Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Şou Biznes / “Mənim necə dollarım ola bilər ki, hələ də kirayələrdə yaşayıram” – Hafiz Hacıyev

“Mənim necə dollarım ola bilər ki, hələ də kirayələrdə yaşayıram” – Hafiz Hacıyev

Yola saldığımız il bir sıra hadisələrlə yadda qaldı. Uğurlu, acılı nüansları ilə 2015-ci ili də təxminən 36 saatdan sonra yola salacağıq. Bəs 2016-cı ildən nə gözləyirik? Bu mənada müxalif siyasi düşərgənin də fikirlərini öyrənməyə cəhd etdik. Hafta.az-ın suallarını bu dəfə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev cavablandırıb. MMP sədri hafta.az-a müsahibəsində köhnə illə təzə ilin astanasında baxış və proqnozlarını açıqlayıb.
Həmin müsahibəni təqdim edirik:
– Hafiz bəy, yola saldığımız 2015-ci il sizin və ölkəmiz üçün nə ilə yadda qaldı?
– 2015-ci il Azərbaycan üçün bir sıra nailiyyətlərlə yadda qaldı. İlk Avropa Oyunları ölkəmizdə keçirildi. Bizim üçün bu tarixi hadisədir. Amma ümumi götürdükdə isə problemli il oldu. Ona görə ki, ölkəmizin bir nömrəli problemi olan Dağlıq Qarabağ məsələsini həll edə bilmədik. 2015-ci il həm də böyük itkilərlə yadda qaldı. Dənizdə 32 neftçinin həlak olması, may ayında bina yanğını zamanı insanların həyatlarını itirməsi buna misal ola bilər. İqtisadi sahədə də irəliləyişlərlə yanaşı, manatın devalvasiyasını da xatırlayacağıq.
– Sizin də dollarınız var idi? Dolların dəyər qazanmasının bu və ya digər formada sizə də təsiri oldu?
– Vallah, biz bir qarın ac, bir qarın tox yaşayan insanlarıq. Görünür, Azərbaycan hakimiyyətini, hökumətini, dövlətini, millətini sevən insanların aqibəti belə olmalı imiş. Bizim bu gündən sabaha çörək yemək imkanımız yoxdur. Vətəni sevən insanlar sonda elə bu cür də ölür. Kimlər üçün yaxşı olduğunu deyə bilmərəm, şəxsən mənim üçün yaxşı olmayıb. Vətəni sevən insanın dolları olmur. Mənim necə dollarım ola bilər ki, hələ də kirayələrdə yaşayıram. Bizim də gözləntilərimiz vardı. Gözləntilərin heç birinə nail ola bilmədik. Görək də, bundan sonrası necə olur, sağlıq olsun.
– Üzümüzə gələn 2016-cı ildən nə gözləyirsiniz?
– Prezidentimiz güclü şəkildə işlər görür, çalışır. Hazırkı durumda bir nəfərin çalışmağı yetərli deyil, bütün komanda yumruğu bir hədəfə vurmalıdır. Məmurların hamısını prezidentimizi müdafiə etməyə çağırıram. Biz də, partiyamız da ölkənin iqtisadi durumunun ağır olduğu bir vaxtda ölkə başçısının yanındayıq, bundan sonra da belə olacaq.
– Manatın bu qədər dəyər itirməsi fonunda nə kimi alternativ tədbirlər görülməlidir? İtkilərin daha da çoxalmamasını hansı yolla sığortalamaq olar?
– Manatın məzənnəsinin düşməsi neftdən asılı bir məsələdir. Neftin qiymətləri birdən–birə üç dəfədən artıq düşdüyü üçün manatın məzənnəsi də dollara nisbətən 48 faiz dəyərini itirdi. Bizim iqtisadiyyatımız da birbaşa neftdən asılıdır. Bu vəziyyətdən çıxmağın yolu iqtisadi islahatlardır. Liberal iqtisadiyyat inkişaf etməlidir. Dünyada gedən iqtisadi prosesləri dərindən bilən adamlar lazımdır.
– Son vaxtlar Amerika-Azərbaycan münasibətlərindəki müəyyən siyasi gərginləşməyə münasibətiniz necədir?
– Bəzi qüvvələr var ki, Azərbaycanla Amerikanın yaxınlaşmağını istəmirlər. İstəmirəm ki, bizim bu superdövlətlə münasibətlərimiz korlansın. Çünki bu iki dövlətin birgə layihələri var. Etibarlı tərəfdaşdırlar. Milli Məclisdə sənədin hazırlanması bir deputatın hazırladığı layihədir, dövlətin mövqeyi deyil.
– Çox sağ olun, Hafiz bəy. Qarşıdan gələn bayramlarınızı öncədən təbrik edirik.
– Sağ olun, mən də sizi və sizin kollektivi təbrik edirəm.
Hafta.az

Həmçinin oxuyun

“İşğaldan azad olunan torpaqlara ilk ayaq basanda “Qarabağ şikəstəsi”-ni ifa edəcəm”

Bu günkü musiqili qonağı tanınmış ifaçı Şəbnəm Tovuzludur. İfaçı bizimlə söhbətində Qarabağla bağlı arzularından və …

Bir cavab yazın