Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Yollar niyə tez dağılır?

Yollar niyə tez dağılır?

Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi avtomobil yolları şəbəkəsinin və yol infrastrukturunun bərpa edilməsi, yeniləşdirilməsi və inkişaf etdirilməsi də var. Bu istiqamətdə hətta bir neçə dövlət proqramları da həyata keçirilib.

Misal üçün, bunlardan biri ölkənin avtomobil yolları və yol infrastrukturu ilə bağlı məsələlərin həll edilməsinə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” proqramdır. Həmin dövrdə rayonlarda avtomobil yolları istismarı idarələrinə verilməsi üçün 70 milyard manat vəsait Nəqliyyat Nazirliyinə ayrılmışdı. Yol-nəqliyyat infrastrukturunun yenilənməsi regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramı çərçivəsində də bir sıra layihələr həyata keçirilib. Bununla belə, yerli əhəmiyyətli (rayonlararası, şəhərdaxili, rayondaxili və kəndlərarası avtomobil yolları) avtomobil yollarının vəziyyəti dinamik sosial-iqtisadi inkişafı və əhalinin tələbatını tam ödəmir. Dəfələrlə dövlət proqramları çərçivəsində yeni yollar tikilsə də, həmin yolların əksəriyyətinin tez bir zamanda dağıldığını, yenidən bərpaya ehtiyac yarandığını görmüşük.  İnfrastruktur layihələri sırasında yol çəkilişinin önəm daşıdığını nəzərə alsaq, bu istiqamətdə daha nə kimi işlər görülməlidir? Çatışmazlıqlar niyə aradan götürülmür?

İqtisadçı-ekspert Eyyub Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, respublikada 18 893 kilometr ümumi yol var: “Bu yolların 4783.9 kilometri respublika əhəmiyyətli, 14 109.1 kilometri yerli əhəmiyyətli yollardır. Respublika əhəmiyyətli yollar beynəlxalq təyinatlı yollardı və bu gün ölkənin coğrafi mövqeyinə əsasən Azərbaycan daha çox nəqliyyat qovşağı və böyük nəqliyyat layihələrini həyata keçirir. Şərq, Qərb və Cənub istiqamətində yerləşən unikal mövqeyimiz bizim yollarımızın daha da təkmilləşdirilməsini tələb edir. Bu yollardan həm də böyük nəqliyyat axınının keçməsi nəzərdə tutulur. O ki qaldı yerli yollara, atalar sözündə deyildiyi kimi, “yol bir mədəniyyətdir”, buna bir əlavə edərdim, yol həm də iqtisadiyyatdır. Bu gün bəzi kəndlər, qəsəbələrarası, rayonlararası yolların daha da az keyfiyyətli olmasını, ya da ümumiyyətlə, keyfiyyətsiz olduğunu müşahidə edirik. Lakin dövlət tərəfindən büdcədən yol infrastrukturunun qurulmasna böyük vəsaitlərin ayrılması faktdır. Kəndlər və qəsəbələrarası yolların iqtisadi inkişafa, regionların iqtisadi inkişafına birbaşa təsir edən amildir. Bu baxımdan, yol infrastrukturu təkmil olanda, inkişaf etmiş olanda bu həm regionların fəaliyyət göstərən fermerlərin, sahibkarların imkanlarını genişləndirir.  Onların şəhərə, digər bazara çıxışlarını asanlaşdırır. Digər tərəfdən də regionlara investisiya qoyuluşu, digər bölgələrdən, sahibkarlıq subyektlərinə investisiya qoyuluşuna müsbət təsirləri olur. Çünki yol infrastrukturunun həm də turizmin inkişafına, bölgənin ümumi inkişafına əhəmiyyətli dərəcədə təsirləri var. Bu gün yol varsa, deməli, həmin kənddə həm sahibkarlıq, həm də turizmin inkişaf etdirilməsi imkanları var. Həm də yerli sahibkarların digər regionlara inteqrasiya və əlaqə imkanları daha da genişlənib. Sözsüz ki, yerlərdə fermerlərin fəaliyyətinə müsbət təsir göstərir. Həmin qəsəbədə yerləşən sakinlərin kommunikasiya imkanlarını genişləndirir. Bu da öz növbəsində regionların sosial-iqtisadi inkişafına çox müsbət təsir göstərir”.

Ekspert əlavə edib ki, yolların çəkilməsində keyfiyyətin təmin edilməsi əsas məsələlərdən biridir: “Çünki bu, dövlət büdcəsindən ayrılan vəsaitdir. Burada nəzarət mexanizmlərinin təkmilləşməsinə böyük ehtiyac var. Eyni zamanda yaxşı olardı ki, əvvəldən qəsəbələrarası yerli yolların çəkilməsi zamanı zolaqların olmasına geniş yer ayrılsın. Çünki getdikcə iqtisadiyyat, regionlarımz inkişaf edir və gələcəkdə təkrarən zolaqların artırılmasına ehtiyac qalmasın. Yəni regionlara çəkilən yollar əvvəldən daha geniş zolaqla layihələndirilsin. Bu həm də həmin bölgənin gələcəkdə inkişafına çox böyük təsir göstərə bilir”.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …