Masallı kimi önəmli bir cənub bölgəsinin neqativ hallar məngənəsində
çabalayan səhiyyə şəbəkəsindəki xoşagəlməz hallar barədə, ölkə
mətbuatının səhifələrində uzun müddətdir kəskin tənqidli materiallar
dərc olunur. Rayon səhiyyəsinin rəhbəri və Mərkəzi Xəstəxananın baş
həkimi olan Cəlil Nəzərov da, fəaliyyətində müşahidə olunan müxtəlif
qanun pozuntularına dair açıqlamalarla medianın gündəmindən düşmür.
Etdiyi ağlasığmaz qanunsuzluqlar, həyata keçirdiyi maxinasiya və
mənimsəmə əməliyyatları haqqında nələr yazılmayıb?! Onun yaxşı və ya
müsbət yöndən olan hansısa fəaliyyətindən danışan media orqanı tapmaq da
çətindir. Barəsində yalnız bu cür yazılara şahidlik etsək də, Cəlil
Nəzərov toxunulmaz bir bəlaya çevrilib. Baş həkimi qoruyan, arxasında
duran hansısa “qüvvə” onun əl-qolunun daha geniş açılmasına böyük
imkanlar və münbit şərait yaradır.
Sözügedən
bu böyük səhiyyə şəbəkəsindəki xoşagəlməz hallar, rəhbərinin qanunsuz
əməlləri barəsində araz.az saytında da silsilə yazılar dərc etmişik.
Redaksiyamıza daxil olan şikayət xarakterli saysız-hesabsız
müraciətlərdə göstərilənlər və jurnalist araşdırmalarımız bir daha
təsdiq edib ki, bu xoşagəlməzliklərin əsas günahkarı Cəlil Nəzərovdur!..
…Redaksiyamıza
ünvanlanan son şikayət məktublarının da əsas məğzi ondan ibarətdir ki,
Azərbaycan səhiyyəsində aparılan son önəmli islahatlar da, buradakı
durumu düzəldənə oxşamır! Bu səhiyyə müəssisəsinin əsaslı təmirdən çıxan
inzibati və xidməti binaları olmasına baxmayaraq, buradakı
çatışmazlıqlar həllini tapmır ki, tapmır — hara baxsan, insan
sağlamlığının əksi olan mühit, problem və nöqsan görürsən.
Buranı
bazara çevirənlər, sözün əsl mənasında, imkansızları azara salıblar.
Müxtəlif mənbələr tərəfindən redaksiyamıza təqdim olunan məlumatlar isə,
fərqli xarakterli olsa da, mahiyyət etibarı ilə, onların əksəriyyəti
rayonun səhiyyə sistemində yer almış rüşvətxorluq və korrupsiya
hallarına dəlalət edir. Verilən məlumatlarda xüsusi vurğulanır ki,
Masallının səhiyyə sistemi olduqca bərbad vəziyyətdədir. Belə acınacaqlı
durumun yaranmasını isə, şikayətçilər, birbaşa, bu vəzifə sahibinin
yarıtmaz fəaliyyəti ilə bağlayırlar. Bir şikayətçinin ərizəsində
göstərdiyi kimi, bu cənub bölgəsində sağlamlıq düşməninə çevrilən bu
kreslo sahibi və ətrafındakılar pasiyentlərə “qan ağladırlar”:
“Çoxdandır ki, buraya üz tutan xəstənin, məcburən bir neçə tibb
müəssisəsinə göndərilməsi, hər bir xəstəxanada tibbi müayinədən
keçdikdə, ona ayrı-ayrı diaqnozlar qoyulması adi hal alıb. Bu, əhali
sağlamlığına vurulan ciddi zərbədir. Xüsusən, bölgələrdən paytaxta üz
tutan xəstələrə daha çox səhv diaqnozların qoyulması, bu zərbəni daha da
şiddətləndirir. Qoyulan səhv diaqnozlar ucbatından, xəstə hansı tibb
ocağına inanacağını da bilmir.
Xəstəxana
rəhbərlərinin, eləcə də tibbi heyətin pasiyentlərlə kobud davranış
hallarının çoxalması, insanların sağlam yaşamalarına qarant duran ağ
xalatlıların seçdikləri peşəyə sayğı göstərməmələri, şəxsi maraqlarını
bu şərəfli peşənin məsuliyyətindən öndə tutmaları əhalinin səhiyyədən
narazılığını birə beş qat artırır. Hazırda rayon səhiyyəsində bu cür
fəaliyyət göstərənlər çoxdur və onlar cəmiyyətimiz üçün təhlükəyə
çevrilmək üzrədir. Masallı kimi önəmli bir cənub bölgəsinin səhiyyə
sisteminin neqativ hallar məngənəsində çabalamasının daha pis sonluğu
olacaq.
Təbii
ki, rayon səhiyyəsini bəlaya sürükləyib, sakinləri azara salanların bu
cür işləməsinə rəvac verən də, elə, onun rəhbəri Cəlil Nəzərovdur.
Etdiyi qanunsuz əməlləri barədə ölkə mətbuatında da, müxtəlif səpgili
saysız-hesabsız geniş yazılar dərc olunub. Cəlil Nəzərov adına sosial
mediada rast gəlməyən tapılmaz.
Rayon
camaatının dediyi kimi, bu şəxs, bölgə üçün daha önəmli olan bu
vəzifələri ələ keçirəndən, məqsədi yalnız rayon səhiyyəsini iflic
etməyə, əhali sağlamlığına zərbəyə yönəlib”.
Digər
bir şikayətçinin redaksiyamız qarışıq, ölkə rəhbərliyinə və digər
əlaqədar dövlət qurumlarına ünvanlandığı məktubunda isə göstərilir ki,
Cəlil Nəzərov baş həkimi olduğu rayon Mərkəzi Xəstəxanası ilə bərabər,
onun nəzdində fəaliyyət göstərən Ağciyər Xəstlikləri Xəstəxanasını,
Boradigah və Kalinovka yaşayış məntəqələrindəki 2 kənd sahə
xəstəxanasını, 30 kənd həkim və 28 tibb məntəqəsini… bazara
çevirməsinə baxmayaraq, hələ də cəzasız qalmaqdadır. Şikayətçi bu
xəstəxanada üzləşdiyi qanunsuzluqları xüsusi qeyd edib: “Ölkə
əlillərinin xidmətində olan Tibbi-Sosial Ekspert Komissiyalarının
(TSEK-lərin) müəyyən əsas səlahiyyətləri Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və
Reabilitasiya Xidmətindən alınıb, Səhiyyə Nazirliyinə verildikdən sonra,
faktiki olaraq, rayon səhiyyəsinə də rəhbərlik edən Cəlil Nəzərov
hegemonluğu Masallıda getdikcə artmağa başlayıb. Öz başıma gətirilənlər,
deyilənlərin bariz nümunəsidir!
Doğrudan
da, min nəfərə yaxın tibbi heyətlə rayon əhalisinə xidmət əsas vəzifəsi
olan bu tibb ocağının hazırki iş prinsipi və buradakı mövcud durum heç
kəsin ürəyincə deyil. Baş həkimdən tutmuş, həkimlərin, eləcə də orta və
kiçik tibb işçilərinin, bu xəstəxanaya pulsuz üz tutan xəstələrlə
davranışda kobudluğa yol vermələri qanqaraldıcıdır: Belələrinin hər
addımda acılanması, artıq, pasiyentlərin “canlarını boğazlarına yığıb”.
Xəstələr, həm də, ona görə narazıdırlar ki, dövlətin Masallı səhiyyəsinə
ayırdığı bütün vəsaitləri təyinatı üzrə xərcləməyən baş həkim, bunun
əvəzini, faktiki olaraq, işçilərinin əliylə onlardan çıxır. Onun
tələbinə uyğun hərəkət edən həkimlər, xəstələri açıq-aşkar soymasalar,
heç işə başlamırlar da.
Xəstəxana,
keyfiyyətli tibbi xidmət göstərilməsi üçün, bütün avadanlıqlarla, tibbi
preparatlarla tam təmin olunub. Belə ki, KT, müasir rentgen,
flüoroqrafiya, USM müayinə, exokardioqrafiya, hemodializ və ən müasir
süni tənəffüs aparatları, cərrahiyyə stolları, yenidoğulmuşların
reanimasiya otağında müasir tibbi avadanlıqlar, stomatoloji
avadanlıqlar, elektrik sorucular, travmatoloji xəstələrin müayinə və
müalicəsi üçün hərəkətli rentgen aparatı və s. tibbi avadanlıqlar
xəstələrə yüksək səviyyədə tibbi yardım göstərməyə imkan verir. Lakin 10
korpusdan ibarət bu tibb ocağındakı uşaq və yoluxucu xəstəliklər,
təcili yardım məntəqəsi, təsərrüfat və mətbəx korpuslarında, habelə
Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi
Masallı rayon şöbəsinin və Səhiyyə Nazirliyi Təcili Tibbi Yardım
Stansiyasının Masallı Regional Məntəqəsinin korpuslarında yüksək xidmətə
qəsdən imkan verilmir. Bir sözlə, xəstəxanada, hələ də sonu işıqlı
müayinə və müalicədən əsər-əlamət yoxdur. Uzun və üzücü təmirdən sonra,
təmtəraqlı açılışı olan bu tibb ocağında xəstə əlindən tərpənmək mümkün
olmasa da, tibbi personalın göstərdiyi xidmət heç bir işə yaramır.
Edilən yararsız müayinə və müalicələr səbəbindən, bura böyük ümidlərlə
üz tutan xəstələrə ümidli sağlamlıq sevinci bəxş edilmir. Ümidsizlərin
etdikləri şikayətlər isə, əvvəllər olduğu kimi, yenə cavabsız qalır”.
Şikayətçilərin
dediklərinə görə, Cəlil Nəzərov aldığı rüşvətlərlə, etdiyi korrupsiya
əməlləri ilə, o qədər varlanıb ki, artıq heç kəsi saymır, gerçəyi belə
görmək istəmir. Elə, bu səbəbdən, bu kreslo sahibinin özbaşınalığından
cana doyanların sayı durmadan artır.
Əvvəllər
olduğu kimi, Mərkəzi Xəstəxana nəzdindəki qəsəbə və kənd sahə
xəstəxanaları, ilkin tibbi yardım məntəqələri,.. baş həkimin ağlasığmaz
haqq tələbi ucbatından, hələ də özlərinə gələ bilmirlər: “Əslində, daha
çox uçuq-sökük daxmaya bənzəyən bu tibb məntəqələrinin özlərinə yardım
lazımdır. Di gəl ki, bu yararsız kənd sahə xəstəxanalarının və tibb
məntəqələrinin hesabına, Cəlil Nəzərovun hər il yüz minlərlə manat
dövlət vəsaitini saxta yollarla hesabdan silərək, mənimsədiyi üzə çıxır.
“Nə
qazanırıq, nə verək?!” – deyə, bu qanunsuzluqlara etiraz edən həkim və
tibb işçiləri isə, sonda baş həkimin qəzəbinə tuş gəlir, işdən
çıxarılacaqları ilə hədələnirlər. Cəlil Nəzərov, hətta onun iş
prinsipinə etiraz edənlərə qarşı, təhqiramiz ifadələr işlətməkdən də
çəkinmir. Onsuz da, baş həkimin sərtrəftar insan olduğunu hamı bilir.
Acıladığı həkim və tibb işçiləri, işlərini itirmək qorxusundan, onun
xoşagəlməz hərəkətlərinə göz yummağa məcburdurlar. Yaxşı bilirlər ki,
onun arxasında duran var. Belə olmasaydı, ona haqqı başa salmaq bu qədər
çətin olmazdı.
Masallı
rayon Mərkəzi Xəstəxanası qarışıq, onun tabeçiliyindəki obyektlərə
tez-tez baş çəkən müvafiq dövlət qurumlarının və Səhiyyə Nazirliyinin
məsul işçiləri, buralardakı olduqca acınacaqlı vəziyyətin şahidi
olduqdan sonra, heç olmasa, yaxşılığa doğru hansısa bir qərar qəbul
edərdilər: Amma, nə faydası, sanki qorxudan ürəkbulandıran hər şeyin
yanından gözüyumulu keçiblər. Hətta, onlar, Cəlil Nəzərovun fəaliyyəti
ilə bağlı edilən şikayət xarakterli vətəndaş müraciətlərinin, məktub və
ərizələrin Səhiyyə Nazirliyinin qapısından içəri keçməsinə imkan
verməyiblər. Bir sözlə, indiyədək Cəlil Nəzərovu əyri yolda dayandıran
tapılmayıb”.
Rüşvətin
hökmran olduğu kritik durumlu bu tibbi məkanda baş verən qanunsuzluqlar
barədə yazanlar onu da bildirirlər ki, əvvəllər olduğu kimi, indinin
özündə də, 240 çarpayılıq bu xəstəxananın cərrahiyyə, terapiya, doğum,
mama-ginekoloji, uşaq, yoluxucu xəstəliklər… şöbələrində çalışan heç
bir həkim və tibb işçisindən razı kimsə tapılmaz. Adi tibb bacısı, tibbi
işçisi, feldşer, laborant və rentgen-laborantlardan da, pasiyentlər
razılıq etmirlər. Bu səbəbdən ki, onlar da xəstələrdən nəsə qoparmaq,
şöbə rəhbərlərinə “kömək əli uzatmaq” istəyirlər. Çünki baş həkim hər
gün bütün şöbələrdən ağlasığmaz haqlar tələb edir.
İnanılmış
mənbələrimizin verdikləri məlumatlardakı konkret faktlar da, şikayətçi
məktublarında göstərilənlərin təsdiqidir. Onlar da göstərirlər ki,
xəstəxananın bütün şöbələrindəki mövcud durum, əvvəllər olduğu kimi,
yenə də, olduqca acınacaqlıdır: “Rüşvətin məkan saldığı və hökmranlıq
etdiyi bu böyük tibb müəssisəsindəki şəraitin hərtərəfli pis olması və
ağır haqq tələbləri pasiyentləri həmişə narahat edib. Bu biabırçılıqdan
bezənlərin, sonda yuxarı orqanlara etdikləri çoxsaylı şikayətli
müraciətlərinin də bir faydası olmur. Çoxu cavabsız qalır. Bir-ikisinə
başdansovdu cavablar verilir.
Cəlil
Nəzərov isə, haqqında yuxarılara yazılanlar çoxaldıqca, sanki daha çox
pul qoparmaq üçün, “coşub, çağlayır”. Belə davam etdikcə, yerli sakinlər
paytaxta, ətraf rayonlara üz tutur, ikiqat əziyyət çəkməli olurlar.
Onlara rahatlıq verən, bir o olur ki, Cəlil Nəzərovun 10 günlük müalicə
üçün tələb etdiyi rüşvətlə, başqa xəstəxanada onlar 6 ay müalicə ala
bilirlər.
Bir
sözlə, Cəlil Nəzərovun qəti tələbi, xəstəxananın bütün şöbələrini
yalnız pul qoparmağa kökləyib. Məsələn, doğum şöbəsindəki yüksək pul
tələbi insanda, sözün həqiqi mənasında, baş ağrısı yaradır. Ginekologiya
şöbəsində aparılan qanunsuz abortlar nəticəsində isə, həkimlər pul
qazanıb, baş həkimin qəzəbindən birtəhər qurtara bilirlər. Onlar bunu
etməyə məcburdurlar. Sözsüz ki, müəyyən edilmiş pulu ala bilməyən həkim,
baş həkimin gözündən düşür — yığılan haram pulların çox hissəsi onun
cibinə getdiyindən.
Qeyd
etdiyimiz kimi, baş həkim, doğum şöbəsində doğuş üçün də, konkret
qiymətlər müəyyənləşdirib. Ana olmaq istəyən pasiyentin yaxınlarından
həmin pul alınmasa, ağrı içində olan xanım içəri buraxılmır. Heç bir
problemi olmayan anaları, baş həkimin tələbi ilə, burada qeysəriyyə
əməliyyatı edirlər. Bir sözlə, Cəlil Nəzərov təbii doğuşdan olduqca
bahalı qeysəriyyə əməliyyatından daha çox pul qazanıb, daha da varlanmaq
istəyir. Etiraz edənə birbaşa və çəkinmədən: “Pulun yoxdur, doğma!” –
deyir. Dəhşət ondadır ki, uşağı dünyaya gələnlər, bu şəxsin tələblərini
özlərinə ağır dərd edirlər. Hər doğuşa görə tələb olunan rüşvət, dünyaya
gəlmiş uşaqlarının yerinə, valideynlərin hıçqırıqla göz yaşı tökməsinə
səbəb olur. Halbuki, ata və ana olanlar, dünyaya gələn övlad sevincini
daha çox yaşamalıdırlar. Lakin, Cəlil Nəzərovun vicdan çərçivəsinə
sığmayan istəkləri, onları bu sevincdən məhrum edir.
Masallıda
bu şərtlərin ağırlığı insanları xəstəxanaya üz tutmaqdan yayındırır,
onları keçmiş qaydalara əl atmağa məcbur edir. Bu da, illərdir ki,
uşaqların sağlam dünyaya gəlməsində, anaların sağlamlığı qarşısında
çözülməz bir problemə çevrilir.
Onu
da qeyd etməyi vacib bilirik ki, baş həkim daha çox pul yığmaq üçün,
diş həkimlərindən və diş texniklərindən həmişə ağlagəlməz tələblər edib.
Onlar da, baş həkimə yüksək məbləğdə haqq verməyə məcbur və
məhkumdurlar.
Yazının
əvvəlindəki bir epizoda haşiyə olaraq, onu da bildiririk ki, ünsiyyətdə
olduğumuz pasiyentlərin ürəkağrısı ilə dediklərinə görə, Masallıdakı
TSEK-in əsas səlahiyyətlərinin rayon Mərkəzi Xəstəxanasına verilməsi,
əsl əlil olan sakinlərin “günlərini göy əskiyə büküb”. Sənəd dalınca
xəstəxanaya üz tutan əlillərin başlarına, sözün əsil mənasında, oyun
açılır. Dövlət, hökümət tərəfindən müəyyən olunmuş təqaüd və yardımları
almağa haqqı çatanlar, baş həkimin əlaltıları tərəfindən get-gələ
salınırlar. Get-gəldən bezib, “canları boğazlarına yığılanlar”, sonda
rüşvət verməyə məcbur olurlar.
Ümumiyyətlə,
haqqı çatmadan qanunsuz təqaüd və yardım alanların sayı, bu bölgədə
çoxluq təşkil edir; Cavanı qocaltmaq, sağlama xəstə, əlil “donu
geydirmək” üçün, əlin cibə girməsi kifayətdir. Ta ki, baş həkimin stolu
üstünə 2000-dən 5000 manatadək “şirinlik” qoya biləsən.
Masallı
rayon Mərkəzi Xəstəxanasında sağlamlıq haqqında arayışların Cəlil
Nəzərovdan icazəsiz almaq mümkün olmadığını öncədən bildirmişdik.
Doğrudan da, baş həkim arayışa görə 30 manat rüşvət alır və tələb etdiyi
pulu verməyənlər sağlamlıq arayışından məhrum edilir. Masallı
xəstəxanasını özünün şəxsi mülkü sayan Cəlil Nəzərov, 1-ci qrup əlillərə
belə, tələb etdiyi rüşvəti almadan, sağlamlıq haqqında arayış vermir.
Baş həkimin istəklərini yerinə yetirməyənlər, yuxarılara şikayət
edəcəkləri barədə xəbərdarlıq edəndə, qəti cavabla üzləşirlər:
“Ístəyirsən, get, prezidentə şikayət elə, mən toxunulmazam”. Yeri
gəlmişkən, onu da qeyd edək ki, qaydalara görə, sağlamlıq haqqında
arayışı Mərkəzi Xəstəxananın tabeçiliyində olan poliklinika verməlidir.
Lakin, Masallıda bu qaydalar dəyişib və baş həkimin haqqı çatmadan,
poliklinika heç bir arayış verə bilməz. Bununla yanaşı, poliklinikada
xəstələrin müayinəsi üçün, göndərişlər də, baş həkimin nəzarəti və
tələbləri ilə həyata keçirilir. Bu tələblərə görə, xəstə Cəlil Nəzərova
20 manat rüşvət verəndən sonra, göndəriş ala bilər. Digər arayışlar,
eləcə də, tibbi formalar baş həkimin təyin etdiyi rüşvət cədvəlinə uyğun
olaraq verilir. Pulu olmayan xəstə isə, “Nəzərovun qaydaları”nı pozduğu
üçün, sənədsiz və müalicəsiz qalır.
Təəssüf
doğuran faktlardan biri də, odur ki, baş həkim Masallının sağlam
gənclərini də “dəli” və “xəstə” edir — yüzlərlə sağlam gəncdən aldığı
böyük rüşvət hesabına, qurama və saxta sənədlərlə onları həqiqi hərbi
xidmətdən yayındırır. Rayon gənclərinin daha çox bu yola əl atmalarının
əsas səbəbkarı kimi, hamı Cəlil Nəzərovun adını çəkir, onu
günahlandırırlar. Deyirlər ki, baş həkim onlardan daha çox pul qoparmaq
üçün, vətəndaşlıq çərçivəsinə sığmayan səviyyəsiz söhbətlər etməkdən
belə çəkinmir. Belə qanunsuz əməllərin rayonda, daha da intensivləşməsi
isə, yuxarılarda heç kimi narahat etmir.
Onu
da qeyd etmək vacibdir ki, təkcə hərbi xidmətə yaşı çatmış gənclər
kreslo sahibinin “analoqsuz xidmətindən yararlanmırlar”. Hazırda bir çox
rayon sakini, baş həkimin “səyi” nəticəsində, “1-ci və 2-ci qrup
əlillərə” çevriliblər. Dövlətə bu yolla külli miqdarda ziyan vuraraq,
havayı pullar qazanan baş həkimin özü isə, gerçəkdən, bir möcüzəyə
çevrilib: Rayon səhiyyəsinin rəhbəri və baş həkim vəzifələrində etmədiyi
qanunsuzluq qalmasa da, xətrinə dəyən olmayıb – bu, möcüzə deyil, bəs,
nədir?!”. Rayon sakinlərinə sevinc və ümid dolu yaxşı nəsə vəd etməyən
bu şəbəkəyə neçə ki, Cəlil Nəzərov kimi bir insan rəhbərlik edəcək,
buradakı xoşagəlməz durum düzələn deyil. Bu, camaatın həyacan və təəssüf
dolu dedikləri sözlərdir”.
Cəlil
Nəzərovun dərman və ərzaq spekulyasiyaları yerli sakinlərdən və
etibarlı mənbələrdən aldığımız şikayət məktublarında və məlumatlarda
xüsusi qeyd edilir. Bildirilir ki, rayon səhiyyə sistemində ən çox
saxtakarlığa yol verilən sahələrdən biri kimi, ilk növbədə, tibb
müəssisələrinə dərmanların alınması zamanı yol verilən maxinasiyaları
göstərmək lazımdır: “Məhz bu əməliyyatlar zamanı çeşidli maxinasiyalara
daha çox yol verilir, qaimə sənədlərində şişirdilmiş qiymətlər
göstərilir. Apteklərdə bir qiymətə satılan dərman preparatları,
xəstəxana üçün alınan zaman, müvafiq sənədlərdə onların qiymətləri
iki-üç, bəzən üç-dörd dəfə artıq göstərilir. Bütün bunlar azmış kimi,
rayonun tibb müəssisələrində, Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və
dərman preparatları ilə təmin olunmalarına dair verdiyi təlimatlar da,
kobud şəkildə pozulur. Xəstəxana rəhbərliyi, hətta, qeydiyyatdakı
güzəştli kateqoriyadan olan xəstələrə pulsuz dərmanların verilməsinə də
qadağalar qoyur, onların digər tibbi yardımlarına göz dikir. O, hətta
satışı qadağan dərmanları xəstəxananın iki addımlığında tikdirdiyi şəxsi
aptekində satdırmaqdan belə çəkinmir.
Onu
da qeyd edək ki, bir vaxtlar Cəlilabad və Lənkəranda müalicə alan 50
nəfərdən çox masallılı dialezli xəstənin başlarına oyun açmağa da, Cəlil
Nəzərovun vicdanı yol verib. Belə xəstələr, məcburiyyətdən, həmin
dərmanları pulla alırlar. Burada vaksin, kontraseptiv və antibiotiklərin
qıtlığı da müşahidə olunur. Malyariya kimi epidemiyalar sürətlə
yayılır, hətta elə olur ki, bölgə sanitar fəlakətə sürüklənir. Dərman,
ərzaq və digər təhcizatların alınması üçün, rayon səhiyyə şəbəkəsinin
pul vəsaitinin tükəndiyi də tez-tez üzə çıxır. Vərəmdən, digər yoluxucu
xəstəliklərdən əziyyət çəkən əsl xəstələr isə, qalıblar bir kənarda. Bir
sözlə, dərman və ərzaqla bağlı buradakı yeyinti halları haqqında
danışmaq ürək ağrıdır. Cəlil Nəzərov isə, qanunsuz yollarla topladığı
pullarla, — yerli camaatın dediyinə görə, — oğlunun bu yaxınlarda
qumarda uduzduğu bir milyonu bağlamaq üçün çalışır”.
Etibarlı
mənbələrin və şikayətçilərin iddialarına görə, “daşdan yun qırxmaqla”
böyük pullar qazanmağı bacaran baş həkimin “biznesi” getdikcə daha da
“çiçəklənir”. Masallı rayon səhiyyə şəbəkəsindəki tibb ocaqlarında
primitiv səviyyədə göstərilən tibbi xidmətlərə görə, pasiyentlərdən
yüksək məbləğlərin alınması, dərman preparatları ilə spekulyasiyalar
qazanılan böyük məbləğlərin əsas mənbəyidir: “Cərrahiyə və digər tibbi
əməliyyatların antisanitariya şəraitində həyata keçirilməsi kimi faktlar
burada daim müşahidə olunub. İnfeksion xəstəliklərin profilaktikası
məsələsində isə, burada, ümumiyyətlə, tam fəaliyyətsizliyə şahidlik
edilib. Çünki bu istiqamətdə ayırılan pullar da, tamamilə baş həkim
tərəfindən mənimsənilib. O, etdiyi bütün maxinasiya və mənimsəmələrdən
doymayaraq, xəstəxanada çalışan bütün tibbi və texniki personaldan da
aylıq haqq alır. Və hamı bilir ki, bu ödənişdən imtina edənlər nəinki
Masallı rayon Mərkəzi Xəstəxanasında, heç rayonun səhiyyə sistemində
belə çalışa bilməzlər.
Cəlil
Nəzərovun rayon səhiyyə sisteminə, tələb olunandan xeyli artıq sayda
sanitar-xadimələr “işə” götürdüyü də iddia olunur. Söylənilir kı,
onların hər birinə 150 — 200 manat məbləğində “aylıq maaş” yazılır. Bu
pulların yarısı, qarşılıqlı razılıq əsasında, baş həkim tərəfindən
mənimsənilir. Digər tərəfdən, Mərkəzi Xəstəxanada, xeyli sayda “ölü
canların” saxlanıldığı deyilir; Yəni, saxta “xəstəlik tarixləri” açılır,
“ölü canlar” üçün ayırılmış ərzaq və dərmanların pulları da
mənimsənilir. Bir sözlə, Masallıda “Mərkəzi Xəstəxana” adlı bazar açan
bu şəxsin özbaşınalığından cana doyanların sayı-hesabı da yoxdur. Baş
hakimin saxtakarlıqlar nəticəsində əldə etdiyi külli miqdarda bu pulları
yaratdığı çoxşaxəli biznes şəbəkəsinin inkişafına yönəltməsi də heç
kəsə sirr deyil.
Hazırda
Cəlil Nəzərovun çoxşaxəli biznes şəbəkəsi özünün çiçəklənmə dövrünü
yaşayır, getdikcə şaxələnərək, günü-gündən böyüyür. Bu şəbəkəyə
əkin-biçin sahələri, bağ-baxça, ferma… qarışıq, restoran, kafe, öz
kəndində fəaliyyət göstərən “Qamo” istirahət mərkəzi, aptek, özəl
klinika… daxildir. Cəlil Nəzərovun tikintisi yenicə başa çatan özəl
klinikası, rayon Mərkəzi Xəstəxanasının iki addımlığında yerləşdiyindən,
o, bir çox əməkdaşlara deyib ki, onları orada müxtəlif işlərə cəlb
edəcək. Bu yolla onların əməklərini istismar etməyi də planlaşdırıb.
Buna etiraz edənlər isə, “vay halları” ilə hədələnir…”.
Mənbəmiz
onu da bildirir ki, Masallı camaatı belə bir arzuolunmaz vəzifəlinin
Mübariz Mənsimov kimi xeyirxah bir insanın adını hallandırmasını heç cür
qəbul etmək istəmirlər. Bu, onların narahatçılıq doğuran fikirlərindən
də aydın sezilir. Və bu mövzuda söhbətlər zamanı, onlar, onu da deyirlər
ki, baş həkim, onun iyrənc iş prinsiplərinə etiraz edənləri, özünün
sərt cavabları ilə çaşdırır: “Mətbuatda bu şəxsi toxunulmaz edən bir
fakta daha çox önəm verilir. Çoxları, baş həkimin yuxarılara Mübariz
Mənsimov tərəfindən tapşırıldığını iddia edir. Cəlil Nəzərovun özü də,
ölkədə xeyirxah işləri ilə hörmət qazanmış “Palmalı” Şirkətlər Qrupunun
rəhbəri Mubariz Mənsimov kimi insanın adından sui-istifadəni çoxdan
əlində silah kimi tutub. Onun adına ləkə gətirməkdən, bu adla hamını
hədələməkdən belə çəkinmir.
Əlbəttə,
bu milyarderin ölkəmiz və insanlarımız üçün etdiyi yaxşılıqlar danılmaz
faktdır, haqqında ancaq xoş sözlər demək olar. Mübariz Mənsimovun
ölkəmizdə, ələlxüsus cənub bölgəsində böyük nüfuza və hörmətə sahib
olduğunu hamı bidiyindən, Cəlil Nəzərovun bu xeyirxah insanın adını, öz
qanunsuz əməlləri ilə yanaşı hallandırması qəbulolunmazdır. Rayon
səhiyyəsində xoşagəlməz fəaliyyəti ilə hamını narazı salan belə bir
insanın: “Mənim arxamda prezidentdən də güclü adam dayanır! Mübariz
Mənsimov mənim ən yaxın dostumdur!” – deməsi isə, yolverilməzdir.
Ölçüb-biçmədən işlətdiyi belə çaşdırıcı ifadələri, haqlı olaraq,
narazılıqlar formalaşdırır. Baş həkim isə, öz çirkin niyyətindən əl
çəkmir ki, çəkmir. Hətta bəzi media orqanlarında Mübariz Mənsimovun
yaxını kimi çıxışlar edərək, iş adamının müdafiəçisi cildinə girir.
Məntiqə sığmayan bu hərəkətlərlə böyük biznes sahibinin yanında özünə
nüfuz qazanmağa çalışan Cəlil Nəzərov, əslində, mehriban düşmən rolu
oynayır. Ümid edirik ki, Mübariz Mənsimov bu şəxsin xoş olmayan
niyyətini tezliklə başa düşüb, onun çirkin oyununa son qoyacaq.
Cənub
bölgəsində Mübariz Mənsimov hörmətinə xələl gətirən bu şəxs,
bağışlanmaz əməlləriylə, müqəddəs qanunlarımız qarışıq, milli
dəyərlərimizə qarşı da qatı düşmənçilik etdiyini bir daha ortaya qoyur.
Onun qanundan, milli dəyərlər ölçüsündən qorxmaması, daha ciddi
problemlərin yaranmasına şərait yaradır…”
…Şikayətçilər
demişkən, Cəlil Nəzərov, Masallı səhiyyə sistemi “pərdəsinə bürünərək”,
etmədiyi qanunsuzluq qoymayıb. Milyoner baş həkimin dövlətin pullarını
necə mənimsədiyi göz qabağındadır. Mənimsədiyi vəsaitlər və yığdığı
rüşvət hesabına varlanan bu şəxsin adının, cənub bölgəsinin imkanlı
şəxsləri sırasında öndə olması, yuxarılarda belə hamıya məlumdur. Onlar,
onu da yaxşı bilirlər ki, qazandıqları Cəlil Nəzərovun ğözünü elə örtüb
ki, qanunlarımızı ayaq altına alıb, tapdalamaqdan çəkinmir — ağlına
gələn saxtakarlığa belə əl qoyur.
Onun
qanunsuz əməllərinə ölkə mediasında geniş yer verilməsinə, bu yazılarda
onun mənimsəmələrinin danılmaz faktlar olaraq ortaya qoyulmasına yuxarı
orqanların biganə münasibətləri heç cür başa düşülən deyil. Axı,
günahkarın cəzalandırılmaması artıq növbəti qanunsuzluq kimi yaddaşlara
həkk olunub, onu bölgədə vəzifə sahibinə çevirənlər isə, insanların
nifrətini qazanmaqla yanaşı, əsl cəzasızlıq mühiti formalaşdırıblar!
(araz.az)
Ana səhifə / Tibb / Baş həkimin başı oğlunun qumarda uduzduğu bir milyon manatı bağlamağa qarışıb… – İTTİHAM
Həmçinin oxuyun
Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”
Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …