Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / “Zaur Kamal hər gün yarım saat narkotikdən danışsın”

“Zaur Kamal hər gün yarım saat narkotikdən danışsın”

“Dünyada milyonlarla, ölkəmizdə minlərlə insan narkomaniya adlanan bəladan əziyyət çəkir. Beynəlxalq statistikaya əsasən gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarının yüksələn xətlə artması xüsusi narahatlıq yaradır. Bunun kökünü kəsmək bütün dünya xalqlarının istəyidir. Amma təəssüf ki, bütün cinayət növlərində olduğu kimi, bunun da kökünü birdəfəlik kəsmək qeyri-mümkündür”. 

Bu sözləri Yenisabah.az-a sabiq polis rəisi, ehtiyatda olan polkovnik Şəmsəddin Əliyev deyib. 

Onun sözlərinə görə, narkomaniyanın kökünü ölkədə birdəfəlik kəsmək qeyri-mümkün olsa da, bunu azaltmaq üçün müxtəlif addımlar atılır: 

 “Şüurlu cəmiyyət var olduqca, bu cür cinayətlər də var olacaq. Hətta cəmiyyət dəyişdikcə onun yeni növləri də ortalığa çıxa bilər. Sərhədlər açıldıqdan, dünya ölkələri ilə gediş-gəliş artıqdan sonra narkotiklər də bizim “məişətimizə” daxil oldu. Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı mübarizə həmişə olub, amma bütövlükdə bu bəlanın kökünü kəsmək mümkünsüzdür. 

Azərbaycanda narkotik vasitələrin qanunsuz kultivasiyası var. Bəzən hətta yabanı şəkildə meşələrdə olan talalarda yetişir, ola bilsin ki, onu insanlar özləri əkirlər, düşünürlər ki, tapan olmayacaq və s. Hətta Bakı kəndlərində insanlar həyətlərdə narkotik vasitələri əkirlər. Amma Azərbaycanda kimyəvi narkotik vasitələrin istehsalı yolxdur. Apteklərdə narkotik tərkibli tabletlər satılır, düzdür, amma əczaxanalardan bu dərmanları yalnız həkimin qırmızı möhürlə təsdiqlədiyi reseptlə almaq mümkündür. Amma sirr deyil ki, bəzən apteklərdən bu cür dərmanları reseptsiz də almaq olur. Ötən il bir neçə aptekdə belə əməliyyatlar keçirildi”. 

Hüquqşünas bildirib ki, bu bəlanın qarşısını almaq məsuliyyətini təkcə dövlət orqanlarına yükləmək olmaz. Bunun üçün kompleks yanaşma vacibdir: 

“Bir ara bizdə “patı” adlanan narkotik maddə dəbdə idi. Guya xanımların da arıqlamağı üçün çox gözəl vasitə idi. Hətta Bakıda indi məşhur olan taksi şirkətləri yeni fəaliyyətə başlayanda bir növ narkokuryerlik edirdilər. “Patı”nı aparıb evlərə paylayırdılar. Amma sonralar bu maddələr asılılıq yaratdı və istifadə edənlər bu bəladan qurtula bilmədilər. 

Gömrük bu barədə lazımi addımlar atır. Tez-tez sərhəddən narkotik maddə keçirmək istəyənlərin saxlanıldığını görürük. Amma bu mövzuda işi təkcə dövlət orqanlarının üzərinə atmaq olmaz, biz məsələyə kompleks yanaşmalı, geniş miqyaslı maarifləndirmə işləri aparmalıyıq. Həm mətbuat, həm müəllimlər bu mövzuda maarifləndirmə işləri aparmalıdır. Bizdə narkoloqlar da çox azdır, Tibb Universiteti bu mütəxəssislərin artımına diqqət yetirməlidir. Onlar bu maddələrin orqanizmə təsirini hər kəsdən yaxşı bilirlər və bu mövzuda insanları ətraflı məlumatlandıra bilərlər”. 

Ş.Əliyev bu işdə reytinqli televiziya proqramı aparıcılarının da müəyyən addımlar atmalı olduğunu qeyd edib: 

“Bundan əlavə, düşünürəm ki, telekanallar da bu işə dəstək olmalıdırlar. ARB, ATV, Xəzər telekanallarında məşhur proqramlar var, onların kifayət qədər izləyici kütləsi və reytinqi olduğu üçün bu məsələyə toxunmaları faydalı olacaq. Məsələn, Zaur Kamal hər dəfə efirinin 2 saatının yarım saatını narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı məsələyə həsr edə bilər. Onlar bu mövzu üzrə çox rahatlıqla mütəxəssis tapıb efirə dəvət edə bilərlər. Onların auditoriyası geniş olduğu üçün bu maariflənmə işinə çox kömək olacaq. Nəzərə almaq lazımdır ki, bu, ümumi bəladır. Əgər biz sağlam cəmiyyət istəyiriksə, geniş çeşiddə maarifləndirmə həyata keçirməliyik. 

Bəzən yolların kəsişdiyi yerlərdə böyük reklam monitorları qoyulur. O monitorlarda narkotik maddələrlə bağlı roliklər göstərilməlidir. Həmin ekranlarda göstərilən roliklərdə hansısa maşın qəza törədir və ordan çılpaq bir qız hoppanıb kiminsə qucağında oturur. Bu bizə lazım deyil. Bizə o ekranlarda narkomanın vücudunun nə günə düşdüyünü göstərmək lazımdır”. 

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …