Şənbə , Aprel 27 2024
Ana səhifə / Tibb / Ana ölümlərinin səbəbləri – günahkar ana, təbabət, yoxsa…

Ana ölümlərinin səbəbləri – günahkar ana, təbabət, yoxsa…

Azərbaycanda daha bir ana ölümü qeydə alınıb. Bu dəfə Tovuzda. Üç gün əvvəl Tovuzda 21 yaşlı qadın doğuşdan sonra vəfat edib.

Oğul övladını dünyaya gətirdikdən bir gün sonra ölən Aygün Nəcəfova rayonun Yanıqlı kənd sakini olub. İyunun 14-də Tovuz Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Aygün Nəcəfova qeysəriyyə üsulu ilə əməliyyata götürülüb və 2800 qram çəkidə cinsi kişi olan körpə doğulub.

İyunun 15-də isə həkim xəstənin yaxınlarına körpə və ananın vəziyyətinin qənaətbəxş olduğunu bildirib. Bir neçə saatdan sonra isə təkrar əlaqə zamanı artıq gənc ananın dünyasını dəyişməsi barədə ailəyə məlumat verilib.

Qadına HELLP sindromu diaqnozu qoyulub. Aparılan adekvat tədbirlərə baxmayaraq, zahı qadında ağciyər, ürək çatışmazlığı baş verib və 19:28-də bioloji ölüm qeydə alınıb.

Az öncə – apreldə Lənkəranda da analoji hadisə baş vermişdi. İki ayda iki ana ölümü balaca ölkə üçün çox deyilmi? 

Bəs HELLP sindromu nədir, onu önləmək niyə mümkün olmayıb?

Mütəxəssislər bildirir ki, HELLP sindromu hamiləliyin 3-cü ayında (35 həftəsində) nadir hallarda rast gəlinən fəsadlaşma olub, ürəkbulanma, qusma, sağ qabırğaaltı nahiyədə olan ağrılar, ödem, baş ağrıları ilə xarakterizə olunur. Sindrom ilk dəfə 1954-cü ildə amerikan ginekoloqu Cak A.Pritçard tərəfindən təhlil edilib. Pritçard sindromu üç xarakterik  əlamətinin ingiliscə baş hərfləri ilə adlandırır:

– H – Hemolysis – hemoliz;

– EL – Elevated Liver enzymes – qaraciyər fermentlərinin aktivliyinin artması;

LP- Low Platelet sount – trombositopeniya (trombosit sayının azalması).

HELLP sindromunda ana letallığı (ölümü) 3-5%, dölün letallığı (ölümü) 10-40% təşkil edir.       

HELLP sindromunun etiologiyası tam izah edilməsə də, hesab edilir ki, plasenta damarlarının endoteli qanın laxtalanmasına səbəb olur. Bu cür massiv laxtalanma trombositlərin sayının kəskin azalmasına gətirib çıxarır. Bu zaman həddindən çox fibrinin yaranması qaraciyəri zədələmiş olur.

HELLP sindromunun dinamikasını qiymətləndirmək çətin olduğu üçün hamiləlik qeysər kəsiyi ilə sona yetirilir. Bu zaman təbii doğuş ana və döl üçün çox riskli və təhlükəlidir.

Ümumiyyətlə, ana ölümlərinin sayını sıfıra endirmək mümkünmü? Nəhayət, belə faktlara görə daha çox həkimlər, tibb məsuliyyət daşıyır, yoxsa gənc analar? Ana ölümlərinin əsas səbəbi nədir?

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) builki hesabatında bildirilir ki, dünyada hər iki dəqiqədən bir qadın doğuş zamanı və ya hamiləlik zamanı ölür, bu rəqəmlər 2015-ci ildən dəyişməyib, bəzi regionlarda isə daha da pisləşib.

2000-ci ildən 2020-ci ilə qədər milli, regional və qlobal səviyyədə ana ölümünü izləyən hesabat 2020-ci ildə dünyada təxminən 287 min, 2016-cı ildə isə təxminən 309 min ana ölümü olduğunu göstərir.

Ölümün əsas səbəbləri kimi güclü qanaxma, yüksək qan təzyiqi, hamiləliklə bağlı infeksiyalar, təhlükəli abortdan yaranan fəsadlar və hamiləlik zamanı ağırlaşa bilən əlavə xəstəliklər (HİV/QİÇS və malyariya) göstərilib. ÜST dünya ictimaiyyətini ana ölümünü azaltmaq üçün qlobal hədəflərə doğru irəliləyişi sürətləndirməyə çağırır, çünki 2030-cu ilə qədər bir milyondan çox qadının öləcəyi proqnozlaşdırılır.

Azərbaycana gəldikdə isə statistikaya görə, 2022-ci ildə ölkə üzrə hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı 18 nəfər olub.

Son 11 ildə Azərbaycanda qeydə alınan ana ölümlərinin sayı isə bu cürdür: – 2021-cil ildə 20 nəfər, 2020-ci ildə 20 nəfər, 2019-cu ildə 21 nəfər, 2018-ci ildə 17 nəfər, 2017-ci ildə 21 nəfər, 2016-cı ildə 22 nəfər, 2015-ci ildə 24 nəfər, 2014-cü ildə 25 nəfər, 2013-cü ildə 25 nəfər, 2012-ci ildə 26 nəfər, 2011- ci ildə 27 nəfər.

Ana ölümlərinin əsas səbəbi kimi qanaxmalar, hipertenziya, o cümlədən ağır preeklampsiya, eklamsiya, HELLP sindromu, sepsis və mamalıq emboliyaları, planlaşdırılmamış hamiləlik, hamiləlik öncəsi qadının müayinə olunmaması göstərilir.

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun iki il öncə yaydığı məlumata görə, mövcud ağciyər-ürək xəstəlikləri, irsi xəstəliklər, ağır somatik patologiyalar, COVİD-19 virusuna yoluxma halları ana ölümlərinə səbəb olub.

Ölüm hallarının qarşısını almaq üçün hamiləlik öncəsi müayinə, hamiləliyin planlı şəkildə təşkil olunması, vaxt itkisinə yol verməmək məqsədəuyğun hesab edilir.

Tanınmış mama-ginekoloq Rəşad Sultan mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Adətən ana ölümlərindən danışanda onun əsas səbəbləri kimi qanaxma, infeksiya və tromemboliyanı göstəririk. Amma hamiləliyə xas bir xəstəlik də var ki, bu da preeklampsiya adlanır. Preeklampsiya ana ölümlərinin dünyada  yayılmış səbəblərindən biridir. Sadəcə, preeklampsiya birbaşa səbəb olmur, dolayı yolla, məsələn, böyrək çatışmazlığı, ağciyər ödəmi,  tənəffüs çatışmazlığı  elə tromemboliya,  infeksiya və ya sepsislə. İnfeksiya və ya sepsis də ölümə gətirib çıxarır.

Qeyd edim ki, preeklampsiya elə də nadir rast gəlinən  patologiya deyil. Belə ki, bütün hamiləliklərin 5-8 faizində, başqa sözlə desək, hər 20 hamilənin birində olur preeklampsiya ola bilir.

Preeklampsiya iki mərhələyə bölünür:

Yüngül dərəcəli. Əgər ağır preeklampsiya əlamətləri yoxdursa, yüngül preeklampsiya diaqnozu qoyulur. Bu zaman uşağın yetişməsini gözləyir və 37-ci həftədə hamiləliyi sonlandırırıq.

Ağır dərəcəli. Bu zaman uşağın yetişməyini, yəni 37 həftəni gözləmədən sırf ananın həyatını qorumaq üçün hamiləliyi sonlandırmaq məcburiyyətində qalırıq.

Ağır dərəcəli preeklampsiya diaqnozu aşağıdakı kriteriyalardan hər hansı biri olduqda qoyulur:

6 saat ərzində 2 dəfə qeydə alınan sistolik arterial təzyiqin 160, diastolikin 110 mm c. s.-dan yuxarı olması;

sidiklə itirilən zülalın miqdarı sutkada 5 q-dan çox olarsa;

oliquriya – sidiyin azalması (sidiyin sutkalıq həcmi 400 ml-dən az olarsa);

nevroloji və/və ya görmə pozğunluqları (baş ağrıları, görmənin pozulması, huşun itməsi) olarsa;

ağciyər ödemi əlamətləri və sianoz.

Preklampsiyanın ağırlaşmalarından biri də HELLP sindromudur. Bu sindrom zamanı qaraciyər zədələnməsi baş verir, trombositlər azalır və qanda hemoliz gedir. Trombositlər azaldığı üçün qanaxma, qaraciyər çatışmazlığı təhlükəsi yaranır. Ona görə də daha da  gecikmədən hamiləliyi sonlandırmaq lazımdır”.

Qadinkimi.com

Rəşad Sultan

Rəşad Sultan sonuncu ana ölümünə də münasibət bildirib: “Yayılan məlumatdan belə aydın olur ki, HELLP diaqnozu doğuşdan bir gün sonra qoyulub. Deməli,  bu xəstədə preeklampsiya olub ki, sonra HELLP sindromu ağırlaşıb. Burada qınamaq olar ki, diaqnoz niyə gecikib.

Digər tərəfdən, qınamaq olmur ki, bəzən HELLP  sindromu o qədər gizlin şəkildə gedir ki, vaxtında diaqnozu qoymaq mümkün olmur, nəzərdən qaçır.

Unutmaq olmaz ki, kənddə yaşayan, savadsız qadınlar var,  ona görə də bu cür yanaşmaq ki, hamilələr səhlənkardır, öz sağlamlıqlarını düşünmürlər, müayinələrə getmirlər deyə, bu da yanlışlıq olar. Burada bir sistem yanlışlığı var, hansı ki, ağır hamilələr vaxtında aşkarlanmalı, izlənilməlidir. Doğrudur, hazırda ölkədə bu  məsələyə çox ciddi nəzarət olunur. Yəni hamilə izlənilməsi dövlət dərəcəsində rəsmi dövlət orqanları səviyyəsində həyata keçirilir. Amma əgər yenə də belə hallar olursa, demək, çatışmazlıqlar var.

Diqqət etsək görərik ki, ana ölümü faktları daha çox kəndlərdə  olur. Burada kadr yetişməsi, hamilələrin müayinələrə cəlb olunması məsələsi var.

Beləliklə, bu məsələdə nəzarət daha önəmlidir”.

Həmçinin oxuyun

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …