“Hazırda “907-ci düzəliş” formal olaraq mövcuddur”
Elşən Mustafayev: “İstənilən halda, Tramp tərəfindən bu addım atıla bilər”
Azərbaycanın əhəmiyyəti Rusiya və İranla həmsərhəd, eləcə də iri neft və qaz istehsalçısı olan bir ölkənin strateji və coğrafi mövqeyinə əsaslanır. Bu sözlər “Dağlarda ölüm. Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” kitabının müəllifi Raul Louri Kontrerasın İsrailin nüfuzlu “Jerusalem Post” nəşrindəki məqaləsində yer alıb.
Müəllif Azərbaycanın mürəkkəb regionda ABŞ-ın aparıcı tərəfdaşı olduğunu qeyd edib. Məqalədə ABŞ Konqresinin Azərbaycana qarşı tətbiq etdiyi iqtisadi yardımın dayandırılması barədə “907-ci düzəliş”in ləğv olunmasının vacibliyi qeyd olunub.
Müəllif yazır ki, bundan əvvəl ABŞ prezidentləri Corc Buş və Barak Obama Konqresin onlara verdiyi bu düzəlişin fəaliyyətini dondurmaq səlahiyyətindən istifadə ediblər. R.L.Kontrerasın fikrincə, yeni prezident Donald Tramp da bu səlahiyyətdən istifadə etməlidir: “Respublikaçılar üçün daha doğru qərar bu düzəlişi tamamilə ləğv etmək olardı. Bu yolla Azərbaycanın özünümüdafiəsi üçün daha çox yardım təmin etmək olar. İndi Azərbaycan nağd vəsait ödəməklə Rusiyadan silah alır”.
Trampın bu düzəlişi ləğv etməsi mümkündürmü?
Ekspert Elşən Mustafayev qəzetimizə bildirdi ki, “907-ci düzəliş” 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək” Aktına qəbul edilən və Azərbaycana ABŞ-ın birbaşa dövlət yardımını yasaqlayan sənəddir: “Düzəliş ilk dəfə 1992-ci ildə Azərbaycan tərəfindən Ermənistanın blokadasını dayandırmaq məqsədilə ermənipərəst senator Con Makkeyn tərəfindən təklif edilsə də, ancaq daha sonra naməlum səbəblərə görə geri qaytarılıb.
Bundan sonra, yenidən, senator Con Kerrinin və erməni lobbi təşkilatlarının dəstəyi ilə konqressmen Ueyn Ouens tərəfindən Konqresdə irəli sürülüb.
Senator Riçard Luqar düzəlişin qəbul edilməsinin əleyhinə çıxış edib. Buna baxmayaraq, düzəliş erməni lobbi təşkilatlarının güclü təzyiqi nəticəsində Konqres tərəfindən qəbul edilib.
2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi Prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verib.
Trampın prezidentliyi dövründə Azərbaycan-ABŞ əlaqələri daha çox inkişaf edə bilər. Bilirsiniz ki, Donald Trampın yəhudi lobbisi ilə sıx əlaqələri mövcuddur. Azərbaycanın da yəhudi lobbisi ilə ənənəvi yaxşı münasibətləri var. Eyni zamanda Tramp administrasiyasının enerji kampaniyalarına marağı böyükdür. Bu amillər ABŞ-Azərbaycan münasibətlərinin inkişafı üçün töhfə ola bilər. Hazırda “907-ci düzəliş” sənədi o qədər də aktual deyil. Çünki bu sənədin Azərbaycana qarşı olan mənfi məqamları aradan qaldırılıb. Hazırda “907-ci düzəliş” formal olaraq mövcuddur. İstənilən halda, Tramp tərəfindən bu addım atıla bilər. Son proseslər də göstərir ki, Tramp ABŞ-dakı erməni lobbisinin maraqlarını o qədər də nəzərə almır”.
Məhəmmədəli QƏRİBLİ