Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Şou Biznes / Nazirləri dil öyrənməyə Buynuza köçürək günün birində!

Nazirləri dil öyrənməyə Buynuza köçürək günün birində!

Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı özünün facebook səhifəsində dostu, tanınmış şair Musa Yaquba həsr olunmur bir neçə şeir paylaşıb.

Azinforum.az həmin şeirləri təqdim edir:

ŞAİR QARDAŞIM MUSA YAQUBA

Tez-tez zəngləşirik. Bu gün harda olduğunu soruşdum. “Kəndə gəlmişəm, Buynuzdayam!”-dedi. Paxıllığım tutdu…
1.
Yenə də ruh kimi uçub getmisən,
Sonu qayıtmaqsa, yaxşı yol sənə!
Adam çoxluğundan qaçıb getmisən
Adamlıq çox olan məmləkətinə…

Kim oldu yenə də xətrinə dəyən,
Hansı yel qayandan çınqıl qopardı?
Ya vaxtsız boş qoyub ev-eşiyini
Məzara gedənin dərdi apardı?

Vətəndən qismətin o kiçik yuva
Zirvəyə üz tutub, ayrıldı kənddən.
Təməli sevgisə evlərimizin
Fərqi yox, çöpdəndir, ya qranitdən…

Orda gəncliyinin min xatirəsi,
Çiçəyə, yarpağa dönən anlarım.
Şerindən boylanıb səni gözləyən
O ağac, o qaya qəhrəmanların.

Yenə iki bacı verər baş-başa,
Axar gözlərindən yaş çiçək-çiçək.
İşıq sevincindən pəncərələrin
Qaralan gözləri günəşlənəcək…

Yanır qara daşı, yanır ağ daşı,
Götür, ya götürmə, bitməz həsrəti.
Bir yaşıl yorğanla min qaya örtər.
Şükür ki şerinin yaz bərəkəti

Zindandan betərdi kimsəsiz evlər,
Boşalsa bir yığın ağacmış, daşmış.
Elə bil soluxub divarın rəngi,
Elə bil həyət də balacalaşmış…

Zirvənin hər biri-dost xatirəsi,
Başında tələsən qışın sərtliyi,
Sözünü ağaca, quşa deyərsən,
Qayıdar suların həmsöhbətliyi…

Dağdağan yenə də göz almağında,
Qutsal əmanətdir durmuş qayada.
Bu taydan o taya dəmir körpudən
Hörümçək yol verməz qarışqaya da…

Getmisən yenə də dindirən olsun
Çölün çiçəyini, dağın qarını.
Kəndin ürəyinə toxtaqlıq gəlsin
Sapsağlam görəndə nəğməkarını.

Ey müdrik əkinçi! Get dincəl bir az,
Səpdiyin toxumlar çiçək-çiçəkdir.
Buynuzda bir nəğmən yorulub sussa
Yüz kənddən yüz nəğmən dillənəcəkdir!

***

2.
Deyək ki, sən getdin Buynuz kəndinə,
Gördün ki, dağ-daşı öz yerindədir.
Keçən yay, sevinib gələn dostlara,
Yarımçıq qoyduğun söz yerindədir…

Ağaclar yenidən çiçək altında,
Çör-çöp yuvasında vəfalı quşlar
Yarımçıq qoyduğun neçə nəğməni
Evin yaddaşına toxuyurmuşlar.

Təbiət nizamlı, biz nizam pozan,
Kötüyün yüz pöhrə mükafatı var.
Bizim qanadımız qırılan yerdə
İldırım uçuşu, yel qanadı var.

… Deyək ki, sən gedib Buynuz kəndində,
Soyuyan ocağa qısılacaqsan.
Gecələr gözünlə Ay işığından
Sözünlə İlhamdan asılacaqsan.

Kəndə soraq düşdü, canlandı həyət,
Bəs Bakıda qalan dostlar neyləsin?
Seyrələn məclislər, kəsilən zənglər,
Ləzzəti azalan tostlar neyləsin…

Lap elə ucaldın Ay səhrasına,
Elə bilirsən ki, Yer əl çəkəcək?
Düz ol, müqəddəs ol, peyğəmbər kimi
Qeybət yorulacaq, Şər əl çəkəcək?

Sənin getməyinlə işlər düzəlməz,
Özünü qurtardın, millət ki qalır.
Bakı civarında, bağlar başında
İşgəzən bazarı, zillət ki qalır…

Bizim əlimizin düz olmasıyla
Yetimin saçları tumarlanırmı?
Mən də çıxıb gedim Hamarkəndimə
Millətin yolları hamarlanırmı?

Həminki Buynuzdur, ulduz deyil ki,
Hər fəsli gözəldir-qarşılayacaq!
Bakıdan qaçmağa nə var, əzizim,
Bəs onun dərdindən hayana qaçaq?

Bəs bu toranlığın sonu nə olsun,
Onu kim çıxarsın gün işığına?
Bu farsın, ərəbin Allah adına
İşğal niyyətini Din işığına?..

Bu qədər qaraçı, araçı gəlir,
Yetərmi? Lap daş da qoy ruzu olsun…
Gərək, düyünlənsin fəhlə yumruğu
Gərək baş kəndin də buynuzu olsun!

Alsın kəlləsinə matadorları,
Buğa bürcündənəm, ey dırnağım, kəs!
Beş-üç saniyəlik bel tamarzısı
Görsün ki bu millət minik götürməz!

Dünya silkələnsin addımımızdan
Dostlar dikəlsinlər yenə nər kimi.
Bir səhər güzgüdə hamı görsün ki,
Başı silahlanıb İsgəndər kimi…

Gör nə gözəllikdir Buynuz meşəsi,
Kim sındıra bilər onun barını?
Eybi yox, qoy bəzi oliqarxların
Qızıla tutsunlar buynuzlarını…

Sənin hər nəğməndə əsgər qeyrəti,
Bir ordu qurmusan ömrün uzunu…
Buynuzsuz yaşamaq istəyən millət
Silaha çevirsin Söz Buynuzunu!

***

Sənin Bakıda da izin ayrıdır,
Avazın ayrıdır, sözün ayrıdır,
Xordan gileyləndin, xora pis dedin,
Səs səsdə gizlənir, sən solist idin!

Bilmir nə biçəcək, bilmir nə əkir,
Hər iclas öncəsi söz dilənənlər.
Millətin önündə xəcalət çəkir
Səsi düymələrdə düyünlənənlər!

Məclisə dağların buludundan su,
Ürək tonqalından çınqı vermişdin.
Diplomat susquya söz zəlzələsi,
Soyuq siyasətə yanğı vermişdin.

Şükür Canalımız, Hamarkəndimiz,
Şükür üz tutası dağlarımız var.
Millət arasında rahatlığımız,
Çöllərə söz demək haqlarımız var.

Gedirik, qəlbimiz incəlir bir az,
Gedirik, canımız dincəlir bir az…
Xoru bəyənmədin, canın sağ olsun,
Bir şimşək oxutmaq imkanın varmı?
Bəlkə mən də gəlim, verək səs-səsə,
Görək göy dilini duyan olarmı?

Bəlkə kabinetlər rahatlığını
Buynuza keçirək günün birində.
Bəlkə nazirləri dil öyrənməyə
Buynuza köçürək günün birində!

Meşə nazirliyi köçsün meşəyə,
Kötük qəbristanı ağlamaq istər.
Şorlaşan torpaqlar yer məmurunu
Bir gün su həsrəti saxlamaq istər…

Görsünlər üstündə isti əl olan
Torpaq yetirməkdən yorulmayacaq.
Şair öz elindən perikmədikcə
Nəğməsi heç zaman qırılmayacaq!..

***

Bir məclisdə gördüm səni,
Heç özünə bənzəmirdin.
Söhbətinlə, gülüşünlə
Dörd çevrəni bəzəmirdin.
Sonra gedib vərəqlədim kitabını,
Neçə dəfə göz yaşımı boğa-boğa
Dodağında millətimin dərdi idi-
“Burax məni, çıxıb gedim azadlığa!”
Min illərin dərdi idi-
Musa Yaqub ağzı ilə qışqırırdı.
Min dahinin həsrətiydi
Bir ustadın sinəsindən fışqırırdı…
…Yüzillərlə
Azadlığın yollarına
Intizarla baxan da biz,
Yüzillərlə öz nəfsində
Azadlığı boğan da biz!
Babaların kor iştahı boynumuzun qılıncıdı,
Ötənlərin hər yanlışı başımızın qaxıncıdır!

Silkələndim bu acıdan, qüssələrdən,
“…Burax məni çıxıb gedim bu şəhərdən!
Çıxıb gedim öz dağıma, öz obama.
Övladarı perik düşən xarabama!
O yaylaqlar beşiyində tərk eləyib dincliyimi
Bu kəpənək boyasına qurban verdim gəncliyimi.
Heç bilmədim nədir yalan, nədir riya.
Şerim mənə həm Cəbhəydi, həm Partiya!
Silahları susduracaq söz söylədin,
Vicdan səsi! Nə söylədin, düz söylədin…
Qurdun, quşun qisməti də yasaq bizə…
Həm hakimik, həm müttəhim…Yazıq bizə!
Burda yollar ayrılmalı! Düzə, dağa,
Onun yolu-köləliyə! Mənim yolum-azadlığa!”

Allah necə tanış arzu, saf istəkdi,
Bu bir misra min ürəyi suya çəkdi.
Yatanlara xatırlatdı, bu zəhəri içmək olmaz,
İgid olan başdan keçər,
Azadlıqdan keçmək olmaz!
Tarixlərin utancından
Qəlbinə qəm yığa-yığa
Çıxıb getdin azadlığa!

Çıxıb getdin!..
Ucaldığın Baba dağda,
Azadlığı buldunmu, de!
Şər düyünü açılmırsa,
Zülm əlindən qaçılmırsa
Orda xoşbəxt oldunmu, de!

Günəşimə pərdə çəkən kölgələrdən
çıxıb gedək.
Bu arxacı söküb gedək, bu xəlbirdən axıb gedək,
Ancaq yenə yer üzünün havası bir.
Hara getsən səninlədir!
Lap Şahdağın beli olsun
Azaddırmı dağ kəlləri?
Okeaanın o tayında
Azaddırmı Azadlığın heykəlləri?
Azadlığı gəzənlər çox,
Azadlığın eşqi ilə vətəndən əl üzənlər çox!
Bu istəklə sığındılar neçə yada,
Gedib azad oldularmı Avropada?
Özünə gün ağlamaqla, Haqqa qapı açıldımı?
Ehtiyacdan qaçanların, yoluna nur saçıldımı?
Ayaq altda yad torpaqsa hər bayramın sevinci-Qəm.
Mən Gəncəsiz, Qarabağsız azadlığı istəmirəm!
Belə möhnət olan yerdə nə azadlıq?
Mühacirət olan yerdə nə azadlıq?
Azadlıqda gərək Laçın, Şuşa olsun!
Orda Bakı, Təbriz ilə qoşa olsun!..
Azad olaq bu görünməz zindanlardan,
Tarixlərə qan uddurmuş ehkamlardan.
Yad dillərdən, yad səslərdən
Əsarətdən miras qalan
O bölücü qəfəslərdən.

***

Ey vəfada bir qardaşım.
Ruhundakı qutsallıqla pir qardaşım!
Ucalmısan dilindəki həqiqətlə,
ruhundakı qətiyyətlə.
Məğrur səsin min illəri aşacaqdır bu niyyətlə!
Tarixlərin ağrısından qopan şerin
Yatanların vicdanını qamçılayır.
Min illərin buz dağları ərimədə
Sözümüzdən göz yaşıtək damcılayır.
Zaman keçdi, indi tarix bizə bağlı,
Dirilən ruh, qalxan bayraq səninlədir!
Azadlığın söz heykəli sənsən elə,
Hara getsən yenə də haqq səninlədir!

Mart, 2016

 

Həmçinin oxuyun

“Camaatın cibində pul var ki, toy edə?” – Niyam Salami

Müğənni Niyam Salami “Hər səhər Mətanətlə” proqramında qonaq olub.Müğənni həmkarlarının toyla bağlı narahatçılıqlarına etiraz edib:“İndi …

Bir cavab yazın