Həmin zolaqda yalnız marşrut xətti üzrə hərəkət edən avtobusların hərəkətinə icazə verilir. Ancaq digər nəqliyyat vasitələri də həmin yolda rahatlıqla hərəkət edir. Halbuki minik avtomobillərinin bu yolda hərəkət etməsinin cəriməsi 40 manatdır.

Avtobus zolağına girən minik avtomobilinin sürücüsü yolun sonuna qədər zolaq üzrə hərəkət edir. Digər sürücü isə maşını bu zolaqda park edib. Hətta avtobus zolağında maşını geriyə hərəkət etdirənlər də var.

Görüntülər paytaxtın Yusif Səfərov küçəsindəndir.

Bu görüntülər isə eyni küçədə günün pik saatlarında lentə alınıb. Kadrlardan da aydın görünür ki, avtomobillər kütləvi şəkildə bu zolaqla hərəkət edirlər. Halbuki qanunvericiliyə görə, marşrut xəttində olan avtobus və operativ nəqliyyat vasitələrindən başqa digər avtobus və avtomobillərin bu yolda başdan-başa hərəkət etməsinin cəriməsi 40 manatdır.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev açıqlamasında bildirib ki, ərazidəki Agentliyə məxsus kameralarla bu zolaqda qaydanı pozan sürücülərin görüntüləri cərimələnməsi üçün çəkilərək yol polisinə göndərilir. Bakı Şəhər Baş Dövlət Yol Polisinin sözçüsü Vaqif Əsədov isə Bakı Nəqliyyat Agentliyinin göndərdiyi video-faktlar əsasında protokollar tərtib edilərək qayda pozan sürücülərin ünvanlarına göndərildiyini, həmçinin ərazidə xidmət aparan polis əməkdaşlarının qayda pozan sürücüləri yerində cərimələdiklərini dedi.