar atılmasıdır. Bu üsulla yüz milyon manatlarla dövlət vəsaitinə qənaət etmək və həmin mənbə hesabına maaşların, pensiyaların və digər ödənişlərin artırılmasına xeyli əlavə vəsait ayırmaq olar.

– Şişirtmələrə dövlət başçısının qeyd etdiyi sahələrdən başqa hansı sahələrdə daha çox yol verilir?

– Rəqəmlər tikinti-quraşdırma, təmir, prezidentin dediyi kimi, bənd tikmək, yol çəkmək, kabel çəkmək və sair bu kimi sahələrdə, dövlət satınalmaları, eləcə də bir sıra mal-material, texnika və avadanlıqların alınması və sair bu kimi sahələrdə daha çox şişirdilir. Bizə olan müraciətlər üzrə aparılan araşdırmalar əsasında demək olar ki, bəzən bir işə iki-üç dəfə dövlət vəsaiti ayrılır. Manatın devalvasiyasından əvvəl sifariş edilən avadanlıq və sairin devalvasiyadan sonrakı qiymətindəki dəyişikliklər anlaşılandır. Layihədə əsaslandırılmış mütərəqqi dəyişikliklərə görə artımlar da ola bilər. Qalan hallarda belə hallar dövlət vəsaitində israfçılıqla istifadənin, eləcə də həmin vəsaitin bir hissəsinin korrupsiyanın yeminə çevrilməsinin bir üsuludur. Bəzi satınalmalar zamanı ciddi zərurət olmadığı halda yerli istehsalçılara deyil, xarici ölkələrdən olan istehsalçılara üstünlük verilməsi nəticəsində əlavə xərclər çəkilir. Bundan əlavə, araşdırmalar aparılsa, məlum olacaq ki, bir sıra dövlət qurumlarında büdcədən ayrılan vəsait hesabına təzə mebel, mal-material, avadanlıqlar və sair alınması nəzərdə tutulsa da, əslində alınmayıb, ya da ayrılan vəsaitə müqabil səviyyədə alınmayıb… Eyni zamanda, dövlət vəsaiti hesabına dövlət əmlakından istifadə sahəsində də nöqsanlar yetərincədir. Tələbatdan artıq malların və inventarların alınması halları da mövcuddur.

Bizə olan müraciətlərdən görünür ki, bir sıra hallarda arxası olmayan sıravi şirkətlərə müəyyən işlər gördürülür və sonra da müxtəlif bəhanələrlə onların pullarını kəsir və bəzən də ümumiyyətlə, vermirlər. Bu da vəsaitin mənimsənilməsinin spesifik bir növüdür. Digər tərəfdən isə işləyib pulunu ala bilməyən həmin qəbildən olan şirkətlər sıradan çıxır. Milli Məclisdə büdcə müzakirələri zamanı Hesablama Palatası bu yöndə olan nöqsan və çatışmazlıqların bir qismini təqdim edir. İmkan olsa, daha çox çatışmazlıq ortaya çıxarılar…

Hesablama Palatasının bu yöndə aşkarladığı nöqsanlardan birinin mahiyyəti bundan ibarətdir ki, malların, işlərin və xidmətlərin ehtimal olunan qiymətinin müəyyənləşdirilməsi üzrə – tender prosedurlarının başlanmasından əvvəl satın alacağı malların, işlərin və xidmətlərin ehtimal olunan qiyməti mövcud qanunvericiliyə əsasən müəyyənləşdirilmir. Zəruri hallarda satınalan təşkilatın satın alacağı malların, işlərin və xidmətlərin ehtimal olunan qiymətinin müəyyənləşdirilməsi üçün peşəkar qiymətləndiricilərin cəlb edilə biləcəyi qanunvericilikdə göstərilsə də, bu tələbə əməl edilmir, yalnız iştirakçı müəssisələrin təklifləri əsas götürülməklə qalib müəyyən edilir və bu qiymətlərlə icra olunur ki, nəticədə əksər hallarda dövlət vəsaitinin artıq xərclənməsinə səbəb olur. Dövlət vəsaitlərinin qanunauyğun, səmərəli, qənaətli və nəticəli istifadəsində nöqsanlara yol verən vəzifəli şəxslərə münasibətdə zəruri intizam tənbeh tədbirlərinin tətbiq edilmədiyi və ya həmin vəzifəli şəxslərə yalnız xəbərdarlıq edildiyi şəraitdə həmin şəxslərin öz vəzifələrini davam etdirməsi xarakterik nöqsanların davam etməsinin əsas səbəblərindən biridir. Ona görə də rəqəmlərin şişirdilməsinə münasibət sərtləşdirilməlidir. Bu, dövlət vəsaitinə iri məbləğlərdə qənaətin, az vəsaitlə daha çox iş görməyin ən iri mənbələrindən biridir. Bu sahədə çalışanlar rəqəmlərin şişirdilməsinin hansı sahələr və büdcənin hansı bəndləri üzrə edildiyini yaxşı bilirlər…

– Büdcə sifarişləri qəbul olunduqdan sonra hər bir sifariş üzrə qiymətləndirmə aparılması büdcə prosesinin yubanmasına səbəb olmazmı?

– Düzgün təşkil olunsa, olmaz. Bu sahədə çalışanlar rəqəmlərin şişirdilməsinin hansı sahələr və büdcənin hansı bəndləri üzrə edildiyini yaxşı bilirlər. Ona görə də əksinə, belə araşdırmalar büdcə prosesində şəffaflığın və hesabatlılığın artırılmasına ciddi təkan vermiş olar. Bu üsul həm də dövlət vəsaitini talayanları bu pis vərdişlərdən əl çəkməyə, normal işləməyə vadar edə bilər.

– Şişirtmələrə yol verən qurumların özəl əllərə verilməsi problemi nə qədər həll edər?

– Fikrimizcə, ümumiyyətlə, götürdükdə məsələyə bu cür meyardan yanaşmaq birtərəfli yanaşma olardı… Çünki bəli, elə qurumlar var ki, onları özəl əllərə vermək olar, elələri də var ki, fəaliyyəti təkmilləşdirilməli və dövlət mülkiyyətində qalmalıdır. Məsələn, verilən sifarişlərdə rəqəmlərin şişirdilib-şişirdilməsindən asılı olmayaraq, büdcəmizi böyük bir maliyyə yükündən azad etməkdən ötrü bir sıra xidmət sahələrini, xüsusən də kommunal xidmətlə əlaqəli sahələrin optimal variantlarda özəlləşdirilməsi və ya etibarlı şirkətlərə uzunmüddətli istifadəyə verilməsi məqsədəuyğun olar. Qalan sahələr üzrə isə ciddi nəzarət mexanizmi işlənib hazırlanmalıdır, şəffaflıq artırılmalıdır. “Dövlət Maliyyə Nəzarəti” haqqında qanunun və bu qanundan doğan digər qanunların qəbulu tezləşdirilməlidir. Şəffaflıqla yanaşı, hesabatlılığın və məsuliyyətliliyin də artırılması istiqamətində əlavə tədbirlər görülməlidir. Hər il Hesablama Palatası dövlət vəsaitindən səmərəsiz istifadə və rəqəmlərin şişirdilməsinə dair xeyli faktlar ortaya qoyur. Həmin faktlar obyektiv araşdırılıb, müvafiq ölçülər götürülməlidir. Dövlət nəzarəti ilə yanaşı, ictimai nəzarətin gücləndiriilməsinə, xüsusən də QHT-lərin və medianın rolunun artırılmasına geniş meydan verilməlidir. Obyektiv reallıqları əks etdirən jurnalist təhqiqatlarına geniş meydan verilməli, mətbuatda çıxan və reallıqları əks etdirən materiallar araşdırılmalıdır. Həmin tədbirləri sistemli şəkildə həyata keçirməklə 2020-ci ilin və ondan sonrakı illərin dövlət büdcələrində digər istiqamətlərə qənaət hesabına sosial sferaya daha çox vəsait ayırmaq olar.

Həmçinin oxuyun

Bakı Sağlamlıq Mərkəzində milyonlar necə xərclənir? – Asiman Həsənovun müəmmalı tenderləri…

Fevral ayının 21-də Bakı Sağlamlıq Mərkəzinə 2 dişinə plomb qoyulması üçün müraciət edən Xədicə Babazədinin …