Çərşənbə axşamı , İyul 16 2019
Ana səhifə / Şou Biznes / Nazirlikdə yoxlama aparıldı – Nöqsanlar var

Nazirlikdə yoxlama aparıldı – Nöqsanlar var

Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Nazirlik) və tabeliyində olan qurumlara ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiq edib.

AzVision.az xəbər verir ki, Audit tədbiri Nazirlik və seçmə üsulla müəyyən edilmiş 5 qurumun fəaliyyətini, 2014-cü il və 2015-ci ilin 9 ayı üzrə ümumilikdə isə 433,8 mln. manat məbləğində vəsaiti əhatə edib. Əhatə olunmuş vəsaitlərin 86,4%-ni məhz funksional fəaliyyət üzrə olmaqla “Sosial müdafiə və sosial təminat” xərcləri təşkil edib.

Mərkəzi aparatın saxlanılması xərclərinin icrası zamanı staja və hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavələrin hesablanılmasında nöqsanlara yol verilib, dövlət qulluqçusu olmayan işçilərə məzuniyyətə çıxdıqları zaman düzgün olmayaraq müavinət və mükafat verilib, Nazirlik tərəfindən maliyyələşdirilən sosial layihələrin hazırlanması və həyata keçirilməsi vəziyyətinə cari nəzarət, eləcə də müvafiq maliyyə-hesabat sənədlərinin qanunvericiliyə uyğunluğunun araşdırılması səlahiyyətləri dəqiq müəyyən edilməyib, dövlət sifarişləri üzrə müsabiqənin keçirilməsi zamanı sifarişlərin yerinə yetirilməsi sahəsində rəqabət mühitinin formalaşdırılması tam təmin olunmayıb, xərclər smetalarının tərtibi zamanı qanunvericiliklə müəyyən edilmiş normalar əsas götürülməyib, kommunal xərclər üzrə vəsaitin məbləği real sərfiyyata uyğun proqnozlaşdırılmayıb.

Tələbatın düzgün müəyyənləşdirilməməsi səbəbindən inventarların tələbata nisbətən artıq alınması, həmçinin keçirilmiş müsabiqələrdə müxtəlif qiymətlərlə müqavilələr bağlanılması səbəbindən səmərəsiz xərclərə yol verilib, əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün idman tədbirlərinin keçirilməsi və onların beynəlxalq yarışlarda iştirakına şərait yaradılması tədbirləri üzrə ezamiyyə xərclərinin, həmçinin bəzi hallarda ümumrespublika yarışlarının təşkili ilə bağlı xərclərin mövcud normativ-hüquqi sənədlərdə müəyyən edilmiş qayda və normalarına riayət edilməyib, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiya olunması və onlara bərabər imkanların yaradılması ilə bağlı keçirilən layihələrdə bir sıra hallarda maliyyə qaydalarına tam əməl olunmayıb.

Dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından ayrılmış vəsaitlər üzrə layihə təkliflərinin verilməsindən əvvəl tikinti layihələrinin əsaslandırılması, ilkin strukturu və qiymətləndirilməsini əks etdirən ilkin texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanmamış, yaşayış məntəqələrinin ərazi planlaşdırılması çərçivəsində müfəssəl planların hazırlanması və dövlət ekspertizasından keçirilməsi təmin edilməyib.

Alınmış əsas vəsaitlərin icraçılar tərəfindən tam təhvil verilməməsi, tikinti işləri tamamlanmaq üzrə olduğu halda yerinə yetirilən işlərin sifarişçi tərəfindən müvafiq qaydada rəsmiləşdirilməməsi səbəbindən debitor borclar yaranıb.

Hesablama Palatasının Kollegiyası Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Nazirlik) və tabeliyində olan qurumlar tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul etmiş, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Kollegiya Qərarının surəti və müvafiq Təqdimatlar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və tabeliyində olan qurumlara, vergi öhdəliklərinin qanunvericiliyə uyğun dövlət büdcəsinə hesablanması və ödənilməsi vəziyyətinin araşdırılması məqsədilə müvafiq məlumat Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilib.

Auditin nəticələri ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinə məlumat verilib.

Həmçinin oxuyun

Səbinə: “Prodüser müğənninin şəxsi mülkü deyil”

Tanınmış prodüser Səbinə Rəcəbli həmkarlarını tənqid edib.  “Ölkə.Az”-a danışan Rəcəbli onları müğənnilərə həddindən artıq üz …

Bir cavab yazın