Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanda nə qədər şəhid var?- Nazirlik rəqəmləri açıqlamaqdan imtina etdi

Azərbaycanda nə qədər şəhid var?- Nazirlik rəqəmləri açıqlamaqdan imtina etdi

Xəbər verdiyimiz kimi, şəhid hərbi qulluqçuların vərəsələrinə veriləcək birdəfəlik ödəmə – 11 min manatı ala bilməyən (əvvəllər aldığı bildirilən-müəllif) ailələr etiraz edir. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə həmin ailələrin ödəməni aldıqlarını bildirərək, sənədlər əsasında bunu sübut etməyə çalışır.

Yaranmış vəziyyət ümumilikdə sığorta prosesinin necə həyata keçirilməsini gündəmə gətirib.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev Cebhe.info-ya açıqlamasında bildirib ki, hər bir gənc ordu sıralarına çağırıldığı gündən dövlət tərəfindən sığortalanır və həmin sığorta müqaviləsi xidmətə xitam veriləndən 3 il sonraya qədər qüvvədə olur: “Həmin məsələni qaldıranlardan biri də bizim təşkilat olub. İlham Əliyev növbəti dəfə prezident seçildikdən sonra ilk qərarı şəhid ailələrinə həmin sığorta haqlarının ödənilməsilə bağlı oldu. 1997-ci ilə qədər “Sığorta haqqında” Qanun olmadığı üçün, Sovet dövründən qalan sənədlərə əsasən şəhid vərəsələrinə  50 000 manat məbləğində sığorta ödənilib. Bəziləri o dövrdə müraciət edib, alıb, bəzilərinin isə başı dərd-sərinə qarışıq olub, qanundan xəbəri olmadığı üçün sığorta pulunu almayıb”. 

M.Mehdiyev qeyd edib ki,1997-ci ildə “Sığorta haqqında” Qanun qəbul edildiyi üçün həmin dövrdən bu günə qədər problem olmayıb: “2007-ci ildə isə həmin qanuna yenidən dəyişikliklər edilib. Şəhid hərbi qulluqçular üçün son sığorta məbləği 11 000 manat olub. Ölkədə şəhid ailələri həmişə diqqət mərkəzindədir və bu dəfə də 1997-ci il qanununun qəbuluna qədər sığorta almayan şəhid ailələrinin hamısına birdəfəlik 11000 manatın verilməsi nəzərdə tutulub”.

Şəhidlərin dəqiq sayına gəlincə, qurum sədri “Şəhidlərimizin sayı 13000-ə yaxındır. Son rəqəm məndə yoxdur, çünki atəşkəs dövründə də şəhidlərimiz olub. Eləcə də yaralandıqdan sonra da şəhid olanlarımız var”,– deyə vurğulayıb.

Cebhe.info şəhidlərin sayını dəqiq öyrənmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıblı ilə əlaqə saxlayıb. O, şəhid sayının sirr olduğunu bildirərək, cavab verməkdən imtina edib.

Qeyd edək ki, bu il 19 apreldə əmək və əhalinin sosial müdafiəsi naziri səlahiyyətlərini icra edən Səlim Müslümov keçirdiyi mətbuat konfransında müxtəlif kateqoriyadan olan 12 737 şəhid ailəsinin olduğunu bildirmişdi. Onun sözlərinə görə, hərbi qulluqçu kimi şəhid olanların sayı 8714 nəfər olub: “Bizim bazada olan rəqəmlərə görə, 7605 nəfər 1997-ci il avqustun 2-nə kimi vəfat edənlərdir. Bundan başqa, 1997-ci il avqustun 2-dən sonra da vəfat edən şəxslər var və onlar döyüşlər zamanı yaralanıblar”. 

Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təmin olunması məqsədilə sənədlərin qəbulu oktyabrın 9-dan başlayıb. Oktyabr ayının 15-i vərəsələrin 85 faizi birdəfəlik ödəməni almaq hüququnu öyrənib.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …