Çərşənbə axşamı , May 21 2024
Ana səhifə / Sosial / SOCAR Təhlükəsizlik İdarəsinin işçiləri imtahana etiraz edir

SOCAR Təhlükəsizlik İdarəsinin işçiləri imtahana etiraz edir

“Vəziyyət o yerə çatıb ki, ailələrimizin problemləri ilə maraqlanmağa vaxtımız qalmır”

SOCAR Təhlükəsizlik İdarəsinin bir qrup işçisi toplaşaraq idarə tərəfindən keçirilən imtahanlara etiraz edib. Bu barədə Meydan TV-yə işçilər məlumat veriblər. Onlar bildiriblər ki, bir neçə gün əvvəl bir yerə yığılaraq problemlərindən danışıblar. Adının açıqlanmasını istəməyən işçilərdən biri deyib ki, məzuniyyətdə olanları da imtahana çağırılıblar.

“Biz- kollektivin əsas hissəsi imtahana etiraz edirik, ləğvini istəyirik. İstirahət edən işçini imtahana, üzgüçülüyə çağırırlar. Vəziyyət o yerə çatıb ki, ailələrimizin problemləri ilə maraqlanmağa vaxtımız qalmır, daim gərginik”,- narazı işçi deyib.

İşçilər bildiriblər ki, xüsusilə rayondan gələnlər yollarda qalıblar. İmtahanın əsas məqsədi işçilərin sayını azaltmaqdır. İmtahanlardan az bal toplayanlar quruda işə göndərilirlər. Bal toplaya bilməyənlər isə ümumiyyətlə işsiz qalacaqlar. Bu isə illərini neft sahəsinə həsr edənlərin ac qalması deməkdir. Çoxu kredit götürüb, bəzilərinin isə təqaüd yaşına az qalıb.

Foto: screenshot

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı deyib ki, o da işçilər kimi Əmək Məcəlləsinin 70-71-77-78-79 və 80-ci maddələrinin pozulmasına etiraz edir. Qəhrəmanlı bildirib ki, 2020-2021-ci ildə də keçirilən imtahanlara əsasən çoxlu sayda işçi ixtisar olunub. Həmin şəxslərin içində Qarabağ qaziləri də var.

Hüquq müdafiəçisi deyib ki, digər idarədə işləyənlər tərəfindən də şikayətlər daxil olur.

“Azəriqaz” İstehsalat Birliyinin eyni şöbədə işləyən 2 işçisi tarif maaşının dərəcəsinin ayrılması üçün imtahanda iştirak edib. İkisi də eyni balı toplayıb. Amma 20 il stajı olan qadının deyil, digər şəxsin tarif dərəcəsi artırılıb.

Mirvari Qəhrəmanlı. Foto: Gülzar Məmmədli

“Azəriqaz”dan verilən cavabda bildirilib ki, Birliyin İdarəetmə Aparatının müvafiq struktur bölməsində yaranmış vakant yer üzrə eyni dərəcəli mütəxəssislərin hər ikisinin namizədliyinə birlikdə baxılıb. Onların hər ikisi kvalifikasiya tələblərini (təhsil və iş stajı baxımından) ödədikləri üçün biliklərin yoxlanılması imtahanına cəlb edilib:

“Əməkdaşlarımızın hər ikisi 20 bal toplayıb. Vakant yer sayı bir vahid, namizəd sayı iki nəfər olduğu üçün işəgötürən Əmək Məcəlləsinin 156. 3-cü hissəsi ilə ona verilmiş hüquqlarından istifadə edərək mülahizəsinə əsasən əməkdaşların birinə birinci növbədə növbəti əməyin ödənilməsi dərəcəsini verib, digər əməkdaş isə Kadr Ehtiyatı Bazasına daxil edilib. Kadr Ehtiyatı Bazasına daxil edilmiş namizədlərin imtahan tarixindən etibarən bir il müddətində həmin struktur bölmədə vakant yer yarandıqca növbəlilik əsasında yerləşdirilməsi təmin edilir. Həmin struktur bölmədə bu dövrdə daha bir vakant yerin yaranması gözlənilir. Həmin yer yarandıqda digər əməkdaşa növbəti əməyin ödənilməsi dərəcəsinin verilməsi təmin olunacaq”.

Həmçinin oxuyun

Rusiyadan 50 qəpiyə alınan buğda unu marketlərdə 1 manat 71 qəpiyə satılır – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində Azərbaycana xaricdən ümumi dəyəri 2 milyon 29,9 min dollar …