Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / “Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada yaşamaqdan bezib.

Kəlbəcərə qayıtmaq istədiyini deyən Sadiq Məmmədovun sözlərinə görə, onun adını birinci qayıdış siyahısına salmırlar.

“31 ildir yataqxanada, acınacaqlı şəraitdə ömür sürürük”

Sadiq Məmmədov

“Biz kəndimizi tərk etmək məcburiyyətində qalanda 14 yaşım vardı. O vaxtdan Gəncədə hərbi şəhərcikdəki yataqxanada məskunlaşmışdıq. Bu yataqxanadakılar əsasən kəlbəcərli məcburi köçkünlərdir. 31 ildir ki, şəratsiz vəziyyətdə birtəhər ömür sürürük. Adi qaz yoxdur. Yataqxana özü də pis vəziyyətdədir. Divarlar uçulub-tökülür, çirkab su zirzəmiyə axır, antisanitariya hökm sürür. Hazırda iki azyaşlı övladım da daxil olmaqla, ailəmlə belə vəziyyətdə yaşayırıq”, – 46 yaşlı Sadiq Məmmədov Meydan TV-yə danışır.

“Birinci qayıdışda ağır şəraitdə olanlara üstünlük verilməlidir”

Onun sözlərinə görə, mayda Kəlbəcərə birinci qayıdış nəzərdə tutulub. O, eləcə də yataqxanadakı digər məcburi köçkünlər birinci növbədə qayıdacaq şəxslərin siyahısına onların da adının salınmasını istəyir.

Bunun üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, Kəlbəcər rayon İcra Hakimiyyətinə və başqa dövlət orqanlarına müraciət ediblər. Lakin adlarını siyahıya salmayıblar:

“Nə vaxtdır müraciət eləmişəm. Ancaq onu deyirlər ki, qayıdış vaxtı nəzərə alınacaq. Birinci qayıdış siyahısına adımızı salmayıblar. Kimləri aparacaqlarsa, onlara zəng eləyiblər, hazırlaşırlar. Bizimlə bağlı heç bir məlumat yoxdur. Birinci qayıdış siyahısında elə adamların adları var ki, bir neçə yerdə mənzili, villası var. Niyə araşdırmırlar ki, kimin qayıtmağa daha çox ehtiyacı var? Əlbəttə, o torpaqlar hamımızındır və hər bir kəlbəcərlinin haqqıdır ora qayıtmaq. Amma baxmaq lazımdır ki, kim daha ağır vəziyyətdədirsə, növbə məsələsində onlara üstünlük verilməlidir”.

“Şəhid ailəsiyəm, bu vəziyyətdən qurtulmaq istəyirik”

Həmin yataqxanada yaşayan başqa bir kəlbəcərli məcburi köçkün Tahir Muxtarovun da şikayəti eynidir.

Deyir ki, nimdaş yataqxanada acınacaqlı vəziyyətdə yaşayırlar.

Şəhid ailəsi olduğunu, qardaşı Mayıl Muxtarovun Qarabağ döyüşlərində həlak olduğunu deyən Tahir Muxtarov da birinci qayıdış siyahısına adının salınmasını istəyir.

Tahir Muxtarov

“Qaz yoxdur deyə, otağı elektrik sobasıyla isitmək məcburiyyətindəyik. Yeməyi də elektriklə bişiririk. Nəticədə işıq limitini tez keçirik, baha olur. İşıqpulunu ödəməkdə çətinlik çəkirik. Ona görə otaqları lazımi qaydada isitmək də olmur. Biz bu vəziyyətdən qurtulmaq istəyirik. Siyahını tərtib edəndə bunları nəzərə alsınlar”, – Tahir Muxtarov bildirib.

“Kəlbəcərin istənilən yerinə qayıtmaq istəyirəm”

Sadiq Məmmədov telefon təmiri ilə məşğul olur. Deyir ki, Kəlbəcərə qayıdandan sonra eyni işlə məşğul olub, ailəsini dolandırmaq niyyətindədir:

“Orada bərbərə də, dərziyə də, telefon təmirilə məşğul olan ustaya da… müxtəlif peşə sahiblərinə ehtiyac olacaq. Mən dövlətə yük olmaq istəmirəm. Vergi ödəyicisiyəm, orada da eyni qaydada işimi davam etdirmək istəyirəm. Məni öz yurd-yuvama – Kəlbəcərə qaytarsınlar, bəsimdir. Vacib deyil ki, Ağdaban kəndi olsun. Hələlik Kəlbəcərin istənilən yerinə qayıtmaq istəyirəm”.

“Qaçqınkom” nə deyir?

Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, Sadiq Məmmədovun qayıdışla bağlı müraciətinə Komitənin tərkibində fəaliyyət göstərən komissiyada baxılıb.

“Ölkə rəhbərliyinin tapşırığına əsasən, məcburi köçkünlər işğaldan azad edilmiş azad olunmuş ərazilərdə, qeydiyyatda olduqları şəhər və rayonlar üzrə onlar üçün mərhələli şəkildə tikiləcək yeni evlərlə təmin olunacaqlar. Köçürmə prosesi zamanı müraciətə mövcud qaydalar əsasında baxılacaq”, – komissiyanın sədri Eldar Zeynalovun cavabı belə olub.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …