Ana səhifə / Şou Biznes / Müştəriyə görə dəyişən qiymətlər, məcburi sifarişlər… – “Bulvar”dan reportaj – FOTOLAR

Müştəriyə görə dəyişən qiymətlər, məcburi sifarişlər… – “Bulvar”dan reportaj – FOTOLAR

Milli Parkda qiymətlər hava kimi “istilənir”

Havanın temperaturu qalxan kimi Bakı sakinlərinin ən çox üz tutduğu məkan olan “Bulvar”da da qiymətlər qalxmağa başlayır.

Paytaxt sakinləri və şəhərin qonaqlarının bir hissəsi istirahətlərini dəniz kənarında keçirməyə üstünlük verirlər. Dənizkənarı Milli Parka üz tutanlardan kimisi sevgilisi ilə qol-qola gəzişir, dəniz ləpələrinə baxa-baxa istirahət edir, foto çəkdirir. Kimisi uşaqlarını gəzməyə, əylənməyə çıxarır, velosiped sürür, qaçır, idmanla məşğul olur. Yaşlı nəslin nümayəndələri isə skamyalarda oturub şahmat oynayır, söhbətləşirlər.
Son illərdə bulvarda attraksionların, kafelərin, səyyar ticarət və xidmət obyektlərinin sayı getdikcə artır. Bütün bunlarla yanaşı qiymətlər də sabit qalmır, say çoxaldıqca, qiymətlər də artır.
Qarşıdan gələn Avropa Oyunları ilə əlaqədar paytaxt Bakımıza dünyanın bir çox ölkəsindən qonaqlar gələcəklər. Onların da üz tutacaqları Dənizkənarı Milli Parkdakı qiymətlərlə tanış olmaq üçün musavat.com saytı olaraq, “Bulvar”a baş çəkdik.
Parkda apardığımız müşahidələr göstərdi ki, insanlar əsasən burada istirahət vaxtlarını yalnız gəzmək və ya skamyada oturub söhbət etməklə keçirirlər. Bunun da əsas səbəbi bulvardakı xidmətlərin xeyli yüksək olmasıdır. Bir ailənin Dənizkənarı Milli Parkda bir neçə saatlıq istirahəti, onlara baha başa gələ bilər. Biz də parkda istirahət edən şəhər sakinləri kimi “Bulvar”da bir az dolaşdıq və kafelərə baş çəkdik.
Sahilə dincəlmək üçün üz tutanlar, yol boyu sıralanan kafelərdən birində çay içmək qərarını verdiyi an, artıq minimum 10-15 manatını gözdən çıxarmalı olurlar. Çünki həm qiymətlər yüksəkdir, həm də hər kafenin özünə uyğun “şərtləri” var.
Yəni, heç bir müştəri adi, sadə formada qəndlə çay içə bilməz. Müştəri məcburdur ki, çayın yanında şokolad, mürəbbə də götürsün. Bu zaman hesab artıq 10-15 manat təşkil edir. Təbii ki, bu ən ucuz kafelər üçün keçərlidir.
Parkda yaxın müddətə kimi ən ucuz yer “Kələki” adlı kafe idi. Burada müştərilərə hər hansı bir şərt qoyulmurdu və qiymətlər də münasib idi. Artıq ora da bağlanıb. Yenidən təmir edilərək, işə başlanacağı deyilir. Təbii ki, yeni qiymətlərlə.
Kassa çeklərində fırıldaqlar…
“Bulvar”da kassa çekləri ilə bağlı fırıldaqlar bir çoxlarına məlumdur. Məsələn, kimsə kafedə yeyib-içir, axırda hesabı 20 manat gəlir və ödənişi edir. Ofisiant ödəniş edilən çeki çox vaxt özündə saxlayır. Gün ərzində həmin çeklər başqa müştərilərin sifarişi ilə təxmini şəkildə uyğundursa, bu zaman ona əvvəlki çekin hesabını deyirlər. Beləcə hər hesabda müştəriləri bir neçə manat aldadırlar. Üstəlik vergidən də yayınırlar.
Bunlar bir yana dursun, üstəlik müştəriyə gətirilən qəbzdə nəyi neçəyə aldığını bilmək mümkün deyil. Çünki qəbzdə ancaq masaya gətirilən sifarişlərin sayı və sonda ümumi məbləği yazılıb. Amma sifarişlərin qiymətləri yazılmayıb. Bu da o deməkdir ki, müştəriyə istənilən an, istənilən qiyməti yazırlar. Bu da müştəriyə görə dəyişir.
Müştəriyə görə dəyişən qiymətlər…
Əgər masada əyləşənlər sevgilidirlərsə, bu zaman qiymət onlar üçün “xüsusi” olur. Onların sifarişlərindən asılı olmayaraq, qiymətlər 2-3 dəfə bahalaşır. Oğlan da sevgilisinin yanında pərt olmamaq üçün səsini çıxarmır və pulu ödəyir.
Müştəri turist olan zaman, kafe kef edir. Çünki xarici qonaqlara hər şey iki qat baha satılır. Çay sifarişi verən kimi masaya dəstgah gətirilir. Onun da qiyməti ən yaxşı halda 20 manat edir. Əlavə sifarişlərlə qiymət daha da “şişir”. Və belə ölkəmizə təşrif buyuran qonaqlar, bizim necə də “qonaqpərvər” olduğumuzu anlayırlar.
Biz belə bir hadisə ilə “Delfin” kafesində rastlaşdıq. Müştəri qismində əyləşdiyimiz masaya çay sifariş verdik. Təbii ki, ilk olaraq dəstgah gətirildi. Bir az söhbətləşdikdən sonra, sadəcə çay, şokolad və paxlava götürməli olduq. Bunların yanına bir də meyvə şirəsi sifariş verdik. Sonda hesabı gətirən zaman, qəbzdə sifarişlərimizin sadəcə adları və ümumi tutarı yazılmışdı. Bu da növbəti bir fırıldaqdır.
Gördüklərimizdən belə anlaşılır ki, Dənizkənarı Milli Parkda olan kafelərə qiymət tənzimləməsi və nəzarət gətirilməsə, bu vəziyyət daha da pisləşəcək.














Həmçinin oxuyun

Natavanla bağlı təklifə “yox” cavabı – Video

Aparıcı Zaur Kamal Əməkdar artist Röya Ayxana küsülü olduğu müğənni Natavan Həbibi ilə bağlı sual …

Bir cavab yazın