Cümə axşamı , Noyabr 21 2019
Ana səhifə / Şou Biznes / Vaqif Arzumanlının 70 illik yubileyi qeyd olunub

Vaqif Arzumanlının 70 illik yubileyi qeyd olunub

2017-ci il Fevralın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas alim, fədakar elm xadimi, tanınmış tərcüməçi və ictimai xadim, filologiya elmləri doktoru, professor Vaqif Arzumanlının 70 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.

Azinforum.az xəbər verir ki, yubiley tədbirini giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, Millət vəkili, Milli Məclisin Elm və təhsil Komitəsinin sədri, akademik İsa Həbibbəyli açıb. O, Avropa ziyalılığı ilə Şərq ziyalılığını birləşdirən, çoxşaxəli elmi-ictimai fəaliyyəti olan mərhum alimin şərəfli ömür yolundan, Azərbaycan ictimai fikrinin formalaşmasında, eləcə də ədəbiyyatşünaslıq elmimizin inkişafında əvəzsiz və müstəsna xidmətlərindən danışıb.

V.Arzumanlını fədakar elm adamı kimi xarakterizə edən akademik vurğulayıb ki, onun Latviya, Litva, Estoniya, Ukrayna və Qazaxıstan ilə Azərbaycan arasında elmi-ədəbi əlaqələr qurulmasında böyük rolu olub. V.Arzumanlının ən böyük xidmətlərindən biri də “Kitabi-Dədə Qorqud” dastanının Litva dilinə tərcüməsi faktıdır. Onun M.Ş.Vazehlə bağlı tədqiqatlarını isə əsl vətəndaşlıq missiyası kimi dəyərləndirmək olar. Qeyd edilib ki, əsl alim və əsl insan ömrü yaşamış V.Arzumanlının həyatı, əməlləri gənc nəsil üçün layiqli örnəkdir.

Sonra İraq parlamentinin sabiq deputatı, DAK İdarə Heyətinin üzvü, İraq-Türkmən Yazarlar Birliyinin sədri Əkrəm Fevzi Dərzioğlu görkəmli alim və ictimai xadim Vaqif Arzumanlı ilə əlaqələrindən, onun Bağdada səfərindən, səfər zamanı Vaqif Arzumanlının öz dağma vətəninə necə bağlı olmasından, Azərbaycan bayrağını necə sevməsindən, uca tutmasından, mübarizliyindən, prinsipiallığından, hələ 1994-cü ildə Azərbaycanın İraqda səfirliyinin olmadığı bir zamanda Azərbaycan bayrağını 45 xarici ölkənin bayrağı ilə birlikdə ucalmasına, dalğalanmasına necə nail olmasından danışıb.

AMEA Humanitar elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli vurğulayıb ki, professor Vaqif Arzumanlı ilə aralarında o qədər də çox yaş fərqi olmasa da, hələ gənclik illərindən onu özlərinə ağsaqqal hesab etmişlər və o da ömrünün sonuna kimi bu ağsaqqaallığını qoruyub saxlamışdır. Vaqif Arzumanlı istedadlı alim olmaqla yanaşı, həm də sədaqətli dost idi. Onun insanlıq, insana məhəbbət, insansevərlik istedadı da çox güclü idi.

Sonra Nizami adına Ədəbiyyat İnstitutu əməkdaşlarından – tanınmış ədəbiyyatşünas-tənqidçi Qurban Bayramovun “Ədəbi əlaqələrin görkəmli tədqiqatçısı Vaqif Arzumanlı”, filologiya elmləri doktoru, professor Aida Feyzullayevanın “Görkəmli alim Vaqif Arzumanlının ömür yolundan səhifələr”,filologiya elmləri doktoru Lyudmila Səmədovanın “Özünəməxsus şəxsiyyət” və institutun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətovanın “Alim ucalığı sehrində” mövzusunda məruzələri dinlənilib.

Daha sonra Nizami adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, professor
Məmməd Əliyev, şöbə müdirləri, professorlar Gülər Abdullabəyova, Asif Rüstəmli və başqaları
mərhum Vaqif Arzumanlının yüksək insani keyfiyyətlərindən, pedaqoq və alim kimi səmərəli fəaliyyətindən danışıb, onunla bağlı xoş və unudulmaz xatirələrini söyləyiblər. V.Arzumanlının 12 il rəhbərlik etdiyi Milli Münasibətlər İnstitutunun yaradıcısı, daha sonralar isə ömrünün sonuna kimi Ədəbiyyat İnstitutunun “Dünya ədəbiyyatı və beynəlxalq ədəbi əlaqələr” şöbəsinin müdiri olduğu, yeddi dildə sərbəst danışdığı, Avropa ədəbiyyatını çox gözəl bildiyi, bir sözlə ensiklopedik bilik sahibi olduğu vurğulanıb.

Bildirilib ki, Azərbaycanı dünyaya tanıtmaq gücünə, enerjisinə və məsləkinə malik olan bu istedadlı ziyalımız 35 kitab və monoqrafiyanın, həmçinin 1500-dən artıq elmi və publisistik məqalənin müəllifidir.

Sonda Qurban Bayramov dostları və iş yoldaşları adından professor Vaqif Arzumanlının əziz xatirəsini əbədiləşdirmək üçün əlaqədar təşkilatlara müraciət olunmasını xahiş edib. Təklif institutun rəhbəri, akademik İsa Həbibbəyli və eləcə də bütün tədbir iştirakçıları tərəfindən razılıqla qarşılanıb.

Yubiley tədbirində alimin ömür-gün yoldaşı və övladları da iştirak ediblər.
Oğlu Vüsal atasına verilən böyük dəyər üçün, onun vəfatından sonra yubileyinin keçirilməsinə göstərilən diqqət və qayğı üçün, institutun rəhbərliyinə, şəxsən akademik İsa Həbibbəyliyə, tədbirin təşkilatçılarına, eləcə də bütün iştirakçılara öz minnətdarlığını bildirib.

 

Həmçinin oxuyun

Vüsalənin keçmiş əri üçüncü dəfə evlənir – FOTO

Tanınmış aparıcı Azər İsmayılov (Zahid) üçüncü dəfə ailə həyatı qurur. Azinforum.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, …

Bir cavab yazın