Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Buraxılış imtahanlarından KÜTLƏVİ NARAZILIQ

Buraxılış imtahanlarından KÜTLƏVİ NARAZILIQ

Kamran Əsədov: “Müəllimlər kurrikulumu qavraya bilmir”

Əjdər Ağayev: “Nə imtahan götürənlər, nə də onu təşkil edənlər pedaqoqika elmini bilmirlər”

Martın 5-də Dövlət İmtahan Mərkəzi ilk dəfə olaraq Bakı və Sumqayıt şəhərləri, Abşeron, Xızı, Qobustan rayonlarının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirib. Birinci mərhələdə şagirdlərə oxuyub anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 2 mətn əsasında 10 açıq, 10 qapalı, riyazi bacarıqları yoxlamaq üçün 10 açıq, ümumilikdə, iki fənn üzrə 30 test tapşırığı təqdim edilib. Bundan əlavə, şagirdlər birinci mərhələdə təqdim edilmiş mövzu üzrə könüllülük prinsipi əsasında ilk dəfə olaraq inşa (esse) yazıblar.

İmtahanda şagirdlər kurrikulumda öyrəndiklərini ortaya qoyublar. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahan sosial şəbəkələrdə, ictimaiyyətdə narazılıqla qarşılanıb. Narazı tərəfin bildirdiyinə görə 9 il ərzində şagirdlərə qapalı test öyrədilib, imtahan isə açıq testlə aparılıb. Yəni, ənənəvi testdə bir sualın dörd cavabı var və uşaq o cavablardan birini seçir. Orta məktəbdə də bu illər ərzində şagirdlər bu sistemə alışıblar. İmtahanda isə sadəcə, sual qoyulub və variantlar göstərilməyib. Etiraz edənlər deyib ki, heç olmasa 10 sualdan 5-i açıq, 5-i qapalı olmalıydı. Bu arada kurrikulumun səmərəsizliyindən də gileylənənlər olub. Bildirilib ki, 40 ilin pedaqoqları etiraf edir ki, kurrikulumdan heç nə anlamırlar. Dərsliklər kurrikuluma uyğunlaşdırılmayıb. Ona görə də həm müəllimlər, həm də şagirdlər bu məsələdə çətinlik çəkirlər. Qeyd edək ki, 9-cu siniflərin buraxılış imtahanlarının I mərhələsinin nəticələri təxminən bir ay ərzində açıqlanacaq.

İmtahan narazılıq yaratdı…

Təhsil eksperti Kamran Əsədov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, keçirilən imtahan şagirdlərin yazı qabiliyyətinin artırılması, nitq bacarıqlarını formalaşdırılmasına yönəlmiş bir sistemdir:

“Amma yoxlamanın nəticələri gec elan olunacaq ki, bu da əlavə narazılıq və narahatlıq doğurur. Azı iki ay ərzində bu imtahanların nəticələri açıqlanacaq. Buraxılış imtahanlarında aşağı qiymət alanların təhsilini davam etdirməklə bağlı problemləri yarana bilər. Ümumi imtahan nəticələri açıqlanandan sonra 31-dən çox bal toplayan şagird attestat ala biləcək. İki mərhələ cəminə 30 bal məhdudiyyəti tətbiq edilir. Birinci mərhələ üçün 30 baldır, ikinci üçün 70… Ümumilikdə şagird bu imtahanda maksimum 100 bal toplaya bilər”.

Ekspertin sözlərinə görə son günlər nədənsə test üsulunun şagirdlərin şifahi nitqinə mənfi təsiri məsələsinə çox rast gəlinir: “Test təlim metodu deyil, öyrəndiklərini yoxlama üsuludur. Testlə imtahan edilənə və ya testlə summativ qiymətləndirməyə qədər olan vaxt ərzində şagirdlərin şifahi nitqini inkişaf etdirmək üçün kifayət qədər imkanlar var. Müəllim avtoritar yanaşmadan kənara çıxıb, uşaqlara öz fikirlərini azad ifadə etməyə imkan versə, mətnlərin müzakirəsinə lazımi qədər vaxt ayırsa, onlar da bu yöndə əziyyət çəkməz. Məzmun standartlarında şifahi və yazılı təhlillər, debat, fikirlərini müxtəlif yazı formalarında ifadə etmək üçün geniş imkanlar mövcuddur. Şagirdin şifahi nitqi pisdir deyə, üç saatlıq imtahan üsulunun üzərinə günah yıxmaq nə qədərcədə doğrudur? Mən yemək bişirə bilmirəmsə, qazan günahkardır? Əslində kurrikulum çox əladır. Amma bizim müəllimlər hələ də bunu qavraya bilmir. Çünki dərsliklər tam şəkildə kurrikulumun tələblərinə uyğun olaraq yazılmayıb. Əslində bu ali təhsil müəssisələrində tədris olunmalı idi. Bu gün Azərbaycanda müəllimləri hazırlayan universitetlərin heç birində Xəzər Universiteti istisna olmaqla kurrikulum tədris olunmur. Təsəvvür edin ki, orta məktəbə gələn gənc kadrların kurrikulumdan anlayışları yoxdur”.

Ekspert əlavə edib ki, buraxılış ili üçün imtahanları Dövlət İmtahan Mərkəzinin təşkil etməsi heç də məqbul deyil: “Bu kurrikulum əsasında qiymətləndirilmə məktəbdaxili qiymətləndirmə üçündür. Bunun ayrıca buraxılış imtahanları kimi təşkil olunması məqbul hesab olunmur”.

Saman çöpünə əl atırlar ki, boğulmasınlar…

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev isə bildirib ki, imtahanda həm qapalı, həm də açıq testlərdən istifadə olunub. Eyni zamanda şagirdlərə esse də yazdırılıb: “Əvvəla “Kurrikulumun fənnləri” adında pedaqoji anlayış yoxdur. Kim islədirsə, yazırsa, düz deyil. Tədris planında oturan fənlər elə keçilən fənlərdir. Sadəcə, kurrikulum təhsil proqramlarının tədris prosesindəki texnologiyalar və qiymətləndirmə prosesini həyata keçirən sənədlər toplusunun adıdır. Kurrikulum fənləri, kurrikulum tədrisi pedaqoji yanlışlıqlardır.

Azərbaycan dili, Riyaziyyat nə vaxtdan kurrikulum fənni olub? Sadəcə olaraq yeni metod və yanaşmalardan istifadə olunur. Nə imtahan götürənlər, nə də onu təşkil edənlər pedaqogika elmini bilmir. O ki qaldı konkret imtahana, şagirdlər ali məktəbə qəbul olandan sonra yazıb-oxuya bilmirlər, nitqləri zəifdir, yazılı ifadə edə bilmirlər. Bu məktəbdə verilir, müxtəlif inşa, ifadə və esse yazırlar. Ona görə də imtahanda verilir ki, öz fikrini ifadə edə bilir, ya bilmir. Həcm də çox qısa olur. Bu vacibdir. Test tapşırıqları isə yaddaşa söykənir. Necə yadında saxlayırsa, nəticə də elə göstərir. Yəni, imtahan qaydasında gedir, belə olmalıdır”.

Müəllim hazırlayan universitetlərdə kurrikulumun tədris olunmaması məsələsinə toxunan Əjdər Ağayev deyib ki, bu çox yanlış fikirlərdir: “Belə deyənlər məsələdən xəbərsiz olanlardır. Bir kəlmə sözü haradansa götürüb fikir bildirirlər. Bu da dövrümüzdəki məsuliyyətsizliyin artması ilə bağlıdır. Bütün pedaqoji məktəblərdə kurrikulum fənni tədris olunur. Hətta mən o fənnin tədrisinin də əleyhinəyəm. Çünki o fənnin tədrisinə də ehtiyac yoxdur. Ayrı-ayrı fənlərin tədrisində yeni metod texnologiyaları tədris olunursa, deməli, innovasiyadır. Buna baxmayaraq, kurrikulum adlı fənn də var ki, orada standartlar, tədris planı, qiymətləndirmənin yeni formaları öyrədilir.

Ola bilsin ki, onu deyənlər öz uşağının zəifliyini ört-basdır etmək üçündür. Hardansa nəsə saman çöpünə əl atırlar ki, boğulmasınlar. Niyə təkcə yaddaşı yoxlayaq, qabiliyyəti yoxlamayaq. Qabiliyyət yazıda üzə çıxır. Deməli, məktəb onu yaxşı hazırlamayıb. Belə bir təklifim var ki, uşaq lazımi nəticəni verə bilmirsə, bir məktəbdən onun sayı çoxdursa, məktəb məsuliyyət daşımalıdır. Qabiliyyətsiz insan yoxdur. Məktəbdə tədris səviyyəsiz olduğuna görə uşaqlar onu bilmirlər”.

Dövlət İmtahan Mərkəzinin imtahanları təşkil etməsinə gəlincə, ekspert bunu imtahan-imtahan oyunu adlandırıb: “Hələ bu nədir ki? Arada keçirilən sınaq imtahanları, 1-ci və 2-ci siniflər üçün nəzərdə tutulan sınaq imtahanlarının təşkil olunması hamısı artıq şeylərdir. Belə imtahanların hamısını məktəb təşkil etməlidir. İmtahan isə yalnız buraxılışda olmalıdır. Daxildə sınaq imtahanı adından valideynlərdən pul toplayıb imtahan keçirilir, bunlar artıq şeylərdir”.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın