Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Şou Biznes / “Bu uşaqdan uşaq olmayacaqsa, bir üsulla tələf edin” – Azərbaycanda tanınmış şəxsin həkimdən xahişi

“Bu uşaqdan uşaq olmayacaqsa, bir üsulla tələf edin” – Azərbaycanda tanınmış şəxsin həkimdən xahişi

Onlar da hamı kimi doğulduqları ilk dəqiqələrdən həyat uğrunda mübarizə aparırlar. İlk baxışdan insanda ancaq mərhəmət hissi yaradan bu balaca varlıqlar da nə vaxtsa böyük insan olacaqlar. Ovucun içərisinə yerləşən, heç 1 kq çəkisi olmayan körpələr ana bətnindən kənarda yaşamağa hazır olmasalar da, bu möhtəşəm missiyanı inkubatorlar – küvəclər yerinə yetirir. İzolyasiya edilmiş aparatda yerləşdirilən ventilyasiya qurğusu dünyaya gəlməyə tələsmiş bu balacalara nəfəs almaqda kömək edir. Onlara ana qayğısı hava və su kimi lazım olsa da, hələ bir müddət onu qucağa götürməyə, ümumiyyətlə, reanimasiyaya daxil olmağa analara icazə verilmir. Burada çalışan həkim və tibb bacıları bu balaca insanların xüsusi dilini də bilirlər. Məsələn, əgər uşaq yumruğunu düyünləyibsə, əlin üzərində barmaqların ağ sümükləri görünürsə, monitorda hər şey normal görünsə, ağlamasa belə, bu, o deməkdir ki, balaca özünü pis hiss edir.

Reanimasiyada körpə səsi xoşbəxtlikdir…

Bütün bunlarla bağlı bir qədər sonra virtualaz.org saytının K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun reanimasiya şöbəsindən hazırladığı reportajda danışacağıq. Hələlik isə vaxtından əvvəl doğulmanın səbəbləri, müalicəsi, ölüm riski və digər məsələlərlə bir qədər ətraflı danışaq. Xəstəxananın direktoru, Respublikanın baş pediatrı Nəsib Quliyevin sözlərinə görə, bütün dünyada olduğu kimi Azərbaycanda da dünyaya gələn uşaqların 12-15 faizi vaxtından qabaq doğulan uşaqlar təşkil edir.

Vaxtından əvvəl doğulma əsasən ana orqanizminin xüsusiyyətləri, ana olmağa hazır olmamaq, hamiləlik zamanı keçirilən xəstəliklər, o cümlədən, qeysəriyyə əməliyyatları və s. əlaqəli ola bilər. Həkimin sözlərinə görə, normal halda vaxtında  doğulmuş yeni doğulan o uşaqlara deyilir ki, bədən kütləsi 2800 qramdan 4500 qrama kimi olsun və onun bətn daxilində  keçirdiyi hestasiya yaşı – hamiləliyin müddəti 37 həftədən çox olsun. Əgər bu göstəricilərdən biri pozulmuş olursa, uşaq vaxtından qabaq doğulmuş sayılır.

N.Quliyevin sözlərinə görə, əgər uşaqda hər hansı həyat əlaməti (bura əzələlərin cüzi hərəkəti də aiddir) görünürsə, bu diri doğulmuş kimi qiymətləndirilir və çəki 500 qramdan az deyilsə, həkimlər bütün zəruri tədbirləri görərək ona yardım edirlər.

Reanimasiya ilə tanışlıq gözlədiyimiz kimi olmadı. Adətən, yeni doğulanlar haqqında fikirləşərkən ağıla gələn ilk şey körpələrin çığırtısı, səs-səsə verib ağlaşmaları olsa da, burada milçək uçsaydı, səsi eşidilərdi.  Sən demə, vaxtından əvvəl doğulan uşağın tez-tez ağlaması, hətta ümumiyyətlə, ağlaması yaxşı əlamətdir. Reanimasiyada həkimlər körpələrin ağlamağına sevinirlər. Bu o deməkdir ki, uşaq ağlayırsa, deməli gücü var və tezliklə səhhəti normallaşacaq.

Reanimasiya şöbəsinə bütün respublikadan vəziyyəti ağır olan uşaqlar gətirilir. Respublikada olan 7 perinatal mərkəzdən və doğuşa yardım mərkəzlərindən uşaqlar qəbul olunur.Xəstəxananın reanimasiya şöbəsi 65-ə qədər belə dünyaya gəlməyə tələsmiş körpəni qəbul edə bilsə də, hazırda orada 44 uşaq var idi. Şöbə müdiri Solmaz Eyvazovadan öyrəndik ki, səhər vəziyyəti stabilləşən 10 körpə şöbəyə köçürülüb.

Vaxtından əvvəl doğulan uşaqlarda bədənin istilik tənzimi olmadığına görə, onlar xüsusi şüşənin içərisində saxlanılır. Burada orqanizm nəmləndilrir, temperatur stabil saxlanılır, oksigenlə təchizatından, mikroiqlimin yaradılmasından, işıq müalicəsindən istifadə olunur. Küvəclərdə körpələr bir sutkadan 2-3 aya – vəziyyəti stabilləşənə qədər saxlanılır. Uşaqlar narahat olmasın deyə, tibb bacıları küvəcdə qoyulmuş xüsusi yerlərdən balacalarla təmasda olur, bezini dəyişirlər.

Ölüm riskinə gəlincə isə, həkim bildirdi ki, bu uşaqlar arasında həyatını itirmək təhlükəsi, nə qədər tez doğulubsa, bir o qədər çox olur.

Bizi reanimasiyada müşayiət edən N.Quliyevin sözlərinə görə, bəzi ölkələrdə uşaq vaxtından əvvəl ekstremal az çəki ilə doğulursa, onların valideynləri tibbi yardım üçün müraciət edib təkid edirlərsə, valideynlərin vəsaiti hesabına yardım göstərilir. Həm də onlara deyilir ki, onların bəzi üzvlərinin olmaması və əlilliyin olması mümkündür. Azərbaycanda tibb müəssisələri bu baxımdan daha humanistdir, qanuna görə, həmin uşaqlara mütləq yardım göstərilir.

Yeri gəlmişkən, həkimdən yarımçıq doğulan və ölüm riski böyük olan uşaqlara münasibətdə birmənalı yanaşmanın olmamasını da soruşduq. Vaxtından qabaq doğulanları xüsusi şəraitdə saxlayıb böyütməyin tərəfdarları ilə yanaşı, öləcəksə və ya şikəst qalacaqsa, müalicə olunmasın deyənlər də var. Həkim isə bu məsələyə fərqli yanaşır. Onun sözlərinə görə, söhbət insan həyatından gedirsə, burada münasibət həmişə birmənalı olmalıdır və çox məna ola bilməz. Əslində, haqlı idi və razılaşmamaq da mümkün deyildi.

“Şir heç vaxt dovşanı çağırıb deməz ki, gəl balama sən süd ver, mənim vaxtım yoxdur…”

Tibb elmi inkişaf etməmişdən bu uşaqların çoxunun taleyi heç də yaxşı sonluqla bitmirdi. Doğrudur, onda da xalq təbabətinin bir sıra üsulları ilə onların müəyyən qismini qoruyaraq xilas edə bilirdilər. Həkimin sözlərinə görə, tarixən formalaşmış və bu gün də dəyərli olan ənənələr var ki, onlardan istifadə olunmalıdır. Tibbdə “kenquru” deyilən üsul var. Lakin bundan çox əvvəl bizdə ana vaxtından əvvəl doğulan uşağını sinəsinə bağlayaraq bəsləyib. Bundan təbii üsul tapmağın mümkün olmadığını deyən N.Quliyevin sözlərinə görə, bundan başqa pambıq və ya yundan hazırlanmış müşənbəyə bükmək, isti otaqda saxlamaq üsullarından istifadə ediblər.

Onu da öyrəndik ki, oğlan və ya qız uşaqlarının hansının daha çox vaxtından əvvəl doğulması ilə bağlı fikir yoxdur. Çünki yetişməzliyin səbəbi uşağın cinsi ilə əlaqəli deyil. Həkim həm də el arasında yayılan 7 aylıq doğulan uşağın sağ qalması, 8 aylığın isə ölməsi ilə bağlı fikirləri təsdiq etmədi. Həkim bunu cəmiyyətdə yanlış fikirlərlə əlaqələndirir.

“Bəzən deyirlər ki, həkim, uşaq 7 ay yarımlıq doğulub – nə o yanlıqdır, nə də bu yanlıq… Bunun obyektiv əsası yoxdur. Bütün uşaqlara, xüsusən də vaxtından qabaq doğulanların bəslənməsi və müalicəsi üçün dünyada ana südü qədər qiymətli qida və dərman vasitəsi yoxdur. Uşağın sağ qalması həm də bu amildən asılıdır. Hazırda anaların 50 faizi uşağını südlə qidalandırır. Lakin bu çox az hissədir. Əgər uşaq 2 il ana südündən asılıdrısa, biz onu 100 faiz təmin etməliyik. Haqqını pozmaqla onu xəstəlik və ölüm qarşısında qoyuruq. Təbiətdə heç bir heyvan öz balasının haqqını pozmaz. Meşənin padşahı olan şir heç vaxt dovşanı çağırıb deməz ki, gəl balama sən süd ver, mənim vaxtım yoxdur…”

“Bu uşaqdan uşaq olmayacaqsa, aparaq öldürək…”

Xəstəxanaya aylarla ayaq döyən, uşağının başının üstündən getməyən, o sağalmadan boğazından su keçməyən valideynlərlə yanaşı, xəstə olduğuna görə uşağından imtina edənlərə də rast gəlinir. N.Quliyevin sözlərinə görə, ürək ağrıdan haldır ki, həkimə yaxınlaşıb “bu uşaqdan uşaq olmayacaqsa, nəyimə lazımdır. Mən xəstə uşağı istəmirəm. Götürək, aparaq öldürək…”  deyənlər çoxdur. Lakin kütləvi, çoxsaylı imtinalar yoxdur.

“90-cı illərin sonlarında Azərbaycanda çox tanınmış vəzifəli şəxsin nəvəsi ağır xəstəliklə dünyaya gəlmişdi. Baba və nənə mənə yaxınlaşıb dedilər ki, əgər elə üsul varsa, onu tələf edin. Mən bundan dəhşətə gəldim, dedim ki, belə bir addım ata bilmərəm, onu Allah yaradıb və bu ölkənin vətəndaşıdır. Onda onlar uşaqdan imtina etdilər. Lakin iki gündən sonra uşağın atası gəldi və qəti şəkildə ondan imtina etməyəcəyini bildirdi. O, uşağı Almaniyada əməliyyat etdirdi. Bir müddət sonra həmin uşağı babası ilə bir yerdə gördüm. Artıq hər şey düzəlmişdi. Gülə-gülə dedi ki, həkim, bu həmin uşaqdır. Üzərindən 20 il keçməsinə baxmayaraq, hələ də bu hadisə yadımdan çıxmır”.

700 qramlıq dünya çempionu

Xəstəxanada indiyə qədər vaxtından əvvəl doğulmuş ən kiçik uşağın çəkisi 550 qram olub. Həkimin sözlərinə görə, vaxtilə burada 700 qram çəki ilə doğulub müalicə alan uşaq sonradan güləş üzrə dünya çempionu olub.

Reportaj hazırlayarkən öyrəndik ki, xəstəxanaya 2 gün əvvəl vaxtından əvvəl doğulmuş üçəm yerləşdirilib. İntensiv terapiya şöbəsində müalicə alan uşaqların vəziyyətləri yaxşı idi.

22 yaşlı ana Təhminə xanımın sözlərinə görə, bu yaşda üç oğul anası olmaq heç ağlına da gəlməyib:

“Birinci hamiləliyimdir. USM müayinəsindən keçəndə üçəm olduğunu bildik. Çox sevinirəm ki, hər şey normaldır. Çəkiləri 2300, 2000 və 1900 qramdır. Uşaqlara adlar da fikirləşmişik: Həsən, Hüseyn, Yusif”.

Onlarla sağollaşıb şöbədən ayrıldıq. Təəssürat mükəmməl idi. Fotoda adi uşaq kimi görünə bilər, amma əslində körpələr həddindən artıq balaca və cılız idilər. Hətta o qədər balaca ki, əyinlərinə geyindirilmiş ən kiçik uşaq bezi XXL ölçüdə görünürdü.

Artıq 3 yaşında vaxtından qabaq doğulan uşaqlar öz yaşıdlarından, adətən, heç nə ilə fərqlənmirlər. Sadəcə, çəkiləri bir qədər az ola bilər. O da məlumdur ki, belə balacalar arasından gələcəyin güclü idmançıları, rəssamları, siyasətçiləri, hətta dahiləri belə yetişə bilir. Darvin, Volter, Russo, Höte, Vivaldi, Napoleon,  Suvorov… bu siyahını nə qədər desək, uzada bilərik.

Körpə uşaqlar aləminə səyahətimizi beləcə başa vurduq. O qədər təsirli idi ki, göz yaşlarını saxlamaq mümkün deyildi. Gələcəyə getmək, onların qaçan, oynayan, danışan, bağçaya, məktəbə gedən kadrlarını görmək imkanımız yoxdur. Əlimizdən onların həqiqi mənada böyük insan olmaları üçün dua etməkdən başqa heç nə gəlmir. Bütün qəribəliklərində və yaşam uğrunda mübarizələrində bir ədalət var idi. Bəlkə də, onların da bu dünyaya gəlməyə tələsməkdə öz əsaslı səbəbləri var.

Həmçinin oxuyun

“İşğaldan azad olunan torpaqlara ilk ayaq basanda “Qarabağ şikəstəsi”-ni ifa edəcəm”

Bu günkü musiqili qonağı tanınmış ifaçı Şəbnəm Tovuzludur. İfaçı bizimlə söhbətində Qarabağla bağlı arzularından və …

Bir cavab yazın