Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Fəxrəddin Əliyev – Kazimirov və Balayanı bir fotoyla ifşa edən vətənpərvər

Fəxrəddin Əliyev – Kazimirov və Balayanı bir fotoyla ifşa edən vətənpərvər

Bu gün intihar xəbəri yayılan sabiq diplomat, iş adamı Fəxrəddin Əliyevlə bağlı bu hadisəni 16 il öncə qəzetimizin yaxın dostlarından biri danışmışdı. Bu əhvalat bir məqalənin tərkib hissəsi olaraq o dövrdə çıxan “Reytinq” qəzetində də dərc olunub. 
Hadisə belə olub: biznesi ilə bağlı tez-tez Moskvaya səfər edən Fəxrəddin Əliyev bir gün dəbdəbəli otellərdən (müəllifin yadında “Praqa” kimi qalıb) birinin restoranında olarkən bir güncdə oturub şirin-şirin söhbət edən adamları tanıyır: qatı erməni millətçisi Zori Balayan və o zamanlar ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri olan Vladimir Kazımirov.
Cütlüyün araq içə-içə xeyli səmimi söhbət etdiyini görən Fəxrəddin Əliyev anlayır ki, ortada bir işbirliyi var və bu görüş Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində neytral mövqe tutmalı olan diplomatın mandatına uyğun deyil. Bundan əvvəl də Kazımirovun ermənilərin lehinə olan açıqlamalarından xəbərdar olan həmvətənimiz başa düşür ki, bu, görüş boşuna deyil.
F.Əliyev bu tarixi görüşü əbədiləşdirmək qərarına gəlir və restoranın fotoqrafını çağıraraq ona 100 ABŞ dolları pul verir, deyir ki, onun şəklini çəksin, amma elə çəksin ki, özü düşməsin, arxadakı o iki nəfər aydın düşsün.
Fotoqraf əliaçıq müştərinin xahişini yerinə yetirir, bir neçə pozada onun, daha dəqiqi, Kazımirovla Balayanın şəkillərini çəkir və yarım saatdan sonra fotoşəkilləri gətirib Fəxrəddin Əliyevə verir. 
F.Əliyev ertəsi gün Bakıya uçur və həmin fotoşəkilləri baş prokuror vəzifəsində işləyən qohumu Eldar Həsənova verir. Eldar Həsənov da öz növbəsində şəkilləri aparıb prezident Heydər Əliyevin masasının üstünə qoyur.
Bu trafikdən bir neçə gün sonra Vladimir Kaızmirov öz missiyasına uyğun olaraq münaqişə bölgəsinə səfərə gəlir, Bakıda Heydər Əliyevlə də görüşür.
Onların arasında söhbət bir müddət diplomatik çərçivədə gedir. H.Əlyev arada Kazimirovdan ermənilərə münasibətini, onlarla dostluq əlaqələrinin olub-olmamasını soruşur. Kazımirov, təbii ki, hər şeyi danır, ermənilərlə heç bir əlaqəsinin, dostluğunun olmadığını deyir. Belə olanda H.Əliyev Fəxrəddin Əliyevin çəkdirdiyi, Eldar Həsənovun təqdim etdiyi şəkilləri çıxarıb Kazımirovun önünə atır. Kazımirov pərt olur, izahat verməyə çalışır, amma artıq gecdir.
O hadisədən sonra Rusiya daima birbaşa və dolayısı ilə ermənilərə qahmar çıxan diplomatını dəyişməli oldu.
Bu hadisəni danışan şəxs qeyd edirdi ki, Fəxrəddin Əliyev harada olursa-olsun, həmişə ölkəsinin, xalqının maraqlarını düşünən vətənpərvər bir şəxsdir.
Bu gün o insan aramızda yoxdur. Allah rəhmət eləsin.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın