Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Tahir Kərimli: “Narkotik qəbulundan sonra qətlə meyil yaranır”

Tahir Kərimli: “Narkotik qəbulundan sonra qətlə meyil yaranır”

“Narkomaniyanın yayılması məni hədsiz dərəcədə narahat edir. Ölkədə narkomaniyanın sürətlə, həndəsi silsilə artmasını milli təhlükəsizlik üçün təhdid hesab edirəm”.

Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib.

O, narkomaniyaya qarşı mübarizədə dövlət proqramının hazırlanmasını təklif edib: “Proqramda həm xaricdən, həm də daxildən olan təhdidlərə mübarizə üsulları ortaya qoyulmalıdır. Böyük dövlətlər Azərbaycan cəmiyyətinin gələcəyini əlindən almaq istəyirlər. Bu, təkcə pulla bağlı deyil. Narkomaniya övladlarımızın sağlam böyüməsini sual altına qoyur.

Bəzi qüvvələr Azərbaycan dövlətinin inkişafını, elmi, mədəni mühitin olmasını istəmirlər. Hazırlanacaq proqramda daxili problemlər də əksini tapmalıdır. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməli, narkotik təbliğatı ilə məşğul olanların ciddi cəzalandırılması əksini tapmalıdır. Valideynlər övladlarını narkotikdən istifadəyə həvəsləndirdiyinə və ya qarşısını almadığına, lazımi tərbiyə vermədiyinə görə məsuliyyətə cəlb edilməlidirlər. Sovet dövründə binaların arasında uşaqların oynaması üçün meydançalar var idi. İdman insanların narkotikdən uzaq olması üçün ən yaxşı vasitədir. Pul qazanmaq istəyi o qədər yüksək oldu ki, bütün meydançaları, hətta stadionları belə, ləğv edib, binalar tikdilər.

Tələb qoyulmalıdır ki, binaların arasında meydançalar olsun. İdman zalları hədsiz dərəcədə bahadır, kasıblar məşq edə bilmirlər. Bu zallarda məşq etmək kasıblar, o cümlədən şəhid və qazi övladları üçün ödənişsiz olmalıdır. Video-roliklər hazırlanmalıdır, valideynlərlə danışıqlar, məktəblərdə maarifləndirmə işləri aparılmalıdır.

Sovet dövründə məktəblərdə şagird komitələri var idi, siqaret çəkənlərlə söhbətlər aparılırdı. İndi də o komitələr bərpa olunmalıdır ki, şagirdlər məktəb yoldaşlarını düz yola çəksinlər. Cəmiyyətin sağlamlaşdırılması üçün hamımız mübarizə aparmalıyıq, gələcəyimizi xilas etməliyik. Uşaqlar yazıqdırlar, narkotikdən bircə dəfə istifadə etdikdən sonra aludə olurlar, sümük ağrıları olur, yatmaq arzulayırlar, insan öldürməyə belə, meyil yaranır. Artıq bunu gizlətmək mümkün deyil, çox ciddi təhdid və bəladır, gələcəyimizə vurulan baltadır, mübarizə aparmalıyıq”. Pravda.az

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …