Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / “Xıdır Nəbi” bayramının tarixi haradan başlayır?

“Xıdır Nəbi” bayramının tarixi haradan başlayır?

Xalqımızın qədim tarixə malik olan və el arasında geniş yayılmış mərasimlərindən biri də Xıdır Nəbi (Xıdır İlyas) adlanan mərasimdir. Hər il fevral ayının 9-u, 10-u, bəzi kəndlərdə isə 14-ü, 15-i (Xızır İlyasın doğulduğu gün) Xıdır Nəbi bayramı xüsusi adət-ənənələr və təntənəli şəkildə qeyd edilir. Mərasim həm də fevralın 1-dən 20-sinə kimi olan kiçik çilləyə təsadüf edir. Tədqiqatlarda Xıdır Nəbi bir şəxsiyyət olaraq “su, külək və havanın himayəçisi” kimi təqdim olunur. Ümumiyyətlə, bu mifik obrazla bağlı mübahisəli məsələlər çoxdur. Onun adının Xızır, Xızır İlyas, Xıdır Nəbi, Xıdır baba və Xıdır Zində olması haqda fikirlər müxtəlifdir. Kiçik çillənin çıxması münasibətilə keçirilən “Xıdır Nəbi” bayramı əsasən Naxçıvan, Tovuz, Qazax və s. bölgələrdə müxtəlif adlarla (Xıdır İlyas, Xıdır Zində) keçirilir.

Rəvayətlərdən birində deyilir ki, “Xızır peyğəmbər bir qabda dirilik suyu götürüb insanlara gətirirmiş. Çox yorulduğundan yolda bir ağacın kölgəsində yatır. Həmin ağac da çinar ağacı imiş. Birdən qab aşır, su tökülür çinarın dibindəki çuxura. Suyun bir hissəsini bir qarğalar gəlib içir. Qalanınıda çinarın kökləri çəkir. Ona görə də deyirlər ki, qarğalar üç yüz il yaşayırlar, çinar ağacı da uzun¬ömürlüdür”.
Digər bir rəvayətdə isə deyilir ki, “Qaranlıq dünyada bir bulaq axır, onun suyunu içən heç vaxt ölmür. Xızır o dirilik suyundan içdiyi üçün həmişə diridir və yaşayır. Xızır hər adamın gözünə görünməz. Onu görmək üçün gərək lap yaxşı adam olasan, heç kəsi incitməyəsən. Xızırı kim görsə, ondan nə istəsə, yerinə yetirər”.
Türk şairi Üsulinin fikrinə görə xristian kitablarında “Elya, İlya şəklində yazılıb, ərəblərdə İlyas adlandırılan peyğəmbər Xızırdır. Bəzən bu adları qoşalaşdırıb Xıdır-İlyas şəklində də qəbul edirlər. Onlar da irfanda rəmzləşiblər: Xızr – genişlik (bəst), İlyas isə darlıq, sıxılma (qəbz) simvoludur. Bəzən onları qardaş kimi də göstərirlər. Təbəri tarixində də onlar qardaş kimi verilib. Quranın ramazan ayında nazil olduğu Qədr və Xızır mövludu (6 may) gecələrində ağacların səcdəyə gəlməsinə inam indi də yaşayır . Hətta Məhəmməd Peyğəmbərdən (s.ə.s.) belə bir hə¬¬dis də gəlib çatmışdır: “Hər kəs elmi sevsə, ona cənnət vacib olar, Allah-Təala ondan razı qalar, onun bədənini qəbrdə qurdlar yeməz, cənnətdə Xızır peyğəmbər onunla yoldaş olar”. Qurani-Kərimin “Kəhf” surəsində ətraflı bəhs edilən Xızr (ə.s.) və Musa (ə.s.) peyğəmbərlərin əhvalatına yazılan təfsirlərdə ölümsüz Xız¬rın daha ağıllı, imanına görə Allah elmlərindən daha xəbərdar olduğu anlaşılır.

Xalqda deyilir ki, “Xıdır İlyas” Xızır adlı yaşıl geyimli müqəddəs ruhdur və hər adamın gözünə görünmür. Çətinə düşən yolçulara kömək edən ilahi qüvvə kimi, o, dastanlarımızda da təsvir olunmuşdur. Xızır gah yaşıl rəngli, gah da boz atlı kimi təsvir edi¬lir. “Kitabi-Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğacın boyu”nda Dirsə xanın öz oğlu Buğacı yaralayıb, Qazlıq dağında qoyub getdiyi səhnəsində oxuyuruq: “Oğlan orada yıxılanda Boz atlı Xızır oğlanın yanında hazır oldu. Üç dəfə yarasını əliylə sığallayıb: “Oğlan, bu yaradan sənə ölüm yoxdur. Dağ çiçəyi ilə ana südü sənin yarana məlhəmdir”, – deyib yox oldu.

Siyəzən rayonunda Xıdır Zində adlı pir də var. Dənizdən başlamış Xıdır-Zində pirinə qədər bir sıra yerlərdə onun izləri indi də qorunur. Beşbarmaq dağında atının və özünün ayaq izlərinin olmasına inam var və bu yer də müqəddəs pir kimi yolçular tərəfindən xüsusi ehtiramla yad edilir. Çətin keçilən dağ cığırlarında “Ya Xıdır-Zində” – deyə, onu çağırırlar.

Qordlevski Xızır gününün köhnə stillə 23 apreldə (indiki vaxtla 6 may) Türkiyədə təntənə ilə qeyd olunduğunu yazır. Bu günü hamı evdəki işləri atıb gəzməyə çıxardı. Əgər hamilə qadın bu gün bir işlə məşğul olsa, uşaq eybəcər doğular – deyə, iş görülməzdi. Xəmir də yoğrulmazdı. Ağac kəsilməzdi. Qızlar qızılgül əkərdi ki, gül kimi gözəl olsunlar.

Ümumiyyətlə xalqda inam var ki, Xızır peyğəmbər darda qalanların, çətinliyə düşənlərin, xəstələrin hamisinə çevrilməklə ən çətin anda onların köməyinə çatmışdır. Buna görə də qışın ən çətin dövründə, belə demək olarsa, qışın “oğlan çağı”nda Xızır peyğəmbərin şərəfinə Xıdır Nəbi mərasimini təşkil etmək, onu köməyə çağırmaq qışın çətinliyindən, soyuğundan xilas olmaq anlamına gəlir.
Xalqımız Xıdır Nəbi bayramına xüsusi hazırlıq görür. Bir neçə gün öncədən həyət-baca, ev eşik təmizlənir. Bir neçə ay öncədən tədarük edilmiş ərzaq, azuqə kisələrinin, torbalarının ağzı açılır. Bayramın əsas atributları qovrulmuş buğda (qovurğa) və qovud hesab olunur. Buna görə də təmizlənib yuyulmuş buğdadan ocaq üstündə qızdırılmış sacda qovurğa hazırlanır. Qovurğa sonra kirkirədə (dəstərdə) cəkilərək, iki hissəyə ayrılır. İri dənəciklər yarmalıq üçün, narın hissə isə qovud üçün qablara yığılır. Qovudu hazırlamaq üçün kirkirədə çəkilmiş qovurğanın narın hissəsindən qaba tökülür, üstünə doşab, şirə vəya şəkər tozu əlavə edilərək qarışdırılır. Ovucda sıxılaraq bərkidilir və qablara yığılaraq süfrəyə qoyulur. Bayram günü xüsusi Xıdır Nəbi xonçası hazırlanır. Bunun üçün qarğıdalı, şabalıd, badam, noxud, küncüt, günəbaxan toxumu və s. də qovrulur. Qovrulmuş çərəzlər qovurğa ilə qarışdırılır. Qarışığa innab, iydə, kişmiş, qoz, fındıq və meyvə quruları da qatılır. Həmin xonçanın ortasına bir qabda qovud da qoyulur. Xonça evdə əlçatmayan hündür bir yerə qoyulur. İnama görə gecə Xızır peyğəmbər gəlir, ona əl basır. Bayram süfrəsinə xəmirdən və yarmadan bişirilmiş xörəklərlə yanaşı plov da qoyulur. Bu yeməklər isti-isti yeyildiyi üçün soyuqda bədənə istilik gətirir. Evdə
Xıdır Nəbinin şərəfinə çıraq da yandırılır. Xalqda bu adət belə ifadə edilir:

Xıdıra Xıdır deyərlər,
Xıdıra çıraq qoyarlar.

Bayram günü uşaqlar qapılara gedib torba atır və Xıdır payı istəyirlər. Onlar xorla oxuyaraq ev sahiblərini səsləyirlər:

Xıdıra xıdır deyərlər
Xıdırın payın verərlər.
Çatma, çatma, çatmaya,
Çatma yerə batmaya.
Xıdırın payın kəsənin,
Ayağı yerə çatmaya.

Uşaqların torbalarına Xıdır xonçasındakı şirniyyat, çərəz və qovurğa qoyularaq yola salınar.

Xıdır Nəbi bayramı günü müxtəlif ayinlər də həyata keçirilir. Evin ağsaqqalı bıçağı götürüb tövləyə girər. Həmin ili bala verməyən, qısır olan mal-heyvanın yanında dayanıb deyər ki, evdə yağımız, ətimiz, yavanlığımız qurtarır, bu da bu il bala vermədi. Mən də bunu kəsirəm. Evin ağbirçəyi də gəlib deyər ki, kəsmə. Bundan sonra hər il bala verəcək. Verməsə kəsərsən. Maraqlı ayinlərindən biri də “Ağacqorxutma”dır. Bar verən ağac bardan qaldıqda deyirlər ki, çilləyə düşüb. Evin kişisi baltanı götürüb gəlir ötən il bar verməyən həmin ağacın yanına və kötüyünə astadan zərbələr vura –vura, ucadan deyər ki, havalar çox şaxtalı, soyuq keçir, yanacağımız tükənib. Bu ağac onsuzda ötən il bar vermədi. Mən də bu ağacı kəsirəm, yandıraq. Evdən bir nəfər yaxınlaşıb onu tutur ki, kəsmə, bu il çoxlu bar verəcək. Oxşar inanc yumurtlamayan toyuqlara da edilir. Onlar bir yerə yığılır, bir oğlan uşağı bıçağı götürüb deyir ki, ətimiz, yumurtamız bitib, toyuqlar da yumurtlamır. Bunların hamısını kəsirəm. Yenə evdən bir nəfər yaxınlaşıb deyər ki, kəsmə. Mən onlara Xıdır Nəbi qovurğası səpəcəm. Onlar da yumurtlayacaq. İnama görə, bundan sonra toyuqlar yumurtlamağa başlayırlar. Göründüyü kimi bu inanclarda qorxudularaq mal-qaranın bala verməsi, toyuqların yumurtlaması, ağacların isə bar verməsi tələb olunur. Bu inamlar “baltakəsmə”, “bıçaqkəsmə”, “qorxutma” və s. adlanır.

Naxçıvanda Xıdır Nəbi bayramında nişanlılara və təzə gəlin köçmüş qızlara pay aparmaq adəti də var. Oğlan evindən nişanlı qızlara, ata evindən isə təzə gəlinlərə Xıdır xonçası aparmaq ənənəsi geniş yayılmışdır. Xıdır xonçasının yanında yundan toxunulmuş isti qış geyimləri də qoyulur. Xıdır Nəbi xonçasınından əlavə şirniyyat və meyvə xonçaları da pay aparılır.
Xıdır Nəbi bayramı ərəfəsində doğulan oğlan uşaqlarına Xıdır, Nəbi, İlyas, Xızır kimi adların qoyulması da geniş yayılmışdır. Bu adlar verilən uşağın çətinlik çəkməyəcəyi, darda qalmayacağına inanılır.
“Xıdır Nəbi” bayramını xalqımız illər boyu qoruyub saxlamış, nəsillərdən-nəsillərə ötürmüşdür. Zəngin mədəniyyətimizi, mənəvi dəyərlərimizi özündə birləşdirən “Xıdır Nəbi” bayramınız mübarək !

AMEA Folklor İnstitutunun böyük elmi işçisi,
Filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın