Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Şəhid atası kreditə görə məhkəmə ilə hədələndi

Şəhid atası kreditə görə məhkəmə ilə hədələndi

Aprel döyüşlərində 17 erməni əsgərini öldürən şəhid Adil Adilzadənin adına olan krediti ödəyə bilmədiyinə görə atası Kamran Adilzadənin bank tərəfindən məhkəmə ilə hədələnməsi ölkəni ayağa qaldırıb. Hər kəs acınacaqlı duruma düşən şəhid ailəsinə acıyır və bankı qınayan fikirlər səsləndirir. 
Həyatını vətən uğrunda qurban verən şəhidin atasının üzləşdiyi acınacaqlı durumla bağlı dedikləri sözün həqiqi mənasında insanın qanını dondurur. K.Adilzadə bildirib ki, oğlu şəhid olana qədər krediti vaxtında ödəyib. Lakin aprelə qədər… Aprel döyüşlərində şəhid olduqdan sonra Adilzadə ailəsi krediti ödəyə bilməyib. Bank isə ödəniş etməyəcəkləri təqdirdə onları məhkəməyə verəcəyini bildirib.
Bu situasiyanın yaranması ölkəmizdə zaman-zaman müzakirə mövzusu olan şəhidlərə olan münasibəti bir daha gündəmə gətirib. Sözsüz ki, burada insanların özündən çox şey asılıdır. Ola bilər ki, qanunvericilikdə bununla bağlı hər hansı müddəa nəzərdə tutulmasın. Bəs bankın həyatını vətəni uğrunda qurban verən bir şəhidin adına olan kreditlə bağlı onun ailəsini məhkəmə ilə hədələməsinə hansı adı vermək olar? Bax bu suala cavab tapmaq çox çətindir.
 
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa şəhid ailəsinin timsalında yaşananların ibrətamiz hadisə olduğunu qeyd etdi: “Bu problemi ilk növbədə dövlət üzərinə götürməlidir. Şəhid olanların sığorta problemləri var. Şəhid olan birinin hər hansı problemi varsa, bu, onun ailəsinin üzərinə düşməməlidir. Sığorta sistemi natamam olduğundan, bu məsələlər həllini tapmır. Əgər vətəndaş şəhid olubsa, onun ailəsinin təminatı ailəsinin üzərindədir. Banklar məsələsində dövlət tərəfindən müəyyən addımlar atılmalıdır. Şəhid ailəsi məhkəməyə verilibsə, çox güman ki, məhkəmə hər halda bu məsələləri nəzərə alacaq. Çünki heç bir vicdanlı hakim özünə rəva bilməz ki, hansısa şəkildə bu məsələdə şəhid ailəsinin hüquqları pozulsun. Bankı da bəzən qınamaq olmur. Çünki məbləğ böyük olduqda bank da müəyyən çətinliklər yaşayır. Əgər məbləğ kiçikdirsə, bank özü müsbət addımlar atmalıdır ki, vətəndaşın vəziyyəti düzəlsin. Şəhid oğluna görə valideyn bu qədər iztirablar çəkməməlidir. Onsuz da onun mənəvi iztirabları kifayət qədərdir. Digər tərəfdən də maddi iztirab ailənin gələcəyini qaranlıq mərhələyə sürükləyə bilər. Qanunvericiliyə bəzən kiçik müddəalar salınmır. Bu, insanlıqla bağlı məsələdir. Bunun həlli istənilən qanunvericiliyin içərisindən çıxa bilər. Avropa ölkələrində belə məsələləri qanuna salmayıblar. Bütövlükdə cəmiyyət daxilində bilinir ki, kimsə vətən uğrunda şəhid olubsa, belə problemlər həllini tapmalıdır. Başqa bir yolu da yoxdur. Bankı heç bir adla məhkəməyə vermək olmaz. Hüquqi cəhətdən bankın atdığı addım normaldır. Çünki krediti götürən şəxslər ödəyə bilmirsə, zəmanət duran şəxslər məsuliyyət daşıyırlar. Biz müharibə şəraitdə olduğumuza görə, Vətən uğrunda şəhid olanların vəziyyətini anlamaq lazımdır. Söhbət bundan gedir. Bank hüquqi tərəfdən deyil, mənəvi tərəfdən qınana bilər”.
 
Deputat parlamentdə belə məsələləri qaldıracağını da istisna etmədi: “Məsələ qaldırmaq olar. Heç bir problem görmürəm. Amma məsələni öncəliklə aydınlaşdırmaq lazımdır. Kimisə qınayanda nəzərə almaq lazımdır ki, bankdakı məsul şəxslər şəhid məsələsinə duyarlı insanlar ola bilərlər. Kiminsə haqqına aydınlaşdırmadan girmək olmaz. Yalnız dəqiqləşdirəndən sonra məsələni gündəmə gətirmək olar”.
Xatırladaq ki, şəhid Adil Adilzadə 17 erməni öldürərək qolundan yaralanıb. Ancaq buna baxmayaraq döyüşə davam edən Adil bir neçə saat döyüşdükdən sonra düşmən snayperinin gülləsinə tuş gəlib. Adil aldığı güllə yarasından şəhidlik zirvəsinə ucalıb.
P.S. Qəzet çapa gedərkən məlumat yayıldı ki, şəhid atasının kredit borcu məsələsi həllini tapıb. Bu barədə Mingəçevirdən olan deputat Aydın Mirzəzadə Milli.az-a bildirib: “İnformasiya saytlarında aprel döyüşlərində şəhid olmuş Mingəçevir sakini Adil Adilzadənin atası Kamran Adilzadənin bank krediti problemi ilə bağlı informasiya yayıldı. Məsələ ilə maraqlanıldı və problem həll edildi. Şəhid ailəsi bu barədə məlumatlandırıldı”.   Musavat.com

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın