Cümə , Oktyabr 23 2020
Ana səhifə / Sosial / Vasif İmanov villalarının birini satsa… – İTTİHAM

Vasif İmanov villalarının birini satsa… – İTTİHAM

Bu günlərdə Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Kamil Rzayev küçəsi, yeni sahə ünvanında yerləşən dənizkənarı bağ sahəsində məskunlaşmış Şaharovlar və digərilərinin ailələrinin problemi Kamil Zeynallı tərəfindən sosial şəbəkədə ictimailəşdiriləndən sonra Pirallahı Rayon İcra Hakimiyyəti ünvanına səslənən ittihamlara cavab verib və KİV çox böyük coşqu ilə bu informasiyanı dərcetmə, manşetə çıxarma yarışına qoşulub.

Xatırladaq ki, balaca evdə 6 nəfər yaşayan ailəyə ev tikmək istəyən Kamil Zeynallıya icra hakimiyyətindən bildirilib ki, sözügedən ailənin yaşadığı ərazi plana düşür və orada ev tikilə bilməz. K. Zeynallı iddia edir ki, ev üçün icra hakimiyyətindən 2 sot torpaq istəsə də, mənfi cavab alıb. Kamilin sözlərinə görə, onu Pirallahıya kasıb ailələrə kömək məqsədi ilə gətirən İnci adlı xanıma da icra hakimiyyəti tərəfindən təzyiq göstərilib.

RİH-nin açıqlamasında isə ailənin gəlir mənbələri sadalanır: Şaharovlar ailəsinin 2 üzvü cənab İlham Əliyevin göstərişi ilə yaradılmış “Dost iş mərkəzi” MMC-də dalandar kimi işlə təmin ediliblər və onların dövlət tərəfindən verilən aylıq məvacibi ümumilkdə 482 azn təşkil edir. Bundan əlavə digər müavinətlər hesabına ailənin büdcəsinə daha 450 azn daxil olur. Ümumilikdə ailənin aylıq gəliri 932 azn təşkil edir.

Açıqlamada qeyd olunur ki, guya özünü xeyriyyəçi kimi qələmə verən Kamil Zeynallı yaranmış vəziyyətdən sui istifadə edərək, sadəlövh insanlara məqsədyönlü şəkildə psixoloji təsir göstərərək, digər şəxslərin maliyyə vəsaiti hesabına edilmiş cuzi yardım qarşılığında vətəndaşları yerli icra hakimiyyəti orqanlarına qarşı qaldıraraq onların işgüzar fəaliyyətinə kölgə salmaq istəyir. Pirallahı rayon İcra Hakimiyyəti vətəndaşlara müraciət edib ki, bu cür populist fikirli hərəkətlərə aldanmasınlar. Arxayın olsunlar ki, dövlət hər zaman hər bir vətəndaşının yanındadır.

Bəli, dövlət də vətəndaşların yanındadır, dövlət başçısı cənab İlham Əliyev də, Kamil Zeynallı kimi qeyrətli Vətən oğulları da. Sual olunur: Bəs Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı cənab Vasif İmanov hardadır, kimin yanındadır?

Qeyd edək ki, icra başçılarının maaşları Prezident İlham Əliyevin 2018-ci ilin 13 martında imzaladığı sərəncamla müəyyən olunur. Şəhər və rayonlar üzrə icra başçılarının maaşları əhali sayına uyğun olaraq təyin edilir. Əhalisi 50 min nəfərədək olan Pirallahı RİH başçısının maaşı 880 manatdır. Vasif İmanovun vəzifəsi dövlətin öz vətəndaşlarına qayğılı münasibətini onlara ötürməkdən ibarətdir, vəssalam . Bu vəzifəni qüsursuz yerinə yetirmək qarşılığında Vasif İmanov dövlətdən göstərdiyimiz kimi, 880 manat məvacib alır. Haqlı olaraq belə bir sual meydana çıxır: İmanovun aylıq qazancı Şaharovlar ailəsinin aylıq gəlirindən 52 manat (932-880) az olduğu halda necə olur ki, Şabranın ecazkar kəndlərindən biri olan Gilavarda qudasının qonşuluğunda (Kilvar) və müxtəlif bölgələrdə dəyəri 5 milyon manat olan villalara sahib olur? (Gələn sayımızda bu villaların şəkillərini dərc edəcəyik) Həmin villanın birini satsa, əldə olunan vəsaitlə minlərlə acın qarnını doyurmaq, yüzlərlə xəstəni müalicə etdirmək, onlarla vətəndaşı mənzillə təmin etmək olar.



Xatırladaq ki, cənab İlham Əliyev təkcə keçən il 3 dəfə – mayın 16-da, iyulun 5-də, avqustun 7-də Pirallahı rayonunda olmuş, bir sıra müəssisələrin, sosial obyektlərin açılışını etmişdir. Təbii ki, dövlət başçısının bütün səfərlərində Vasif İmanov prezidentə rayonda görülən işlər, o cümlədən, insanların rifahı naminə həyata keçirilən tədbirlər barədə məruzələr etmişdir.

İndi – koronavirus epidemiası təhlükəsi qarşısında dövlət başçısı özü xeyriyyəçi şəxsləri insanlara kömək etməyə çağırdığı bir vaxtda Vasif İmanov kimi “ada padşahları”nın xeyirxah təşəbbüslərə qarşı çıxması anti-humanist hərəkətlər kimi dəyərləndirilməlidir.

Prezident imkansız ailələrə yardım edənlərdən danışdı: “Bu, məni hədsiz sevindirir”

“Həssas təbəqənin qorunması – hesab edirəm ki, indiki şəraitdə ən vacib məsələdir. Biz onlara sahib çıxmalıyıq, onlara dəstək verməliyik, onlara kömək göstərməliyik”.
BAKU.WS xəbər verir ki, bunu Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan xalqının əsrlər boyu yaşatdığı bu gözəl xüsusiyyətləri bu gün bütün xalqımız nümayiş etdirməlidir və nümayiş etdirir:
“Biznes dairələri öz təşəbbüsləri ilə imkansız adamlara kömək göstərirlər və mən bunu alqışlayıram. Bu, biznesin sosial məsuliyyətinin təzahürüdür. Kimin nəyə gücü, imkanı çatırsa, kimsəsiz insanlara, ahıl insanlara, həssas təbəqədən olan insanlara kömək göstərin.
Əlbəttə ki, dövlət öz üzərinə bu funksiyanı götürüb, bunu edir və edəcək. Ancaq biznes dairələrinin bu şəraitdə bu işlərə qoşulması və ayrı-ayrı insanların öz təşəbbüsü ilə ehtiyacı olan insanların yanında olması məni hədsiz sevindirir, onlara öz təşəkkürümü bildirmək istəyirəm.
Yerli icra orqanları şərait yaratmalıdır ki, onlar bu yardımı daha böyük həcmdə etsinlər. O ki qaldı, həssas təbəqədən olan tələbələrə, 17 min tələbənin ödənişi dövlət tərəfindən təmin ediləcək. Bu, çox gözəl addımdır və buna da tam nəzarət olmalıdır ki, heç kim bu proqramdan kənarda qalmasın”.

Mövzunu davam etdirəcəyik (Heqiqetcarçısı.az)

Həmçinin oxuyun

Suqovuşan və Talışa çəkilən yolların tikintisindən – Fotolar

Xəbər verdiyimiz kimi, işğaldan azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının …